ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- Son günlərdə Rusiya sülhməramlılarının Qarabağda Azərbaycanı qıcıqlandıran fəaliyyətləri gərginliyi artırıb. Sizcə, gərginlik hansı həddə qədər yüksələ bilər, ümumən, baş verənləri hansı kontekstdə şərh etməliyik?
- Azərbaycanın son zamanlarda atdığı addımlardan öncəki dövrə də baxmaq lazımdır. Bundan əvvəl həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi tərəfindən Laçın yolunun qanunsuz fəaliyyətlər üçün istismarı ilə bağlı xəbərdarlıq edilmişdi. Həftələrlə Azərbaycanın müvafiq qurumlarının Rusiyaya xəbərdarlığının şahidi olduq. Amma heç bir nəticə əldə edilmədi. Beləliklə, Azərbaycan müəyyən problemlərin həllinin sürətləndirilməsi – həm resurslarımızın qanunsuz istismarının, həm də Laçın yolundan humanitar məqsədlərdən kənar məqsədlər üçün istifadə edilməsinin qarşısını almaq üçün müəyyən addımlar atdı. Bu proses Laçın yoluna həm də Azərbaycanın nəzarətinin təmin edilməsi ilə yekunlaşmalıdır. Çünki bunun alternativi yoxdur. Çünki Rusiya “sülhməramlı”larının fəaliyyətləri Azərbaycanın maraqları ilə yanaşı, 10 noyabr anlaşmasının ruhuna da ziddir.
Həmin anlaşmanın bəndlərindən biri Rusiya sülhməramlılarının Xankəndi və ətrafında oradakı erməni silahlı birləşmələrinin çıxarılmasına paralel şəkildə yerləşdirilməsini nəzərdə tutur. Amma biz rus “sülhməramlı”larının yanında silahlı erməniləri görürük. Adını da “özünümüdafiə qüvvələri” qoyublar, halbuki Azərbaycan qanunvericiliyinə görə bu qadağandır. Rusiyalı hərbçilərin bu kimi fəaliyyətləri bu ərazilərin növbəti dəfə silahlandırılması ilə nəticələnə bilər. Ona görə də, Azərbaycan Rusiyadan Laçın yolunun yalnız humanitar məqsədlər üçün istifadə edilməsi öhdəliyinin yerinə yetirilməsini tələb edir.
Azərbaycan bunun üçün Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qoyulmasına nail olmalıdır. Bununla Laçın yolundan ərazilərimizə qanunsuz hərbi daşınmaların, İran və digər xarici ölkə vətəndaşlarının qeyri-qanuni keçidlərinin qarşısını ala bilərik. Azərbaycan buna mane olmağa çalışır. Doğru olan budur: Laçın yolunda Azərbaycanın nəzarət-keçid məntəqələri yaradılmalıdır.
- Bölgədə gərgin gəlişmələrin baş verdiyi vaxtda bir sıra xarici media qurumları növbəti cəbhənin Cənubi Qafqazda açıla biləcəyini iddia edirlər. Bəs bu ehtimal nə qədərdir?
- İki məsələni bir-birindən ayırmaq lazımdır. Birincisi, Ermənistan və Azərbaycan arasında gedən danışıqlar və bunun hansı formada yekunlaşması məsələsidir. Bu, sərhədlərin dəqiqləşdirilməsini, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasını və kommunikasiyaların açılmasını nəzərdə tutur. Azərbaycanın bununla bağlı irəli sürdüyü beş prinsip var. Bu prinsiplər əsasında Vaşinqton, Brüssel və Rusiyada danışıqlar olub. Azərbaycan istəyir ki, beynəlxalq fundamental prinsiplər əsasında Ermənistanla münasibətləri normallaşsın.
İkincisi, Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə bağlıdır. Bu həm başqa bir mövzudur, həm də başqa davranış qaydaları tələb edir. Qarabağın dağlıq hissəsi Azərbaycanın suveren ərazisidir. Öz suveren ərazisində dövlət və hökumət qurumlarının nəzarət mexanizmlərinin yaradılması Azərbaycanın hüququdur. Bu, beynəlxalq hüquqa görə də belədir. Ona görə də, düşünmürəm ki, indiki məqamda irimiqyaslı əməliyyatların və ya Üçüncü Qarabağ Savaşının başlamasına ehtiyac olsun. Amma Azərbaycan ehtiyac yaranacağı təqdirdə, öz ərazilərində antiterror əməliyyatları keçirərək, ermənilərin qanunsuz silahlı birləşmələrinin zərərsizləşdirilməsi istiqamətində kəskin addımlar ata bilər. Bu, bizim suveren hüququmuzdur.
- Regiondakı proseslər fonunda Rusiya tələskən görünür. Vladimir Putin tez-tez Azərbaycan və Ermənistan liderlərinə zəng edir, Kremldən növbəti görüşün Rusiyada keçirilə biləcəyinə eyham vurulur və s. Sizcə, tələsən Rusiya belə tezliklə nəyə nail olmaq istəyir?
- Rusiya qlobal çərçivədə baxdıqda anlayır ki, bölgədə nüfuz və təsir dairələrini itirmək üzrədir. Ümumiyyətlə, bölgədə sülhün olması və ya Ermənistanla Azərbaycan arasındakı problemlərin həlli Rusiyaya sərf etmir. Bütün problemlərin köklü şəkildə həlli Rusiyanın həm Azərbaycana, həm də Ermənistana təzyiqlərinin azalması ilə nəticələnəcək. Rusiya bunu açıq şəkildə görür və bundan narahatdır.
Rusiyanın dünyada “sülh qurucusu” imicini saxladığı yeganə bölgə Qarabağdır. İndi Rusiya bölgədə bu “missiya”nı yerinə yetirdiyi görüntüsünü yaratmaqla, həm də problemlərin birdəfəlik həllinə mane olmağa çalışacaq. Düşünürəm ki, Rusiyanın əsas strategiyası bundan ibarətdir. Buna görə də, Putin və Rusiya tələsir ki, heç olmasa, yaxınlarda sərhədlərin və ya kommunikasiyaların açılması ilə bağlı hansısa bir sənəd imzalansın, amma Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə bağlı məsələ dondurulsun. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi dəfələrlə sülh müqaviləsinə dair Rusiya variantına tərəfdar olduğunu bəyan edib. Hətta Rusiya “sülhməramlı”larının Xankəndi və ətrafında müddətsiz qalmasını təklif edib. Bu da Rusiyaya sərf edir.
Rusiya çalışır ki, həm rıçaqları əldən verməsin, həm “sülh qurucusu” imicini saxlasın və dünyaya burada “yeganə moderator” olduğunu sübut etsin, həm də məsələlərin həlli qarşıdakı onilliklərə ertələnsin. Təbii ki, bu, Azərbaycana sərf etmir.
- Bəs prosesin dondurulması ehtimalı varmı?
- Atılan addımların alqoritminə baxdıqda görürük ki, Azərbaycan bunu istəmir və bu məsələlərin həllində çevik olmağa çalışır. Amma görünən budur ki, Rusiya və Ermənistan bacardıqca bu məsələni dondurmağa cəhd göstərəcək. Hər ikisi bu çərçivədə razılaşmış kimi davranır. Bu təhlükəlidir. Çünki orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizə inteqrasiyasının qarşısında duran əsas maneə Rusiyanın bölgə ilə bağlı siyasətidir. Məsələn, Rusiya “sülhməramlı”ların yerləşdikləri ərazilərdə iş yerləri yaradılır, erməniləri orada işə götürürlər və ya iqtisadi olaraq özlərinə bağlayırlar, oradakı “ermənilərin təhlükəsizliyinə ancaq Rusiyanın zəmanət verəcəyini” sübut etməyə çalışırlar. Bundan başqa, rus dilinin qondarma qurumun ikinci dili kimi qəbul edilməsinə nail oldular, “rus icması”, pravoslav kilsəsinin nümayəndəliyi yaradılır və s.
Bütün bunlar prosesi dondurmaq cəhdlərindən xəbər verir. Amma Azərbaycanın bununla bağlı qəti və açıq mövqeyi də var. Düşünürəm ki, həm diplomatik, həm də hərbi-diplomatik yollarla bunun qarşısı alına bilər və alınacaq da!