25 Noyabr 2022 11:32
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı böyük sevinc və fərəh hissi ilə Kəlbəcər rayonunun işğaldan azad olunmasının ikinci ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi, Kəlbəcər rayonunun hərbi-siyasi yolla işğaldan azad olunması iki il öncə imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanatın şərtlərinə əsasən 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz hüquqi tabeçiliyinə qaytardı. Bununla da, noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu – Kəlbəcər işğaldan azad edildi. Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi. Bu baxımdan Ağdam, Kəlbəcər və Laçın rayonlarının hərbi-siyasi yolla işğaldan azad olunması Azərbaycanın böyük siyasi-diplomatik qələbəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən Kəlbəcər rayonu işğal edilib: “İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Erməni vandalları tərəfindən Kəlbəcər rayonunun onlarla tarixi mədəniyyət abidələri, sosial infrastrukturu dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Hətta mənfur düşmən üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Kəlbəcər rayonunu tərk edərkən, 1992-ci ildə olduğu kimi, vandallıqlarından əl çəkməyərək barbarlıqlarını davam etdirdilər. Kəlbəcəri tərk edərkən evləri yandırır, infrastrukturu məhv edir, meşələrə od vurur, ağacları kütləvi şəkildə kəsərək yük maşınları ilə Ermənistana daşıyırdılar. Faktiki olaraq Ermənistan dünyanın gözü qarşısında Azərbaycan təbiətinə qarşı ekoloji terror törətdi. Əminliklə deyə bilərik ki, Azərbyacan Ermənistan üzərində qazandığı böyük qələbə nəticəsində tarixi torpaqllarımızı işğaldan azad etməklə yanaşı, erməni faşizminə də qalib gəlib”.

Deputat bildirib ki, Kəlbəcərin şimal hissəsi Vətən müharibəsinin ilk günlərində işğaldan azad olunub:

“Kəlbəcər rayonunun şimal hissəsində strateji yüksəkliklərin işğaldan azad oluması nəticəsində, Azərbaycan ordusu faktiki olaraq, Ermənistan ordusunun Basarkeçər-Kəlbəcər yolundan istifadəsinin qarşısını almış və düşmənin ordusunun hərəkət imkanlarını iflic vəziyyətə salıb. Əlbəttə, bütün bunlar Azərbaycan ordusunun yüksək səviyyəli döyüş qabiliyyətinin və hərbi hazırlığının bariz nümunəsi idi. 44 günlük Vətən müharibəsinin hər günü şanlı Azərbaycan ordsunun qələbələri ilə xalqımızın yaddaşına həkk olunub. Azərbaycan xalqına bu sevinci, qüruru yaşadan şəhidlərimizi bir daha dərin hörmət və ehtiramla anırıq. Bu gün artıq erməni vandallarının törətdiyi bütün cinayətlərə baxmayaraq, Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə start verilib. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir”.

Tamam Cəfərova işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi Kəlbəcərə də tezliklə həyat qayıdacağına əminliyini ifadə edib: “Kəlbəcər tezliklə Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək. Bir daha Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə kəlbəcərlilər başda olmaqla, bütün Azərbaycan Xalqını təbrik edirəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər