23 Noyabr 2022 09:53
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Ermənistanın baş naziri ilin sonuna kimi Azərbaycanla çərçivə sülh sazişinin imzalanma ehtimalından danışıb. Azərbaycanla Ermənistan arasında sülh müstəvisində gedən danışıqlar indi hansı səviyyədədir?

- Azərbaycanın Ermənistanda hüquqi baxımdan bizə məxsus olan əraziləri var. Bunlar Naxçıvanın Kərki, Qazağın isə 7 kəndidir. Ermənistan bu kəndləri qaytarmalıdır. Eyni zamanda Ermənistanın da iddiaları var ki, Azərbaycan ordusu onların ərazisinə daxil olub. Hətta bununla bağlı Ermənistanın əvəzinə Fransa və Amerikadan Azərbaycana daha çox təzyiqlər edildi. Biz heç nədən demirdik ki, bu güclər Ermənistandan bölgəni qarışdırmaq məsqsədilə uzun qulplu çömçə kimi istifadə edir. Çünki onların məqsədi odur ki, Ermənistan kimi ölkələrdən istifadə edərək Yaxın Şərqdəki vəziyyəti qəlizləşdirsinlər.

- Azərbaycanın bu məsələdə əsas şərtləri nədən ibarətdir?

- Azərbaycan Ermənistan ərazisinə iddia etmir. Bizim əsas istəyimiz odur ki, ərazi bütövlüyümüz tanınsın. Eyni zamanda ermənilərin birdəfəlik olaraq Qarabağ xülyasından əl çəkməsi də başlıca şərt kimi qarşıya qoyulur. Bununla yanaşı Azərbaycan hələ də erməni işğalında olan ərazilərin geri qaytarılmasını başlıca prinsip kimi irəli sürür. Bu, mahiyyət etibarı ilə tam aydın ola bir məsələdir.

- İndiki halda Qarabağ mövzusunu gündəmdə saxlayanlar kimlərdir? Bu məsələnin dövriyyədə qalması daha çox kimlərə sərf edir?

- Ermənistanın artıq Qarabağa iddia etməyə nə maddi, nə də ki, siyasi gücü yoxdur. Amma Qarabağın “statusu”, Qarabağ ermənilərinin taleyi məsələsindən süi-istifadə cəhdləri var. Bu məsələdə öz xeyrinə yararlanmağa çalışan Rusiya və Fransa, nisbətən də ABŞ-dır. Onlar çalışırlar ki, bu amil gündəlikdə qalsın. Onlar da guya vasitəçi kimi hümanitar məsələləri əsas gətirərək zavallı erməni xalqının taleyi ilə bağlı moizələr oxumağa başlasınlar. Amma bütün hallarda onları düşündürən Qarabağ ermənilərinin taleyi deyil. Onları maraqladıran cəhət bölgəyə, bu regionda olan dövlətlərə təsir imkanlarını əllərində saxlamaq niyyətidir.

- “Status” və “insan haqları” məsələsini daha çox kimlər manipulyasiya edir?

- Milli azlıqların müqəddəratı məsələsi qaldırılsa Rusiya ilə bağlı tamam başqa mənzərə ortaya çıxar bilər. Çünki Rusiyanın vaxtilə çeçenlərə, indi isə ukraynalılara olan münasibəti bu məsələdə əks arqumentləri daha da gücləndirdi. Fakt odur ki, insan haqqları Rusiyanı qətiyyən maraqlandırmır.

- Bəs sizcə proses necə yekunlaşacaq? Sülh danışıqlarının da 30 il davam etməsi yəqin ki, ehtimal edilmir...

- İndi prosesdən yeganə çıxış yolu Azərbaycan və Ermənistan hökumətlərinin ümumi dil tapmasıdır. Əgər buna nail olsalar, ortaq maraqlar müəyyənləşsə, razılaşma mümkün olacaq. Bununla da bəzi xarici qüvvələrin bölgəyə təsir imkanları da sıfıra enmiş olacaq. Bunun üçün də Ermənistan hakimiyyətinə siyasi iradə, bəsirət lazımdır.

- Rusiya Prezidenti Vladimir Putinin İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında iştirak etmək üçün İrəvana səfəri gözlənilir. Bu səfərin Ermənistan üçün ümidverici tərəfləri nədən ibarətdir?

- Reanimasiyada olan KTMT-ni dirçəltmək mümkün olmayacaq. Eyni zamanda Paşinyanın hər məsələdə KTMT-dən imdad diləməsi, amma hər dəfəsində də ümidsiz geri dönüşü faktı var. Əslində isə təşkilat Ermənistana dəstək verib. Sadəcə olaraq bu, Ermənistan hakimiyyətinin istədiyi səviyyədə olmayıb. II Qarabağ müharibəsinin gedişində təşkilatın Ermənistana yardımı texniki məsələlərlə bağlı olub. Ermənistan hakimiyyətinin indiki halda məqsədi odur ki, müharibədəki məğlubiyyətin məsuliyyətini öz üzərindən atsın. Hakimiyyət erməni xalqına təlqin etmək istəyir ki, müharibəni əslində Rusiya, eyni zamanda KTMT-nin köməyi olmadığına görə uduzublar Bu əslində sadə bir izahdır.

- Rusiyanın Azərbaycan-Ermənistan danışıqlarında tutduğu mövqe tərəflər üçün nə dərəcədə qaneedicidir?

- Reallıqda Rusiya da etiraf edib ki, Qarabağ Azərbaycan ərazisidir. Ona görə də müharibənin gedişində Rusiya bura müdaxilə edə bilmədi. Rusiya tərəfinin Ermənistana vermiş olduğu izah məhz bundan ibarətdir. Burada siyasi oyunbazlıqlar çoxdur. Amma bölgədə qüvvələr nisbəti dəyişib. Vaxtilə burada yeganə güc Rusiya idi. Amma indi Rusiya dövlət kimi zəifləyib. Onun hərbi iqtisadi-siyasi zəifliyi bölgədəki nüfuzuna da təsir edib. Bununla yanaşı Rusiyanın bölgədə mənəvi-ideoloji mövqeyi də əsaslı şəkildə sarsılıb. Bunun əksinə isə bölgədə Türkiyənin və Qərbin mövqeyi güclənib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər