30 Noyabr 2022 09:24
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Azərbaycan Fransanın iştirakı ilə baş tutacaq görüşdən imtina etdi. Belə olan halda Avropa İttifaqı və ABŞ-ın təşəbbüsləri ilə reallaşan danışıqların səmərəsi necə olacaq?

- ADA Universitetində keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevin səsləndirmiş olduğu fikirlərin əhəmiyyəti olduqca böyükdür. Bu, ilk növbədə Azərbaycanın sülh danışıqlarında nə dərəcədə ciddi olmasını, dövlət olaraq israrlı və məntiqli siyasət apardığını nümayiş etdirir. Çünki Azərbaycan heç vaxt bu cür görüşləri danışıqlar xatirinə aparmayıb. Dövlət başçısı da açıq şəkildə bəyan edib ki, bizim sözümüz imzamız qədər keçərlidir. Azərbaycan qatılmış olduğu danışıqlarda sadəcə görüntü yaratmaq üçün iştirak etməyib. Ermənistan isə hər zaman danışıqları manipulyasiya edib. Eyni zamanda ATƏT-in Minsk qrupu 30 il danışıqları vaxt uzatmaq üçün aparıb. Ölkəmiz isə öz siyasətini məntiqli olaraq seçib. Bu baxımdan dövlət başçısının son açıqlamaları tamamilə doğruluğa, haqqa və ədalətə söykənir. Danışıqlar ciddi tərəfdaşlarla, iştirakçılarla aparılır. Fransa bu mənada açıq bir misaldır.

- Azərbaycanın bundan sonrakı məsələlərə etirazı hansı tərzdə ola bilər?

- Azərbaycan Fransaya Ermənistanın tərəfinə keçməsinə görə heç vaxt etiraz etməyib. Bu onların seçimidir. Amma bu baş verdiyi halda və o öz tərəfini seçmiş olur. Bununla da Fransanın danışıqlarda vasitəçi olmaq şansı itir. Çünki o artıq öz tərəfini seçmiş olur. Tərəfini seçmiş bir ölkənin danışıqlarda tərəflərə bərabər yanaşma sərgiləməsi qeyri-mümkündür.

- 30 ilə yaxın aparılan danışıqlarda ATƏT-in Minsk qrupunun üzvlərinin də nə dərəcədə səmimi olduğunu gördük. ABŞ və Rusiyanın tərəf tutmaqla bağlı mövqeyini necə xarakterizə etmək olar?

- Bununla bağlı ölkə başçısının da fikirləri var. O qeyd etdi ki, danışıqlar dövründə nə Rusiya, nə də ki ABŞ belə bir davranış sərgiləməyib. Çünki onlar danışıqlarda vasitəçi idi. Hansısa formada biz onların davranışında nələrisə müşahidə etmişik. Amma açıq şəkildə tərəf tutmaq yox idi. Tərəf tutan bir dövlətin danışıqlarda vasitəçi olması absurd məsələdir. Fransa isə bütün qırmızı xətləri keçdi. Burada Fransa hakimiyyətinin hər iki qolu-qanunverici və icraçı qolu neytrallığı qoruya bilmədi. Fransa senatı və bundan əlavə Emmanuel Makron öz bəyanatlarında ölkəsini proseslərdən kənarlaşdırdı. Belə olan halda Azərbaycan onun vasitəçi olaraq prosesdə iştirakına təbii ki, razı olmayacaq.

- Ermənistanın israrla Fransanı danışıqlara qatmaqda məqsədi nədir?

- Ermənistan bütün vasitələrlə vaxtı uzatmaq niyyətindədir. Onların gözləntisi gələn il Türkiyədə baş tutan prezident seçkiləri və Rusiyanın Ukrayna müharibəsindəki vəziyyəti ilə bağlıdır. Eyni zamanda başqa dövlətlərdən Ermənistan nəsə gözləyir. Fransanın danışıqlarda açıq tərəf olduğunu bilə-bilə Ernənistan onun vasitəçi və iştirakçı kimi rolunu öncədən şərtləşdirməyə çalışır. Ölkə başçısı da açıq şəkildə dedi ki, biz danışıqlara gələ bilərik. Amma bu, Fransa prezidenti olmadan keçiriləcək bir görüş ola bilər.

- Danışıqların uzanması, sülh prosesinin qeyri-müəyyənliyi - sizcə Azərbaycan buna hansı şəkildə cavab verməlidir?

- Bu gün Ermənistan faktiki olaraq başqa-başqa dövlətlərə sığınmaqla bir ağadan digərinə tərəf yönəlib. Artıq bu ölkə Rusiyanı satıb Qərbə qaçır. Ermənistanın bu qaçısı isə fərqlidir. Çünki Ermənistanın bundan öncə sığınmağa çalışdığı ölkələr regionda olub. Rusiya və İranın timsalında Ermənistan hər zaman özünə himayəçi axtarmağa çalışıb. İndi isə o Qərbin içində özünə dayaq axtarır. Qərbdə isə anlayırlar ki, hansısa bir ölkəni onun coğrafiyasından qoparmaq mümkün deyil. Normal sülh üçün ölkə və regionda olan dövlətlərlə normal münasibətlər qurulmalıdır. Fransa indiki halda nə qədər çalışsa da Ermənistanla Azərbaycan arasındakı sülh prosesində heç cür yer ala bilməyəcək. Azərbaycan bu gün regionda diqtə edən, şərtləri irəli sürən tərəfdir. Bizim şərtlərimiz qəbul olunmasa danışıqlar baş tutmayacaq. Bunun fonunda belə uduzan biz olmayacayıq. Çünki Azərbaycan öz torpaqlarını azad edib, yeni reallıq yaradıb. Bu reallıqla da hər kəs hesablaşmalıdır.

- Beynəlxalq Frankofoniya təşkilatının mahiyyəti onun azərbaycanla bağlı yanaşmalardakı ortaya qoymağa çalışdığı məsələlər nədən ibarətdir?

- Bu təsisat “fransız dilinin birləşdirdiyi ölkələr arasında əlaqələndirmənin təşkili məqsədilə yaradılan institutsonal mexanizmdir”. Hədəfi fransız dilinin, mədəni müxtəlifliyin populyarlaşdırılması, peşəkar kadrların hazırlanması, ali təhsil və elmi araşdırmaların dəyişdirilməsidir. 2005-ci ildən, bilavasitə Fransanın təşəbbüsü ilə “əməkdaşlıq istiqamətləri”nin sayı artırılıb. Əslində bu mexanizmin də mahiyyətinə ermənilər mənfi təsir göstərib. Çünki ermənilər harada olurlarsa oranı zəhərləyir. Məhz bu mənfi çalarların mahiyyətindən qaynaqlanaraq Frankofoniya təşkilatını siyasətə yönəlmətə məcbur ediblər. Bu cəhdləri alınmayıb. Çünki bu mexanizmlə işləyən ölkələr hara sürükləndiyinin fərqindədirlər. Eyni zamanda indi fərqli bir Azərbaycan zərbə vurmaqla bunun əsk effektinin olacağını nəzərə alınır. Təbii ki, burada Azərbaycanla bağlı yalan və böhtandan ibarət olan bəndlərin çıxarılmasına nail olundu. Təşkilatı pis səviyyəyə salan bir qərarın üzə çıxması isə onlara heç bir baş ucalığı və xeyir gətirməyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər