14 Dekabr 2022 17:40
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan cəmiyyəti bir daha öz torpaqlarına, milli maraqlarına sahib çıxdığını, onu ən yüksək səviyyədə qoruduğunu nümayiş etdirir. Çünki rus sülhməramlılarının son iki ildə vəzifələrindən uzaq işlərlə məşğul olması məhz bu cür halın yaranmasına səbəb oldu. Ona görə də, bu gün mövcud reallığa uyğun suallar açıq qalıb. Eyni zamanda sülhməramlılar Azərbaycan tərəfinin haqlı tələblərinə cavab vermək istəmir. Bu da haqlı narazılıqlar yaradır.

Bunu Teleqraf.com-a Şuşa-Xankəndi yolunda keçirilən aksiyaya münasibət bildirən hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O hesab edir ki, sülhməramlıların toponimlərlə bağlı, eyni zamanda keçmiş Dağlıq Qarabağ ifadəsindən imtina etməmələri də mövcud narazılıqları bir qədər də gücləndirir: “Bütün bunlar əslində Rusiya dövlətinin prosesə necə yanaşdığının göstəricisidir. Azərbaycan cəmiyyəti məhz haqlı olaraq tələb edir ki, sülhməramlılar müvəqqəti nəzarətində olan ərazilərə öz istəklərinə uyğun adamlar buraxmasın. Burada həmçinin Azərbaycan əleyhinə də müəyyən işlərin həyata keçirilməsi ilə bağlı faktlar var. Bunun fonunda isə azərbaycanlı fəalların, ekoloqların öz ərazimizdə monitorinq aparmasına sülhməramlılar imkan vermir. Bu faktın arxasında isə bir çox məqamların gizləndiyi də sirr deyil”.

Hərbi ekspertə görə, sülhəmaramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər üçün heç bir təhlükə yoxdur: “Amma azərbaycanlı mütəxəssislərə öz ərazimizdə təhlükəsiz şəraitdə mineral yataqlarda, faydalı qazıntı ocaqlarında monitorinq aparmağa imkan verilmir. Sözsüz ki, bu cür davranış Azərbaycan dövlətinin və cəmiyyətin bundan sonra atacağı addımları bir daha gündəmə gətirir”.

Şair Ramaldanov bildirib ki, biz cəmiyyət olaraq Şuşa-Xankəndi yolundakı aksiyanın sona qədər davam etməsinin və bunun öz məqsədinə çatana qədər ardıcıllığının qorunmasını istəyirik: “Sözsüz ki, bundan sonra sülhməramlıların fəaliyyətinə Azərbaycan tərəfindən tam nəzarət olunmalıdır”.

Polkovnikin fikrincə, sülhməramlılar azərbaycanlı mütəxəssislərin ərazidə monitorinq aparmasına ona görə şərait yaratmırlar ki, orada bəzi məsələlərin ört-basdır edilməsi üçün müəyyən vaxt qazanılsın: “Bununla da ərazidə törədilmiş ekoloji terrorun izlərini itirməyə cəhdlər edilir. Təbii ki, sülhməramlılar bundan sonrakı fəaliyyətlərini bu cür formada davam etdirə bilməyəcək. Burada yolun bağlanması ilə bağlı səslənən fikirlər də əsassızdır. Çünki yolu aksiya iştirakçıları deyil, sülhməramlılar bağlayıb. Fakt odur ki, aksiyanın qısa zamanda başa çatmasını təmin etmək olardı. Əgər rus sülhməramlılar azərbaycanlı mütəxəssislərin ərazidə monitorinqinə şərait yaratsa idi, bu hal baş verməyəcəkdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər