24 Noyabr 2022 19:51
1 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qabil bəy, İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəyanatına imza atmaqdan imtina edən Nikol Paşinyanın bu addımına Rusiyanın münasibəti necə olacaq?

- Nikol Paşinyan güman edirdi ki, Rusiya prezidenti Vladimir Putinə yaltaqlanmaqla, onu şəxsən hava limanında qarşılamaqla ondan Azərbaycan əleyhinə nələrisə qopara biləcək. Düşünürdü ki, sərhədlərin delimitasiya-demarkasiyası və Qarabağ məsələsində Rusiyanın onsuz da yanlış olan mövqeyini möhkəmləndirməyə nail olacaq. Amma proseslər gözləntilərin əksinə baş verdi. KTMT-də Paşinyan davranışları ilə ciddi fikir ayrılıqları yaratdı. Paşinyanın Putini qarşılama mərasimində iştirak edib, digər dövlət başçıları qarşılamağa müavinlərini göndərməklə sözün əsl mənasında böyük diplomatik biabırçılığa səbəb oldu. Üstəlik KTMT səviyyəsində Azərbaycana qarşı hansısa addımların atılmasına nail olmaq istəyirdi. Amma təşkilat obyektiv hərəkət etdi. Burada Azərbaycanın haqlı mövqeyi müdafiə edildi. Bununla da Ermənistan tərəfinin sırf subyektiv və radikal millətçilik elementlərinin KTMT-nin son bəyanatına daxil edilməsinə imkan verilmədi. Ona görə də, Paşinyanın KTMT-nin bəyanatını imzalamaması Ermənistanın bu təşkilatla bundan sonrakı əməkdaşlığı üçün də bir siqnal kimi başa düşülə bilər. İrəvanda Putinin gəlişi ilə bağlı keçirilən mitinqlər, “Putin NATO”suna qarşı olan fikirlər də burada nəzərdən qaçmamalıdır.

- KTMT-də Ermənistan nümunəsində yaranmış narazılıq bu təşkilatın fəaliyyəti üçün nə dərəcədə təhlükəli tendensiyalara yol açacaq?

- Bu, artıq diplomatik fiaskodur. Ermənilərin arzuları ilə imkanları arasında nə qədər böyük bir fərqin olduğu nümayiş olundu. Heç bir praqmatik mövqedə dayanmağı bacarmayan, yersiz iddiaları ilə aranı qarışdıran erməni xalqı və onun rəhbərliyi barədə daha dəqiq təsəvvürlərün formalaşmasına bir daha imkan yarandı. Ona görə də, KTMT-də İrəvanda keçirilən görüşün nəticələri çox ciddi narazılıqlar yaradıb. Ola bilsin artıq burada müəyyən çatlar da olsun. Ermənistan bu kimi məsələlərdən istifadə edib təşkilatdan çıxa da bilər. Çünki təşkilatın digər üzvləri də çox həvəssiz və bədbin görünürdülər. Ona görə də, KTMT-nin gələcəyinə də çox ümidlər bəsləməyə dəyməz.

- Bu həftə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gəlir. Ermənistandan sonra Azərbaycana gələcək Rusiya xüsusi nümayəndəsinin sülh təşəbbüsünün mahiyyəti nədən ibarətdir?

- Bu gün görünən odur ki, Rusiya Azərbaycan-Ermənistan məsələsini həll etmək istəmir. Rusiya bütün məsələlərin həllinə imperiya arzularından yanaşır. Bu baxımdan da prosesin həllinə dair konstruktiv yanaşma tərzi ortaya qoya bilmir. Son zamanlar Rusiyanın Azərbaycan ərazisində, yəni Qarabağda törətdiyi təxribatlar onun xüsusi emissarı olan Ruben Vardanyanın bura göndərilməsi heç bir məntiqlə izah oluna bilməz. Bütün bunlar sözsüz ki, Rusiyanın suveren Azərbaycan ərazisində oynadığı oyunlardır. Hər bir azərbaycanlı üçün bu davranışlar hiddətlə qarşılanır. Digər yandan Putin ardıcıl olaraq Azərbaycan Prezidenti ilə təmaslar qurur. İndi isə Rusiyanın xüsusi nümayəndəsi Bakıya gələcək. Avropa Birliyindən fərqli olaraq tamam başqa cür mövqe sərgiləməsinə baxmayaraq Rusiya təzyiq və təhdid formasında Azərbaycanı Ermənistana güzəştə getməyə sözq etməyə çalışır. Hər halda proseslərin gedişi bunu deməyə əsas verir.

- Rusiyanın sülhyaratma prosesindəki mövqeyi indiki halda hər iki tərəf üçün nə dərəcədə qəbuledilən məsələlər üzərində qurulub?

- Güclü siyasi iradəyə malik, dünya siyasi arenasında tanınan Prezident İlham Əliyev tərəfindən bu məsələlərlər sözsüz ki, xoşluqla qarşılana bilməz. Ölkə başçısını tutmuş olduğu siyasi xəttdən heç kəs döndərə bilməz. Azərbaycan xalqı da Rusiyanın prsesləri yenidən 1988-1989-cu illərdəki separatçılığın başladığı dövrə qaytaramaq istəyinə imkan verməyəcək. Bu əksinə bölgədə yenidən qarşıdurmaya yol aça bilər. Rusiya nə qədər konstruktiv görünməyə çalışsa da real addımları ilə pozucu hərəkətlər edir. Bununla da sülhyaratma prosesinə zərbə vurcaq müddəaların ortaya atılmasını təşviq edir. Ona görə də Rusiyanın bu məsələdə vasitəçilik səyləri arzuolunmaz hal kimi qarşılanır.


Müəllif: Tapdıq Qurbanlı