13 Dekabr 2022 14:21
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, artıq ikinci gündür azərbaycanlı fəallar, QHT təmsilçiləri Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir. Rus sülhməramlılar azərbaycanlı fəallar və ekoloqlara müvəqqəti nəzarətlərində olan ərazilərdə monitorinq aparılmasına icazə verməyib. Sizcə, burada Azərbaycanın və Rusiyanın mövqeyi nədən ibarətdir?

- Rusiya istəyir ki, Azərbaycan sülhməramlılara hansısa bir status versin və bununla bağlı bir sənəd imzalansın. Beləliklə də, sülhməramlılar hansısa hüquqi statusla Azərbaycan ərazisində qala bilsin. Azərbaycan buna bir halda razı olardı ki, ermənilərin yaşadığı ərazilər tamamilə bizim nəzarətimizə keçsin. Ərazilər tamamilə Azərbaycanın nəzarətinə keçdikdən sonra sülhməramlılar orada yaşayan erməni əsilli vətəndaşların təhlükəsizliyinə cavbdeh olaraq qala bilərdi. Eyni zamanda Azərbaycan özü bu ərazilərdə dinc fəaliyyətini davam etdirə bilərdi. Beləliklə də oradan yaşayan erməni əsilli vətəndaşların tədricən Azərbaycana inteqrasiyası baş verəcəkdi. Azərbaycanın mövqeyi məhz budur.

- Ermənistanın mövqeyi nədən ibarətdir? Gərginliyin yaranması qarşı tərəf üçün nə dərəcədə effektivdir?

- Nikol Paşinyan və erməni cəmiyyətinin mövqeyinə görə, Xankəndi Azərbaycan dövlətinin daxil olmasından sonra bir-iki ildən sonra orada yaşayan və proseslərlə barışmaq istəməyən erməni əhalinin bir hissəsi ərazini tərk edəcək. Amma burada da mötədil düşüncəyə malik olan erməni əsilli insanların qalması mümkündür. Onlar burada qalıb Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edə biləcəklər. Həmçinin onların Azərbaycan pasportu, kommunal xidmətlər də alacağı, bizim dövlətin ayırmış olduğu təqaüdlərdən də yararlanacağı mümkündür. Bununla da Azərbaycanlılarla ermənilər arasında normal münasibətlər yaranacaq. Bununla da bölgədə gərginlik yaratmaq istəyənlərin niyyəti puç olacaq. Görünür bu hal radikal düşüncəli ermənilər üçün əlverişli deyil.

- Vəziyyəti bu nöqtədən tərpətmək üçün daha hansı effektiv addımlar atıla bilər?

- Bölgədə sabitliyin yaranmasını əslində Avropa və ABŞ-da istəmir. Çünki münaqişə onlar üçün regiona əllərini uzatmaq və daxil olmaq üçün başlıca vasitədir. Ona görə də, burada vəziyyəti yerindən tərpətmək üçün Azərbaycan məhz belə bir addıma əl atıb. Azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri prosesə reaksiya verir. Amma bu cəhdə qarşı rus sülhməramlıları ilkin həmlədə mane oldu. İkinci cəhddə isə erməni əsilli insanlar burada ortaya atıldı. Beləliklə, məhz oradan yaşayan erməni əsilli vətəndaşların əli ilə prosesə mane olmağa çalışdılar. Bununla da heç bir hərbi təzyiq olmadan orada yaşayan mülki erməniləriun əli ilə prosesi saxlamağa cəhd edildi.

- Azərbaycan cəmiyyətinin prosesə adekvat reaksiyasının nəticəsi necə olacaq?

- Azərbaycan tərəfi də onların ictimai təzyiq faktoruna adekvat cavab vermək qərarı ilə ortaya mövqe qoyub. Beləliklə rus sülhməramlılarının qarşısında vacib bir seçim qalıb. Onlar gülləni havaya atmalı, yaxud da ki, başqa təzyiq yolu ilə aksiyanı dağıtmaqla bağlı illuziyalara qərq ola bilərlər. Təbii ki, belə bir hal baş versə, onların sülhməramlı missiyası da sıradan çıxmış olur. Bu hala olarsa, onların bundan sonrakı dövr üçün heç bir statusundan danışmaq olmayacaq. Bütün bunların fonunda Azərbaycanın o ərazidə yaşayan mülki ermənilərlə heç bir işi yoxdur. Biz sadəcə istəyirik ki, ərazidə olan faydalı qazıntı yataqlarına baxaq, onun monitorinqini həyata keçirək.

- Bəs bu hal nə vaxta qədər davam edə bilər?

- Yeganə həll yolu rus sülhməramlılarının Azərbaycan və erməni əsilli insanlarla mümkün əlaqələrinə maneə olmamasıdır. Azərbaycan tərəfi əraziyə daxil olub. Bundan sonra prosesdə bir qədər də irəliləmək lazımdır. Əslində bu addım orada yaşayan radikal erməni kəsimi üçün də bir mesajdır. Çünki Azərbaycan tərərfi istənilən an bu yolu bağlaya bilər. Yəqin ki, onlar da vaxt çox keçmədən ərazini təkr etməlidirlər. Mötədil düşüncəyə malik olanlar isə artıq anlayırlar ki, ərazinin sahibi Azərbaycandır və o istənilən vaxt yolu aça və bağlaya bilər. Ona görə də, bu hazırda Azərbaycan ərazisində yaşayan erməni əsilli mötədil düşüncəyə malik insanların gələcəyi qənaətdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər