13 Dekabr 2022 19:52
3 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, artıq ikinci gündür ki, azərbaycanlı fəallar Şuşa-Xankəndi yolunda aksiya keçirir. Sülhməramlıların komandanlığından tələblər var. Sizcə, məsələlərin bu səviyyəyə qədər inkişafına səbəb nə oldu?

- Rus sülhməramlıları öz fəaliyyətlərinə uyğun hərəkət etmirlər. BMT Nizamnaməsinə görə, sülhməramlıların missiyası sülhü təmin etməkdir. Təəssüf ki, burada BMT Nizamnaməsinin bütün müddəaları pozuldu. Sözsüz ki, Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə burada ekoloji terror həyata keçirilib. Ermənistan tərəfindən bu “siyasət” indi də davam edir. Əslində Qarabağ məsələsi o dövr Topxana meşəsində armud ağacının kəsilməsi ilə başlamışdı. Amma ekologiya ilə bağlı siyasət bu gün dünyada qəbuledilən bir yanaşmadır. Eyni zamanda Azərbaycan öz milli təhlükəsizliyini təmin etməlidir. Çünki rus sülhməramlılarının bu ərazidə daha çox qalması Azərbaycanın təhlükəsizliyinə açıq təhdiddir. Onların missiyası artıq bəlli deyil. Bu, eyni zamanda Azərbaycan vətəndaşlarının hüququdur. Dövlətin həyata keçirdiyi siyasəti vətəndaşlarımız dəstəkləməlidir. Qeyri-hökumət təşkilatları çox uğurlu və ağıllı bir addım atıblar. Burada medianın da rolu danılmazdır. Oradan birbaşa xəbərlərin verilməsində medianın xüsusi zəhməti var. Azərbaycan dili ilə yanaşı erməni və rus dilində da fikirlərin tirajlanması olduqca önəmli idi.

- Prosesin maştabının genişlənəcəyini və eyni zamanda cəmiyyətin digər təbəqələrinin də bu aksiyalara qoşulması mümkündürmü?

- Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrinin, eyni zamanda ziyalıların bu aksiyalara qatılması çox vacibdir. Çünki bu proses bir az uzun çəkəcək. Şəxsən bir ziyalı kimi Şuşa-Xankəndi yolundakı aksiyalara qatılmağa hazıram. Burada həmçinin ekoloji siyasəti gündəmə gətirmək lazımdır. Ərazidə monitorinq aparılması ilə bağlı tələblə kifayətlənmək olmaz. Burada siyasi xətt getdikcə böyüməlidir. 30 ilə yaxın ermənilər və onları dəstəkləyən qüvvələr Azərbaycan ərazisini dağıdıblar. Qərbi Azərbaycandan azərbaycanlıları deportasiya edənlər də onlar idi. Ona görə də, rus sülhməramlılarının davranışları artıq hiddət səviyyəsinə yüksəlib.

- Qarabağda İran və digər qüvvələrin hazırlamağa çalışdığı təxribatlarda sülhməramlılarının "rolu" ilə bağlı hansı informasiyalar var?

- İranın ermənilərə bağışlamış olduğu PUA-lar, eyni zamanda 27 nəfər iranlının qanunsuz olaraq Qarabağ keçidinə rus sülhməramlılar icazə verib. Bu da o deməkdir ki, Azərbaycan ərazisində yeni terror hazırlanır. Sözsüz ki, bu Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Bu, gələcək üçün də problem yaradacaq bir haldır. Ona görə də, Azərbaycan qeyri-hökumət təşkilatlarının Şuşa-Xankəndi yolundakı aksiyası vətəndaşlarımızın fundamental haqqıdır. Azərbaycan vətəndaşları öz hüquqlarını təmin edir, dövlətimizin yanında olduğunu bəyan edir. Bu, eyni zamanda digərləri üçün açıq bir birlik mesajıdır.

- Qarabağa qanunsuz olaraq göndərilən Ruben Vardanyanın artıq davranışları ilə gərginliyə yol açdığı məlumdur. Atılan son addımların Vardanyan layihəsinə təsirini necə qiymətləndirmək olar?

- Əlsində Rardanyan layihəsi tam iflic olmayıb. Azərbaycan bunu özü edəcək. Çünki o, əraziyə elə-belə göndərilməyib. Onlar Vardanyanın əli ilə Hadrutu yenidən öz nəzarətlərinə götürüb, Şuşa yolunu kəsməklə Ermənistan ictimaiyyətini Paşinyanı devirməyə sövq etmək kimi niyyətləri var. Beləliklə də Vardanyanı Ermənistanda hakimiyyət gətirmək istəyirlər. Azərbaycanda “5-ci” kolon iş başındadır. Bizim də Pavlik Morozovlarımız az deyil. Onlar sanki ruslardan ötrü “ölürlər”. Dövlətə, millətə xəyanət etmək istəyən milli satqınlar var. Onların əli ilə Azərbaycanda qarışıqlıq yaratmaq niyyətindədirlər. İstəkləri odur ki, türk dünyası birləşməsin, Orta Asiya bunların nəzarətinə keçsin. Böyük İpək yolu da əllərində olsun və s. Burada həmçinin digər qlobal mahiyyətli layihələr də var. Ona görə də, Rusiya burada öz imperiya ambissiyalarından əl çəkmir. Bu aksiyaların olması Rusiyanı, pozuculuqda maraqlı olan tərəfləri çəkindirmək üçün mühüm addımdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər