Prezident İlham Əliyevin “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri vacib amil kimi önə çıxır. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin istismara verilməsi mümkün olmayacaq. Bu mənada istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri məhz sabitlikdir. Azərbaycanda uzun illərdir sabitlik mövcuddur. Bu ölkəmizin iqtisadi inkişafının əsas amillərindən biri hesab olunur. Azərbaycanın beynəlxalq arenada oynadığı rol məhz daxili siyasətiin əsasında formalaşıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətin proqnozlaşdırılması mümkün qədər daha çox ölkə ilə yaxın münasibətlərin qurulmasını təmin edir: “Ona görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin aydı-ayrılıqda atdığı addımlar da burada vacib amil kimi önə çıxır. Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşən ölkəmiz əlaqələndirmə məsələlərində mühüm rola malikdir. Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi ölkəmizin dəmir yollaru və yol infrastrukturuna nəzər saldıqda Azərbaycanda hər şeyin buna hazır olduğunu görmək olar. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası nəticəsində ölkəmizdən keçən artan yük həcmləri bunu bir daha təsdiq edir. Eyni zamanda Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizi ilə əlaqələr də burada mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hər iki dəhlizin aktiv iştirakçısıdır. Eyni zamanda Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. İşğaldan azad edilən ərazilərdə üçüncü beynəlxalq hava limanı olacaq Laçın hava limanı hazır olandan sonra, Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Sözsüz ki, bu cür hava limanları təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçün əlverişlidir. Paralel olaraq Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri ilə bağlı məsələlər öz həllini tapır. Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin inteqrasiya olunmasına imkan verəcək. Misal kimi bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb”.
Professor bildirib ki, Azərbaycan özünün enerji siyasətində də mühüm addımları ardıcıl və proqrama uyğun olaraq atmaqdadır: “Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi Trans-Adriatik boru kəməri ilə bağlı işlər tamamlanıb. Artıq qaz ixrac həcminin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbat var. Bununla bağlı Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanıb. Səmərəlilik siyasəti nəticəsində əlavə qaz tutumlarına qənaət etməyə imkan yaranır. Bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr ölkəmizin mövcud istiqamətdəki potensialını artırmağa imkan verir. Azərbaycanın nəqliyyat enerji və iqtisadi əməkdaşlığın imkanlarını genişləndirməklə özünün etibarlı tərəfdaş imicini formalaşdırıb. Bu baxımdan Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf edir. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Təbi ki, indi təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir”.
Deputat İran və Ermənistanın regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilmə riskləri ilə bağlı səslənən fikirlərə münasibət bildirib: “Sözsüz ki, Ermənistanın regionda coğrafi və digər imkanları buna şıərait yaratmır. Çünki bu ölkə işğalçılıq siyasətinə görə, faktiki olaraq dalana dirənmiş ölkədir. Eyni zamanda Ermənistandan heç bir nəqliyyat marşrutu da keçmir. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır. Çünki bu layihələr heç kimə qarşı deyil və hamının xeyrinədir. Birmənalı şəkildə bu gün Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Çünki Ermənistanın dəmir yolları şəbəkəsi Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Ermənistan bu məsələdə də Rusiyadan asılı ölkədir. Azərbaycan isə özünün müstəqil xarici siyasət kursu ilə dost və tərəfdaş ölkələrlə daha sıx münasibətlər qurmaqdadır. Bu mənada İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır. Eyni zamanda Azərbaycanın Ərəb Liqası Sammitində iştirakı dostluq və hörmət nümunəsi idi. Azərbaycan, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi üzərində fəal surətdə çalışır”.
Eldar Quliyev Azərbaycanla Türkiyə arasında olan sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin dünya dövlətləri üçün xarakterik xüsusiyyətlərindən bəhs edib: “Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaş münasibətləri ötən il Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması ilə özünün ən yükəsk pilləsinə yüksəlib. Təbii ki, bundan sonra da iki qardaş ölkə arasındakı əməkdaşlıq daha da güclənəcək. Çünki bu iki ölkə arasında olan əlaqələr regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Eyni zamanda Azərbaycanla Türkiyə arasında hərbi və təhlükəsizlik əlaqələrində vacib addımlar atılıb. İki qardaş ölkənin Silahlı Qüvvələri arasında bir il ərzində 10-dan artıq birgə hərbi təlimlər keçirilib. Bununla yanşı müdafiə infrastrukturuna sərmayələrin yatırılması, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz önündədir. Hərbi təlimlər həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarı hesab edilir. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, vahid türk ordusu mövcuddur”.