Nikol Paşinyanın sülh prosesinə olan yanaşmasından sonra məsələ sual altındadır. Proses Avropa İttifaqının vasitəçiliyi çərçivəsində aparılıb. Bu mənada Paşinyanın Fransa prezidenti Emmanuel Makronun sülh prosesində iştirakı ilə bağlı təkidləri əsassızdır. Praqada belə bir formatın yaradıldığını bildirmək isə yanlışdır. Çünki belə bir format yoxdur.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, ADA Universitetində keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev tərəfindən də bu məsələ ilə bağlı konkret mövqe bildirilib: "Çünki Azərbaycanla Ermənistan arasında sülh prosesi üçün üçtərəfli format mövcuddur. Məhz format çərçivəsində bu il üç görüş baş tutub. Bu ilin aprelin 6-sı, mayın 22-si və avqustun 31-də bu formatda üçtərəfli danışıqlar olub. Həmin format isə ötən ilin dekabrın 14-də yaradılıb. Emmanuel Makron isə yalnız Praqa görüşündə istisna olaraq görüşlərə qoşulub. Bu da Prezident İlham Əliyevin razılığı ilə baş tutub. Amma reallıqda Fransanın iştirakı ilə belə bir format yoxdur. Bu baxımdan da Paşinyanın faktiki olaraq belə bir tələb irəli sürməsi fomatdan imtina deməkdir. Bununla da sülh prosesi sual altına düşür”.
Mərkəz sədri Rusiyanın sülh prosesinə yanaşmasına da münasibət bildirib: “Rusiya tərəfindən təklif edilən sülh Azərbaycanın maraqlarına uyğun deyil. Burada sadəcə olaraq köhnə taktikadan istifadə cəhdi var. Çünki Rusiya burada keçmiş “Dağlıq Qarabağ” məsələsini yenidən gündəmə gətir. Belə olan halda bir sıra məsələlərin də təxirə düşməsi labüddür. Sülh prosesi olmadan isə delimitasiya və demarkasiya məsələləri həll edilməyəcək. Bu da normal bir məntiqdir. Ölkələr bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra delimitasiya prosesi aparılır”.
Fərid Şəfiyev İranın son davranışlarından qaynaqlanan məsələləri də şərh edib: “Diplomatik kanallardan bəzi siqnallar gəlir ki, İranın mövcud gərginliyi azaltmaq istəyi var. Amma İran mediasında, telekanallarında Azərbaycana qarşı hücumlar davam etdirilir. İranla bağlı məsələləri də biz müəyyən bir çərçivədə ekspertlər səviyyəsində aparmalıyıq. Sözsüz ki, bizim mesajlarımız qarşı tərəfə çatdırılıb. Əgər İran bundan sonra da Azərbaycana qarşı destruktiv fəaliyyətini davam etdirsə, cavabını lazımi səviyyədə alacaq”.