6 Dekabr 2022 17:41
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Moskvaya səfər etdi. Ceyhun Bayramov Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü. Görüşdən əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayımladı. Bəyanatda belə bir cümlə var idi: “Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı, eyni zamanda müttəfiqidir”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Rusiya Azərbaycanın müttəfiqidirmi?

Mərkəzin ekspertlərinin suala cavabı belədir:

“Rusiya Azərbaycanın müttəfiqidirsə, Qarabağdakı erməni separatçılarını niyə tərksilah etmir? Əksinə, Rusiyanın Qarabağdakı hərbi kontingenti erməni separatçılarıyla əməkdaşlığı genişləndirir. Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı məntəqələri erməni dilində adlandırması Azərbaycanda böyük etiraz yaradıb. Rusiya Ermənistanla Qarabağı birləşdirən yoldan xarici ölkə vətəndaşlarının keçidinə də şərait yaradıb. Bu, Azərbaycan qanunlarına ziddir. İran kəşfiyyat strukturlarının nümayəndələri Ermənistandan Qarabağa keçir və rusiyalı hərbçilər buna şərait yaradırlar.

Qarabağdakı Rusiya hərbi kontingentində xidmət edən hərbçilər Qarabağın Azərbaycana aid olmadığını güman edirlər. Bunu Ermənistanla Qarabağı birləşdirən yolda xidmət edən rusiyalı hərbçilərin orada azərbaycanlı jurnalistlərin suallarına verdikləri cavablarından da anlamaq olar.

Qarabağdakı rusiyalı hərbçilərin geyimlərində və hərbi texnikalarındakı Z işarəsi Ukraynada işğalçı müharibədə istifadə olunur. Bu işarənin Qarabağda da istifadə olunması Azərbaycan cəmiyyətində narazılıq doğurub. Eyni zamanda, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Azərbaycan cəmiyyətində neqativ qarşılanır. Bütün bunlara görə “Rusiya Azərbaycanın müttəfiqidir” fikri inandırıcı deyil.

Buna baxmayaraq, müxtəlif səbəblərdən rəsmi Bakı Moskva ilə müxtəlif mövzuları müzakirə etmək məcburiyyətindədir. Bayramov və Lavrov arasında dekabrın 5-də keçirilən görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr planı imzalandı. Bundan başqa, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş poçt markasının təqdimetmə mərasimi keçirildi. Görüşdən sonra keçirilən mətbuat konfransında Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışladığını bildirdi”.

Məqalədə vurğulanır ki, bu il ərzində işğaldan azad edilən ərazilərə Rusiyanın biznes nümayəndələrinin missiyaları həyata keçirilib:

“Ceyhun Baymarov mətbuat konfransında Şimal-Cənub layihəsinin də müzakirə olunduğunu dedi. Ceyhun Bayramov bu layihənin və tranzit marşrutunun potensialı böyük olduğunu vurğulasa da, İran-Azərbaycan münasibətlərindəki artan gərginlik Şimal-Cənub layihəsinin yerinə yetirilməsində suallar yaradır. İki ölkə arasında siyasi münasibətlər gərgindirsə, ortaq layihələrin reallaşdırlması da çətinləşir. Buna görədir ki, İran rəsmiləri son zamanlar Şimal-Cənub xəttinin Ermənistandan keçməsi ilə bağlı fikirlər söyləyirlər. Halbuki bunun praktik zəmində reallaşması problematikdir.

Ermənistandan tranzit yolların çəkilməsi üçün milyardlarla dollar xərclənməlidir, həm də bu böyük zaman tələb edir. Azərbaycanda isə yollar hazır vəziyyətdədir. Buna baxmayaraq, Şimal-Cənub layihəsinin tam gücüylə işləməsi üçün İran-Azərbaycan münasibətlərindəki gərginliyin azalmasını gözləmək lazım gələcək. Bu gərginlik səbəbindən Lavrovun səsləndirdiyi 3+3 formatında görüşün təşkili də çətindir.

Ceyhun Bayramovla Sergey Lavrovun müzakirə etdiyi əsas mövzu bölgədə sülhün yaradılması ətrafında oldu.

Birincisi, Lavrov Azərbaycanın bir sıra dövlət strukturlarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciəti mövzusuna toxundu. Böyük ehtimalla bu mövzunun müzakirəsini Bayramov təklif edib. Çünki Azərbaycan Qarabağda həm yolu, həm də ermənilərin yaşadıqları məntəqələri nəzarətə götürmək üçün indidən çalışmalara başlamalı və bölgədəki rusiyalı hərbçilər buna mane olmamalıdır. Lavrovun bu məsələyə münasibəti belə oldu ki, Azərbaycanın dövlət strukturları Qarabağda Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə iş aparır və guya rusiyalı hərbçilər bununla fəal məşğuldur. Bu, ümumi cavabdır.

Lavrov həqiqətən Azərbaycanı Rusiyanın müttəfiqi saysaydı, belə deməliydi: “Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan dövlət strukturlarının orada araşdırma aparmaq hüququ var, rusiyalı hərbçilər onlarla əməkdaşlıq edəcək”.

İkincisi, Ceyhun Bayramovun mətbuat konfransında “Azərbaycan Qarabağ ermənilərinin digər vətəndaşlarla eyni hüquqlara malik olacağına təminat verir” cümləsi Lavrova növbəti mesaj idi ki, rəsmi Bakı bölgəyə heç bir status verməyəcək və bu mövzunu heç kimlə müzakirə etməyəcək.

Üçüncüsü, Lavrov tərəflərin sülh müqaviləsinin Almatı bəyannaməsinə əsaslanmasına razı olmasının yekun işi yüngülləşdirəcəyini bildirdi. Bayramov buna cavab olaraq bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsinin mümkünlüyünü, BMT Nizamnaməsi və Almatı bəyannaməsinin irəli getmək üçün yaxşı əsas olduğunu dedi.

Bu o deməkdir ki, ilin sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin görüşməsi ehtimalı böyükdür. Ermənistan Baş naziri Nikol Paşinyan “Makron da iştirak etsin” israrından imtina etsə, Avropa İttifaqının rəhbəri Şarl Mişelin iştirakı ilə üçlü görüş ilin sonuna qədər Brüsseldə reallaşa bilər”.

Mərkəzin ekspertləri hesab edirlər ki, Bakı sülh sazişinin Almatı bəyanatı əsasında müzakirəsinin əleyhinə deyil:

“Sadəcə problem ondadır ki, Ermənistandakı siyasətçilər Almatı bəyannaməsini fərqli kontekstdən izah etməyə çalışır, bəziləri bunun “Dağlıq Qarabağın müstəqilliyi”nə mane olmadığını iddia edirlər. Ona görə də Bakı sülh sazişinin Almatı bəyannaməsi ilə yanaşı, BMT Nizamnaməsi əsasında imzalanması gərəkliyini bildirir. Bu ikisi bir arada olarsa, Azərbaycana qarşı ərazi iddiası tam ortadan qaldırılar. Ancaq rusiyalı rəsmilər Almatı bəyannaməsi haqda danışarkən, BMT Nizamnaməsini xatırlamırlar. Əslində iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması üçün sülh sazişinə müvafiq bəndin əlavə edilməsinə ehtiyac var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər