22 Noyabr 2022 19:31
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa senatı Azərbaycana qarşı qəbul etmiş olduğu qərəzli qətnamə ilə beynəlxalq hüququ kobud şəkildə pozub. Eyni zamanda senatın qəbul etdiyi qərar absurd yanaşmadır. Çünki bu “qərarın” heç bir hüquqi əsası yoxdur. Fransa senatı mahiyyət etibarilə sivil dəyərləri, beynəlxalq qanunlara zidd addım atıb. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ölkənin məhz bu beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrin əksinə qərar çıxarması məntiqsizdir. Bu açıq şəkildə BMT Nizamnaməsinin pozulmasıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O hesab edir ki, Fransa senatının qəbul etdiyi qərar Azərbaycana qarşı qərəzli xarakter daşıyır: “Bu erməni lobbi təşkilatlarının sifarişi ilə atılmış bir addımdır. Görünən odur ki, Fransa senatı qanunlarla və hüquq anlayışla yox‚ şəxsi hisslərlə və sifarişlərlə fəaliyyət göstərir. Azərbaycana qarşı qəbul edilən qərəzli qərarın mahiyyəti bu faktı bir daha təsdiqləyir. Ümumiyyətlə, Fransa senatının ölkəmizə qarşı mövqeyi böhtan və qarayaxma xarakterinə malikdir. Onların Azərbaycana münasibəti birmənalı olaraq yalan, böhtan və şəxsi qərəzdən qaynaqlanır. Ermənilərin sifarişi, diktəsi ilə senatın bu “qərarı” qəbul etməsi qeyri-qanuni və qeyri-obyektivdir. Fransa BMT TŞ-nin daimi üzvü olmaqdan əlavə, həm də Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində vasitəçiliyi üzərinə götürüb. Eyni zamanda Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransa senatının qəbul etdiyi qərar yolverilməzdir. Senatın qərarı Fransanın Minsk qrupunun tərkibindəki vasitəçilik mövqeyində də nə qədər qeyri-səmimi olduğunu göstərir. Bu baxımdan da senatın qərarı birmənalı olaraq erməni təəssübkeşliyindən qaynaqlanır və heç bir reallığa söykənmir”.

Deputat Fransa senatının üzvü Natalia Qulinin bu bədnam qərara etirazının və açıqladığı faktların əsl həqiqətdən xəbər verdiyini söyləyib: “Məhz N.Qulinin açıqladığı kimi Fransa senatının üzvləri erməni lobbisinin və seçicilərinin diqtəsi ilə belə bir absurd qərara səs veriblər. N.Quli isə Azərbaycanı yaxşı tanıyır. Bir neçə dəfə ölkəmizdə olub. O Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstəyini ifadə edib. Bir millət vəkili kimi onunla görüşmüşəm və bu şəxsi öz sözünün üstündə dayanan bir siyasətçi kimi tanıyıram. Ötən il Zəfər günündə biz bir qrup deputatla Fransada 21 senatorlarla görüşdük. Onlara əsl həqiqətləri izah etdik. Ermənistanın barbar, dağıdıcı bir ölkə olduğunu, Azərbaycan ərazilərini 30 il işğalda saxladığını vurğuladıq. Görünür fransali senatorlar üçün əsl həqiqətlər deyil, onların maraqlarının təmin edilməsi daha önəmli olub. Amma ümumilikdə bu cür “qərarlar” Azərbaycana heç bir təsiri yoxdur. Ölkəmizin beynəlxalq arenada özünün nüfüzu günü-gündən güclənir”.

Professor Azərbaycanın İsraildə səfirliyinin açılmasını ölkəmizin diplomatik müstəvidə həyata keçirdiyi uğurlu siyasətin davamı kimi izah edib: “Azərbaycan-İsrail münasibətləri 1990-cı illərin sonundan etibarən strateji xarakter almağa başlayıb. 44 günlük müharibədə Azərbaycan qələbəsində İsrailin hərbi-texniki baxımdan rolu olduqca böyük olub. Çünki bir vaxtlar Qərb ölkələri Azərbaycana silah-sursat satmaqdan imtina etdiyi şəraitdə İsrail haqq-ədalətin tərəfində olduğunu sübut edib. Bununla yanaşı Azərbaycan-İsrail münasibətləri yalnız ikitərəfli xarakterə malik deyil. Bu münasibətlər regional əhəmiyyət daşıyır. Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasında Bakının rolu olduqca vacib olub. Artıq Türkiyə-İsrail-Azərbaycan strateji müttəfiqliyi istiqamətində atılan addımlar da bunun xarakterini ortaya qoyur. Eyni zamanda İsraillə eyni gündə Fələstində də diplomatik nümayəndəliyin açılmasının bəyan olunması Azərbaycanın İslam həmrəyliyi prinsiplərinə və dəyərlərinə sadiqliyinin göstəricisi kimi qəbul edilir”.

Millət vəkili ölü quruma çevrilmiş ATƏT-in Minsk Qrupunun yenidən gündəmə gətirmək məqsədilə edilən təşəbbüslərə də münasibət bildirib: “Minsk Qrupu ilə bağlı ən layiqli cavabı Prezident İlham Əliyev verib. II Qarabağ müharibəsindən sonra ölkə başçısı bu təşkilatın 30 ildə heç bir müsbət addımlarla xarakterizə olunmadığını, onların bölgəyə ancaq turistik səfərlər etdiyini vurğulamışdı. Ona görə də, bundan sonra Minsk Qrupu ilə bağlı məsələni yenidən manipulyasiya edənlər sadəcə olaraq özlərini aldadırlar. Bu yaxınlarda ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker də açıqlamasında artıq ATƏT-in Minsk Qrupunun olmadığını etiraf etməyin vaxtı olduğunu deyib. Minsk Qrupu mexanizmi artıq işləmir. ABŞ Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində iki ölkə ilə birbaşa təmas yolu ilə iştirak edir. Eyni zamanda Azərbaycan da açıq şəkildə bəyan edib ki, Minsk Qrupu ilə işləməyəcək. Ona görə də Minsk Qurpu mandatına konsensus yolu ilə son qoymağın vaxtıdır. Ermənistan tərəfinin hər addımbaşı sülh danışıqlarını Minsk Qrupu çərçivəsində davam etdirilməsinə dair çağırışları əhəmiyyətsizdir. Çünki artıq bu təsisat tarixə qovuşub”.

Eldar Quliyev İranın riyakar və təxribat xarakterli siyasətinin də əhəmiyyətsiz olduğunu söyləyib: “İran qonşu olaraq Azərbaycana qarşı riyakar davranır. İran 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. Qarabağ münaqişəsinin bitməsindən sonra İran Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə də açıq-aşkar əngəl törədir. Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Bu mənada İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə ziddir. Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında əsas yer tutur. İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan isə bütün təhdidlərin qarşısını almağa, təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. Sözsüz ki, din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edən İranın davranışları ilə əməlləri heç bir halda üst-üstə düşmür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər