28 Noyabr 2022 16:21
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan diasporunun üzvləri erməni lobbisinin oyuncağına çevrilmiş fransız deputatların ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasına dair qərəzli və ədalətsiz qətnamə layihəsinə etiraz olaraq, Fransa Milli Assambleyasının qarşısında mitinq keçirirlər.

Teleqraf.com xəbər verir ki, etiraz nümayişinin iştirakçıları fransız deputatlardan ədalətli olmağı, terrorizmə yox deməyi, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb edirlər.

Etirazçılar “Ədalət tələb edirik!”, “Terrorizmə YOX deyirik!”, “Milli Assambleya ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!”, “İkili standartlara son qoyun!”, “Təcavüzkar ölkəni dəstəkləməyin!” kimi şüarlar yazılmış plakatlar tutub və səsləndiriblər. İştirakçılar əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkillər, o cümlədən amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını nümayiş etdiriblər.

Diaspor fəallarımız Azərbaycan icması adından çıxış edərək, fransız deputatları ədalətli olmağa, balanslı debatlar aparmağa çağırıblar.

Soydaşlarımız Fransa mediasında, televiziya kanallarında aparılan debatların birtərəfli olduğuna etiraz edərək, belə debatlara Azərbaycan nümayəndələrinin də dəvət olunmasını tələb ediblər. Bildirilib ki, Azərbaycan-Ermənistan münasibətlərinə dair müzakirələr, hökumətə suallar, hətta qətnamələr, sistemli şəkildə irəli sürülən fikirlər yalnız erməni lobbisinin mövqeyini əks etdirir. Bu isə fransız deputatların erməni lobbisinin oyuncağına çevrildiyini bir daha təsdiqləyir. Deputatların çıxışları aydın göstərir ki, onlar regiondakı reallıqlardan bixəbərdirlər. Onlar erməni lobbisinin yazıb onlara verdiyi mətnləri anlamadan təkrar edirlər. Onların təklif etdikləri qətnamə layihəsi ədalətsizdir və reallığı əks etdirmir. Bu, erməni lobbisi və onların havadarlarının Azərbaycana qarşı apardıqları qərəzli kampaniyanın tərkib hissəsidir. Soydaşlarımız bir daha diqqəti Fransada Azərbaycan əsilli fransızlara qarşı media blokadasına çəkərək, bunun demokratiyaya zidd olduğunu bildirib, Azərbaycanın yalnız sülhü təşviq etdiyini vurğulayıblar.

Soydaşlarımız fransız deputatların yalnız bir tərəfin - ermənilərin maraqlarını müdafiə etmələrinə narazılıqlarını bildirərək, onların qərəzli münasibətlərini qətiyyətlə pislədiklərini və rədd etdiklərini diqqətə çatdırıblar. Etiraz mitinqinin iştirakçıları Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Fransanın bitərəf qalmasının vacibliyini xatırladıblar. Belə düşünülməmiş addımın ciddi nəticələr doğuracağını, regionda münaqişəni yenidən alovlandıra biləcəyini qeyd edilib. Etirazçılar bəzi fransız siyasətçilərin irqçi dünyagörüşünün və şəxsi ambisiyalarının, eləcə də erməni əsilli fransızların tutduqları mövqenin təhlükəli olduğunu, Cənubi Qafqazda gələcək eskalasiyalara zəmin yarada biləcəyini vurğulayaraq, onları dərindən düşünməyə çağırıblar.

Eyni zamanda bildirilib ki, Azərbaycan regionda davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər etdiyi vaxtda fransız siyasətçilər və parlamentarilər təhlükəli mövqeləri ilə regionda sülhün bərpa edilməsində maraqlı olmadıqlarını göstərir, qərəzli çıxışları ilə vəziyyəti daha da mürəkkəbləşdirirlər. Hökumətdən Ermənistanı silahlandırmaq tələbi ilə fransız deputatlar regionun sabitliyinin təmin edilməsində maraqlı olmadıqlarını açıq-aydın göstərirlər.

Fransanın birtərəfli davranışdan əl çəkməsi və daha tarazlaşdırılmış mövqe tutmasının vacibliyinin vurğulayaraq, birtərəfli ittihamlar və sanksiyalarla vəziyyəti gərginləşdirməməyə, Azərbaycana qarşı iqtisadi təzyiq siyasəti ilə sadə avropalılara yeni problemlər və çətinliklər yaratmamağa çağırıblar.

Həmçinin qeyd edilib ki, Fransada keçirilən seçkilərə kifayət qədər təsir imkanları olan erməni əsilli fransızların böyük əksəriyyəti Ermənistana heç vaxt ayaq basmayıblar. Qətnamənin müəllifləri sülhə nail olmaq üçün tərəfləri qarşılıqlı yaxınlaşmaya sövq etmək əvəzinə, Ermənistanı müasir fransız silahları ilə silahlandırmağa çağıraraq regionda münaqişəni yenidən alovlandırmağa cəəhd göstərirlər.

Etiraz mitinqinin iştirakçıları, həmçinin bildiriblər ki, Fransa Milli Assambleyası xalqlar arasına nifaq toxumu səpmək, qərəzli qətnamələr qəbul etmək əvəzinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən, ölkənin maraqlarına uyğun gələn və regionun davamlı inkişafına töhfə verəcək fəaliyyətlərlə məşğul olsalar, daha faydalı ola bilərlər.

Qeyd edək ki, 30 il erməni işğalı və təcavüzü müddətində qəflət yuxusunda olmuş Fransa parlamentariləri bu gün Azərbaycanın Zəfərini həzm edə bilmirlər. Fransa Milli Assambleyasının anti-Azərbaycan yanaşması yenidən özünü göstərməkdədir. Regiondakı reallıqlardan bixəbər fransız deputatlar bu gün “Azərbaycanın Ermənistana qarşı təcavüzünə son qoyulması və Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinə” dair qətnamə layihəsini müzakirəyə çıxaracaqlar. Ancaq lazımsız kağız parçası olan bu qətnamə layihəsi ürək bulandırmaqdan başqa bir şey deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər