Artıq ATƏT-in Minsk Qrupu tarixin acı arxivinə göndərilib. 30 il birbaşa məsuliyyət daşıdığı Qarabağ məsələsində Minsk Qrupu heç bir müsbət irəliləyişə nail ola bilmədi. Sadəcə olaraq bu 30 ilə yaxın dönəmdə Ermənistanın işğal siyasətinə, status-kvo vəziyyətinin qalmasına çalışıb. Həmsədrlərin bölgəyə səfəri sadəcə olaraq turist xarakter daşıyıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O hesab edir ki, II Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev Minsk Qrupuna layiq olduğu ünvanı göndərib və bundan sonra təşkilatın heç bir halda prosesdə yer almayacağı açıqlanıb: "ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi “ABŞ-ın Qafqazdakı siyasətinin qiymətləndirilməsi” mövzusunda müzakirələr zamanı açıqlaması da bu reallığı bir daha təsdiq edir. Artıq həmsədrlərdən biri olan dövlət ATƏT-in Minsk Qrupunun üzvü olmadığını etiraf edib. Minsk Qrupu mexanizmi artıq işləmir. Çünki ABŞ Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində iki ölkə ilə birbaşa təmas yolu ilə iştirak edir. Azərbaycan bəyan edib ki, Minsk Qrupu ilə işləməyəcək. Ona görə də, bundan sonra Minsk Qrupu ilə bağlı məsələlər bir daha gündəmə gətirilməməli və təşkilatın mandata konsensus yolu ilə son qoyulmalıdır".
Deputat bildirib ki, Ermənistan tərəfi hər addımbaşı sülh danışıqlarının Minsk Qrupu çərçivəsində davam etdirilməsinə dair çağırışlarına baxmayaraq, artıq keçmiş həmsədr ölkələrin özləri də bunun əhəmiyyətsiz olduğunu vurğulayır: "Bunu anlamayan yalnız Ermnistandır. Amma ölü qurumdan hələ də əl çəkməyən ermənilər “həmsədr” adlandırdıqları Rikerin bu açıqlamasından nəticə çıxarmalıdır. Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dili ilə Minsk Qrupunda iştirak etməyin mümkünsüzlüyünü bildirilmişdi. Bu baxımdan da nəhayət Ermənistanın lazımsız bir qurum üzərindən sabotaj etməsi heç bir əhəmiyyət kəsb etmir. Gec-tez onlar bu reallığı qəbul edəcəklər".