13 Dekabr 2022 18:20
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aktivistlər və qeyri-hökumət təşkilatları təmsilçilərinin Şuşa-Xankəndi yolunda keçirdikləri aksiya fundamental tələblərə əsaslanır. Bir müddət öncə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamalı idi. Lakin sülhməramlılar buna imkan yaratmamışdılar.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O hesab edir ki, 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmaya görə, Azərbaycan ərazisində bir nəfər də olsun qanunsuz silahlı qalmamalı idi:

“Amma nə bu razılaşma ilə üzərinə mühüm missiya götürmüş rus sülhməramlıları, nə də ki, Ermənistan hakimiyyəti götürdüyü öhdəlikləri icra etməyib. Hələ üstəlik yerləşdikləri ərazilərdə bölgənin talanması, eko sistemin məhv edilməsi, təbii sərvətlərin qeyri-qanuni istismarına da yol açan fəaliyyətlər baş verib. 30 ilə yaxın Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla bölgədə ekoloji terror törədib. Bu gün də Azərbaycana məxsus ərazilərdə separatçılar sülhməramlıların dəstəyi ilə təbii ehtiyyatların mənimsənilməsi, mineral yataqların qanunsuz istismarı həyata keçiriıir. Azərbaycan tərəfi də haqlı olaraq bu məsələ ilə bağlı monitorinqlərə başlamağa təşəbbüs göstərib”.

Millət vəkilinə görə, azərbaycanlı mütəxəssislərin növbəti dəfə əraziyə buraxılmaması haqlı narazılığa səbəb olub:

“Ona görə də azərbaycanlı qeyri-hökumət təşkilatların təmsilçiləri, fəal vətəndaş cəmiyyəti qrupları Şuşa-Xankəndi yolunda aksiya keçirir. Aksiya iştirakçılarının da tələbi odur ki, həmin mineral yataqlarda monitorinqlər aparılsın. Amma çox təəssüf rus sülhməramlılarının komandanı Aleksandr Volkov azərbaycanlı mütəxəssislərin tələbinə reaksiya verməyib. Belə olan halda aksiyaların bundan sonra da davam etməsi qaçılmaz olacaq. Azərbaycana məxsus təbii sərvətlərin istismarına, talanmasına heç bir halda imkan verilməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər