29 Noyabr 2022 19:51
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Şair müəllim, son zamanlar Ermənistan-Azərbaycan şərti dövlət sərhədində və ərazimizdə qalmaqda olan erməni silahlıları tərəfindən ardıcıl olaraq təxribata əl atılır. Sizcə, qanunsuz erməni silahlılarının ərazidən çıxarılması niyə ləngidilir? Bu prosesin dayanmasında kimlər maraqlıdır?

- İndi davam edən proseslər Azərbaycanın öz ərazilərini güc yolu ilə azad etməmişdən öncəki dövrü xatırladır. Halbuki BMT-nin 4 qətnaməsi var idi və bizə deyirdilər ki, məsələnin hərbi həll yolu yoxdur. Amma Azərbaycan göstərdi ki, öz maraqları, ərazi bütövlüyü uğrunda işğalçıları darmadağın edib suverenliyini bərpa etmək yolunu seçə bilər. Təbii ki Azərbaycan bununla bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə müraciət etmişdi. Bütün bunların fonunda Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etdi və beynəlxalq hüququn təminatına nail oldu.

II Qarabağ müharibəsi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşma ilə başa çatdı. Həmin razılaşmanın 4-cü bəndinə əsasən ərazidə bir nəfər də olsun erməni silahlısı qala bilməzdi. Bölgəyə müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlıları onların buradan tamamilə çıxarılmasına cavabdeh idi. Amma sonrakı proseslər göstərdi ki, sülhməramlılar ərazidə qalmış erməni silahlılarının terror yuvasını qorumaqla məşğuldur. Azərbaycanın isə mövqeyi ondan ibarətdir ki, orada yaşayan erməni əsilli insanlara ölkə vətəndaşlarına verilən bütün hüquqlar şamil ediləcək. Bununla bağlı ölkə başçısının bəyan etdiyi açıq bir mövqe var.

Buna baxmayaraq rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə hələ də erməni silahlı birləşmələri real təhlükə mənbəyi kimi qalır. Əslində sülhməramlıların şəxsi heyəti və texnikasının say tərkibi Azərbaycanla razılaşdırılmış və üçtərəfli bəyanatda qeyd edilmiş qaydaya görə müəyyənləşib. Belə olan halda Ermənistana məxsus qanunsuz hərbi birləşmələrin bizim ərazimizdə qalması hələ də suallar doğurur. Birmənalı şəkildə demək olar ki, onları bu ərazidə rus sülhməramlıları qoruyur. Əslində sülhməramlılar burada yaşayan erməni əsilli insanları deyil, qanunsuz erməni silahlılarını müdafiə edir. Çünki burada erməni əsilli insanlar üçün Azərbaycan tərəfindən heç bir təhlükə mövcud deyil.

- Sülhməramlıların bölgədə qalma müddəti və səlahiyyətləri ilə bağlı məsələlər gündəmdədir. Beynəlxalq hüquq bununla bağlı hansı öhdəliklər yaradır?

- Bütün dünyada olduğu kimi qanunsuz silahlı birləşmələr terrorçu kimi qəbul edilir. Hər hansı silahlı bir qurum dövlətin nəzarətində deyilsə, onlar terrorçudur. Hazırda da dünyada terrorçuluğa qarşı açıq mübarizə gedir. Belə olan halda Azərbaycan ərazisində belə terror dəstələrinin olması hansı əsaslara söykənə bilər? Bu, olduqca açıq sualdır. Eyni zamanda üçtərəfli bəyanata Azərbaycan, Rusiya və Ermənistan liderləri imza atıb. Burada hər kəs öz üzərinə öhdəlik götürüb.

Bəyanatın 4-cü bəndində məhz qanunsuz silahlıların bölgədən çıxarılması ilə bağlı müddəa yer alıb. Bu qərarın üzərindən iki il keçib. Amma Ermənistan və Rusiya sülhməramlıları tərəfindən bu müddəanın tələbləri yerinə yetirilməyib. Görünür, burada özləri üçün təhlükə mənbəyini saxlamaq kimlərəsə sərf edir. Bunun fonunda isə Azərbaycan ərazisində hələ də qalmaqda olan qanunsuz erməni silahlı birləşmələri ardıcıl olaraq təxribatlara əl atır. Belə çıxır elə onlar məhz bu təxribatlar üçün bölgədə saxlanılıb. Hazırda bu təhlükə getdikcə güclənir. Bunun hansı məqsədlərdən yarandığını isə hər kəs bilir. Son Soçi görüşündə Nikol Paşinyanın dili ilə Rusiya sülhməramlılarının burada qalma müddəti ilə bağlı fikirlər səsləndi. Eyni zamanda Xankəndiyə göndərilən təxribatçı Ruben Vardanyan indi heç bir əsas olmadan sülhməramlıların burada qalma müddətinin uzadılmasından danışır. Çünki rus sülhməramlılarının burada qalma müddətini uzatmaq üçün mütləq gərginlik yaratmaqda israrlıdırlar. Gətirdikləri bəhanə də odur ki, guya onlar ərazidə olan erməni əsilli insanların təhlükəsizliyinə təminat üçün buradadırlar.

- Bütün bunların fonunda Azərbaycanın atacağı addım nədən ibarət ola bilər? Hansı adekvat tədbirlərin görülməsi mümkündür?

- Ərazi Azərbaycana məxsusdur. Təsiredici addım kimi Azərbaycan Rusiya ilə birlikdə Laçın dəhlizinə giriş-çıxışa nəzarəti ələ almalıdır. Burada sözsüz ki, humanitar yüklərin, dinc sakinlərin gediş-gəlişi üçün heç bir problem olmayacaq. Amma arzuolunmaz şəxslərin bölgəyə girişinə məhz bu yolla qadağa qoyula bilər. Digər təsiredici addım kimi rus sülhməramlılarına üçtərəfli razılaşmanın 4-cü bəndinin icrası ilə bağlı konkret vaxt verilməlidir. Bu zaman kəsiyində onlar öz gücü ilə məsələni həll etməlidir. Əks halda Azərbaycan tərəfi antiterror əməliyyatına başlaması üçün zəruri addım atacaq. Belə olan halda Azərbaycan Ordusunun arsenalında olan dəqiq silahlarla terrorçuların yuvaların, qanunsuz erməni silahlılarının hərbi obyektləri legitim hədəf kimi məhv ediləcək. Biz onları hədəfə çevirə bilirk. Son Qisas əməliyyatında da gördük ki, onların hədəflərini necə məhv emtək olar. Bununla da orada olan bütün silahlı ermənilər ya tərkisilah olunmalı, ya da məhv edilməlidir. Burada rus sülhməramlılara zərər dəyməyəcək. Çünki sülhməramlıların harada və necə dayandığını biz dəqiq bilirik. Eyni zamanda ərazidə yaşayan erməni əsilli dinc insanlar üçün də heç bir təhlükə olmayacaq.

- Ərazidə yaşayan erməni əsilli insanların təhlükəsizliyi ilə bağlı qarşı tərəfin qaldırmış olduğu məsələlər var. Azərbaycanın bu məsələdə mövqeyi nədən ibarətdir?

- Üçtərəfli razılaşmanın 4-cü bəndi bizə tam səlahiyyət verir ki, bir ərazini bütün qanunsuz silahlılardan təmizləyək. Bununla da orada yaşayan erməni əsilli insanlar üçün də təhlükəsizlik tam təmin edilmiş olacaq. Həmçinin rus sülhməramlılarının bundan sonra bölgədə qalması üçün ciddi bir səbəb qalmayacaq. Sözsüz ki, bu istiqamətdə işlər aparılır. Prezident İlham Əliyevin də son Soçi görüşündə bu məsələ ilə bağlı sərgilədiyi mövqe məhz buna hesablanıb. İndi real hədəf orada olan qanunsuz erməni birləşmələrinin aradan qaldırılması və Xankəndidən keçən kommunikasiya xəttlərinin bütün bölgə üçün açılması təmin edilməlidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər