Azərbaycançılıq müstəqil, suveren, dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Bunun kökündə Azərbaycanı özünə vətən sayan bütün xalqların sosial hüquqlarının bərabərliyi dayanır. Bu amil ölkə Konstitusiyasının əsaslarına söykənir. Dövlətimizin müstəqilliyi, onun hüquqi, demokratik dövlət kimi inkişafı məhz bu amilə əsaslanır. Sözsüz ki, azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül tapıb. Həmin dövrdən sonra bu milli amil formalaşaraq son əsrdə təkamül yolu keçib.
Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O hesab edir ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidməti sayəsində mümkün olub: “Ulu öndər Heydər Əliyev hələ sovet dövründə azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. 1990-cı illərdə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsi, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsi üçün mühüm addımlar atıb. Özünün mültikulturalizm ənənələrinə sadiq olan Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə kimi səciyyələnib. Çünki ölkəmizdə hər zaman bütün xalqların, millətlərin nümayəndəsinə eyni, bərabər münasibət olub. Burada heç kəs dininə, dilinə, adət-ənənəsinə görə ayrı-seçkiliyə məruz qalmayıb”.
“Azərbaycançılıq millətçiliyə qarşı olan ideologiyadır”
Deputat bildirib ki, azərbaycançılıq ölkəmizin müstəqilliyini qorumaq, onun demokratik inkişafı ilə yanaşı şovinizmə, millətçiliyə qarşı olan bir ideologiyadır: “Çünki azərbaycançılıq ideyasının kökündə, əsasında millətçilik yox, vətəndaşlıq, bütün insanlara bərabər yanaşma prinsipləri və dəyəri dayanır. Çoxmillətli Azərbaycan xalqının yaratdığı zəngin dəyərlər sistemi məhz bunu xarakterizə edir. 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I qurultayında ortaya qoyulan prinsiplər də bu fundamental əsaslara, dəyərlərə söykənirdi. Çünki azərbaycançılıq xalqımızın min illər boyu çox böyük əzab-əziyyətlər bahasına əldə etdiyi və nail olduğu tarixi dəyərlər sistemi olmaqla yanaşı bir sərvət hesab olunur. Bu, ilk növbədə vahid, bölünməz, güclü və qalib Azərbaycanın qorunub saxlanılması, möhkəmlənməsinə xidmət edir. Özünün malik olduğu fundamental dəyərlər sistemi ilə ərazi bütövlüyünə, suverenliyinə nail olan, Ermənistanın işğal siyasətinə son qoyan və azad Şuşada Dünya Azərbaycanlılarının qurultayının keçirilməsini təmin edən Azərbaycan bu gün sarsılmaz prinsiplər üzərində yeni çağırışlara doğru irəliləyir. Ali baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması sözsüz ki, Azərbaycançılıq fəlsəfəsində yeni bir yol açdı. Bu amil məhz bundan sonra daha güclü və birliyimiz naminə müstəqil Azərbaycanın təhlükəsizliyi və inkişafına doğru dünya azərbaycanlılarının həmrəyliyini özündə ehtiva edir”.
“İnkişafın Azərbaycan modelinə böyük bir maraq var”
Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, azərbaycançılıq millətçilik ideyası deyil: “Bu, Azərbaycan vətəndaşlarının, cəmiyyətimizin, xalqımızın tarixinə, milli dəyərlərinə, kökünə bağlılıqdır. Digər tərəfdən isə ümumbəşəri dəyərlərin cəmiyyətimizdə yaşamasının birliyidir, azərbaycançılıq hər hansı bir xalqa qarşı yönəlməyib. Bu, Azərbaycan xalqının müstəsnalığını elan etmir. Eyni zamanda heç bir halda nə Azərbaycanda, yaxud da dünyanın digər ölkələrində yaşayan xalqlara qarşı etinasızlıq siyasəti yeridilmir. Azərbaycançılıq müasir bir ideyadır. Azərbaycan xalqının özünün tarixini, mədəniyyətini qoruması, inkişaf etdirməsi, dünyaya tanıtmasıdır. Bu, eyni zamanda insan amilinin aparılan siyasətin mərkəzində saxlanılması, dövlətin və cəmiyyətin bütün fəaliyyətinin insanın normal yaşayışının təmin edilməsi, onun hüquq və azadlıqlarının qorunması, özünü realizə etmək şəraitinin yaradılması deməkdir”.
Millət vəkilinə görə, azərbaycançılıq müasir Azərbaycan vətəndaşının yetişməsi üçün aparılan çoxşaxəli bir siyasətdir: “Bu, digər xalqların da müsbət inkişafına kömək göstərir, bütün dəyərlərin Azərbaycana gətirilib xalqımızın milli dəyərləri ilə qovuşmasıdır. Məhz bu siyasət Azərbaycanın bu gün ayaq üstə durmasına, Vətən müharibəsində qələbə çalmasına, onun dünya birliyində nüfuz qazanmasına kömək edib. Azərbaycançılıq beynəlxalq aləmdə qəbul edilmiş qaydalara hörmətlə yanaşan hüquqi bir sistemdir. Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasını ötən əsrin 60-70-ci illərində qoyub. Bunun nəticəsində Azərbaycan xalqının inamı özünə qayıdıb. Azərbaycan xalqı özünün suveren hüquqlarını müdafiə edə bilib. Xalqımızın zəngin daxili potensialı bir daha açılıb. Bunun nəticəsidir ki, 1988-ci ildə hətta ulu öndər Heydər Əliyev böyük siyasətdə olmadığı dövrdə belə Azərbaycan xalqı öz hüquqlarını qoruya bilib. Ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda mübarizəsini qəti şəkildə ortaya qoyub. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra azərbaycançılıq daha da inkişaf etdi. Azərbaycan özünün milli hüquqlarını qorumaqla yanaşı beynəlxalq birliyə inteqrasiya olmaq üçün çox ciddi addımlar atdı. Dövlət quruluşunun və iqtisadi sistemin artıq sınaqdan keçmiş xarici təcrübəsi Azərbaycana gətirildi.
İnsan hüquqları və mətbuat azadlığı, vətəndaşların sərbəst hərəkət azadlığı Azərbaycan üçün ciddi bir amil oldu. Azərbaycan xalqının potensialının açılmasında daha böyük işlər görüldü. Bunun nəticəsidir ki çox az sayda azərbaycanlı xaricə miqrasiya etdi. Ümummili lider Heydər Əliyevin düşünülmüş dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi azərbaycançılığın inkişafının yeni mərhələsinə qədəm qoymasına səbəb oldu. Azərbaycan ərazicə və əhalicə kiçik olmasına, dövlət müstəqilliyini yeni bərpa etməsinə baxmayaraq bu gün dünya birliyində tanınan ölkələrdən biridir. Bu, heç də hər bir böyük dövlətə nəsib olmur. Bunun nəticəsidir ki, bu gün biz öz təbii sərvətlərimizə sahibik, öz hüquqlarımızı, ərazi bütövlüyümüzü təmin etmişik. Regionun, eyni zamanda böyük bir arealın ciddi və nüfuzlu bir dövlətinə çevrilmişik. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir ölkəyə çevrilib. Ölkəmiz beynəlxalq təşkilatlarda aparıcı rol oynayan dövlətlərdən biridir”.
Aydın Mirzəzadə vurğulayıb ki, bu gün inkişafın Azərbaycan modelinə böyük diqqət var: “Azərbaycan dilinin xarici ölkələrdə öyrənilməsinə böyük bir maraq oyanıb. Ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz dünya səviyyəsinə tanınır. Xalqımızın maddi və qeyri-maddi dəyərləri YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Ona görə də, azərbaycançılıq Azərbaycan xalqının maraqlarına cavab verən, dünyanın inkişafını müəyyənləşdirən əsas prinsiplərdən biridir”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanıb.