19 Noyabr 2022 18:26
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Frankofoniya Təşkilatının Tunisin Cerba şəhərində keçirilən Zirvə Görüşü çərçivəsində noyabrın 18-də baş tutan nazirlər iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təxribat xarakterli və sözügedən qurumun üzvlərinin guya Azərbaycana qarşı mövqe tutmaları ilə bağlı təhriflərlə dolu bəyanat səsləndirib.

Bu barədə Teleqraf.com-a Azərbaycan XİN-dən bildirilib.

Məlumata görə, Zirvə görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyi ilə sammitin yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək üzv dövlətlərin müzakirəsinə təqdim olunub. Lakin sənəd layihələrinin müzakirəsi mərhələsində bir neçə üzv dövlətin müdaxiləsi nəticəsində ölkəyə qarşı sözügedən ifadələr mətnlərdən çıxarılaraq layihələrdə Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib. Bununla belə, sənədin yekun layihəsində hələ də qurumun mandatına aid olmayan və Ermənistanın siyasi təbliğat vasitələrinə təhrik imkanı verən müəyyən elementlər qalmaqdadır.

Vurğulanıb ki, sənədlərin razılaşdırılması prosesi çərçivəsində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu müddəalara etiraz edən ölkələrə qarşı Fransa tərəfindən əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb. Bu təzyiqlərə baxmayaraq, noyabrın 18-də keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərin nazirlər iclası zamanı bəzi üzv dövlətlər bir daha söz götürərək qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan edib. Bununla belə, etirazlara məhəl qoyulmadan, qərar qəbuletmə prosedurları pozularaq və üzv dövlətlərin mövqeləri nəzərə alınmadan sənəd layihəsinin Zirvə görüşünə təqdim edilməsi üçün təsdiqləndiyi bildirilib. Bu məqamda qərara etiraz edən nümayəndələr konfrans zalını tərk ediblər.

Qeyd olunub ki, beynəlxalq çoxtərəfli platformalarda presedenti olmayan bu kimi addımların atılması və prosedur qaydalarının kobud şəkildə pozulması bir daha Beynəlxalq Frankofoniya Təşkilatının Fransanın digər dövlətlərə təzyiq etmək üçün siyasi aləti olduğunu nümayiş etdirib və bu, şübhəsiz ki, bir mədəniyyət profilli qurum olaraq onun nüfuzuna ciddi xələl gətirəcək. Azərbaycanın üzv və müşahidəçi olmadığı, əsas məqsədi fransız dili və mədəniyyətinin dünya miqyasında təbliği olan və Fransanın təsiri altında idarə olunan bir qurumun öz mandatına aid olmayan məsələlərin müzakirəsi və siyasi qərəzli məqsədlər üçün sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir. Rəsmi Bakı Fransanın bu cür pozucu fəaliyyəti nəticəsində Frankofoniya üzv dövlətlərinin Zirvə görüşündə qəbul ediləcək sənədləri siyasi cəhətdən qərəzli və əhəmiyyətsiz hesab edir. Azərbaycan tərəfi sözügedən Zivə görüşünün sənədlərinin müzakirəsi prosesində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmiş bütün dövlətlərə öz təşəkkürünü bildirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər