20 Noyabr 2022 18:04
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran qonşu olaraq Azərbaycana qarşı riyakar siyasət yürüdür. 30 ilə yaxın Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda olduğu dövrdə İran bu ölkəyə heç bir etiraz etmədi. Əksinə bu dövrdə İran Ermənistanla daha sıx əlaqələr qurdu. Özünü müsəlman ölkəsi kimi İslam dəyərlərinin hamisi adlandırmağa çalışan İran Ermənistan tərəfindən Azərbaycan ərazilərində məscidlərin, minarələrin, dini-tarixi abidələrin dağıdılmasına göz yumdu. Bu isə İranın İslam dəyərlərində necə münasibət göstərdiyinin açıq nümunəsi idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O hesab edir ki, 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən İran digər tərəfdən təcavüzkar Ermənistana dəstək verib: “II Qarabağ münaqişəsinin bitməsindən sonra İran Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə hər vəchlə maneə olmağa çalışır. Eyni zamanda İran özününün məkirli mahiyyətindən çıxış edərək Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Sözsüz ki, II Qarabağ müharibəsindən sonra Azərbaycanın artan nüfüzu, regional və qlobal miqyasda güclənən mövqeyi İranı ciddi şəkildə narahat edir. Çünki İran qonşuluğunda güclü, İslam dəyərlərinə sadiq və dünyəvi Azərbaycanın olmasını istəmir”.

Deputatın fikrincə, Zəngəzur dəhlizinin açılması ilə formalaşacaq yeni bir kommunikasiya imkanları, türk dünyasına açılan qapı İran üçün sanki qorxulu yuxuya çevrilib: “Bölkədə Türkiyə-Azərbaycan tandeminin güclənməsi, iki qardaş ölkənin azad edilmiş ərazilərdə birgə həyata keçirdiyi layihələr də İranın natahalığını artıran amillərdəndir. Amma bu ölkə anlamalıdır ki, Azərbaycanın yaratdığı, formalaşdırdığı mühit heç də üçüncü ölkəyə qarşı yönəlməyib. İndiki reallıq məhz sülhü, təhlükəsizliyi, qarşılıqlı əlaqələrin inkişafına hesablanıb”.

Millət vəkili bildirib ki, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə ziddir: “Bütün bunların fonunda biz İranın Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə açıq şəkildə hədə-qorxu gəldiyini görürük. Ümumilikdə isə riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında əsas yer tutur. Bu mənada İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan isə güclü dövlət kimi bütün təhdidlərin qarşısını almağa, təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir”.


Müəllif: Tapdıq Qurbanlı