Sabiq diplomat, politoloq Fikrət Sadıqov Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Xankəndi-Şuşa yolunda başlayan etiraz aksiyası necə nəticələnə bilər, sonda istəyimizə nail ola biləcəyikmi?
- Axıra qədər dayanmalıyıq, ora bizim ərazimizdir. Öz ərazimizdə baş verənlərə biz nəzarət etməliyik, monitorinq aparmalıyıq. Ekoloqların ora getməsi vacibdir. Əlbəttə, ekoloqların və fəalların mülki missiya üçün öz ərazilərimizə buraxılmaması əsl təxribatdır. Bu təxribatı ermənilər törədir, sülhməramlılar da onları açıq şəkildə dəstəkləyir.
İndiyədək baş verənlərə başqa don geyindirə bilirdiniz, indi isə zaman və reallıqlar dəyişib. Biz öz torpaqlarımıza getməliyik və orada baş verənlərin içində olmalıyıq. Zamanla hər şeyin öz axarına düşəcəyinə inanıram. Bir yola çıxmışıq və bunun geri dönüşü yoxdur.
- Son gəlişmələr fonunda Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qoyulması ehtimalı da artır. Siz bu haqda necə düşünürsünüz?
- Öz ərazimizdir, orada həm gömrük, həm də polis postu qura bilərik. Bu məsələyə də ciddi yanaşırıq. Hər halda baş verənlər göstərir ki, sülhməramlılar baş verənlərin önünə keçmək istəmirlər, əksinə, ermənilərin başlarını sığallayırlar, onları dəstəkləyir və müdafiə edirlər. Görünən budur ki, sülhməramlıların rəhbər şəxsləri və ya yüksək rütbəli zabitləri Vardanyanla əlbirdirlər, işbirliyi yaradıblar, bizim mədənlərimizi talan etməklə məşğuldurlar. Buna görə də, Laçın yolundan daşınan yükləri biz yoxlamalıyıq. Bu, bizdən və bizim iradəmizdən asılı məsələdir.
- Erməni mətbuatı Laçın yolunda baş verənlərin Zəngəzur dəhlizinin açılmasına, eləcə də Ermənistan və separatçıların qanunsuz silahlı birləşmələrinin ərazilərimizdən çıxarılmasına zəmin yaradacağını yazır. Bu ehtimal nə qədər mümkün ola bilər?
- 10 noyabr bəyannaməsində açıq şəkildə qeyd olunur ki, Rusiya sülhməramlıları erməni hərbi qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir. Yəni qanunsuz şəkildə yerləşdirilmiş həmin qüvvələr Azərbaycan ərazilərini tərk etməlidir. Amma sənədin imzalanmasından ötən iki il ərzində nə ruslar, nə də ermənilər bu öhdəliklərinə əməl edirlər. Əksinə, rus sülhməramlıları həmin silahlı dəstələri açıq dəstək verirlər. Bu məsələnin həllinin də zaman məsələsi olduğunu düşünürəm.
Zəngəzur dəhlizi məsələsinə gəldikdə, bu da üçtərəfli anlaşmalarda öz əksini tapır. Türkiyə, Azərbaycan və Türkmənistan liderlərinin son üçtərəfli görüşündən verilən mesaj da göstərdi ki, biz bu ideyanı mütləq reallaşdırmalıyıq. Heç kəs buna görə bizə mane ola bilməz, ardıcıl şəkildə bu məsələni həll etməliyik.
Zəngəzur dəhlizinin açılması, ilk növbədə, bizim maraqlarımıza cavab verir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin olunmalıdır. Ermənistan bununla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.
Eyni zamanda, Zəngəzur dəhlizinin açılması digər dövlətlərin də maraqlarına cavab verir. Bura Türkiyə, Rusiya, ABŞ, Çin, Orta Asiya və bir sıra Qərb dövlətləri daxildir. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanda olarkən bu məsələnin önəmini bir daha gündəmə gətirdi və bu xəttin açılacağının anonsunu verdi.
- Moskvadan Xankəndiyə göndərilmiş Ruben Vardanyanın fəallığı da diqqətdən yayınmır. Azərbaycan əleyhinə həddini aşan bəyanatlar verən Vardanyan “gələcək planlar”dan danışır. Sizcə, onun bu “gələcək planlar”ını həyata keçirməyə vaxtı olacaqmı?
- Vardanyan Rusiyadan Xankəndiyə göndərilmiş bir ünsürdür, Qarabağa heç bir aidiyyəti yoxdur. Onun fəaliyyəti də sünidir, quraşdırılmış işdir. Təcrübə göstərir ki, qarşısına qoyulmuş tapşırıqların öhdəsindən gələ bilmir. Çünki biz buna imkan vermirik, etiraz aksiyalarımızı keçiririk, zərurətə çevrilən digər addımlarımızı atırıq. Azərbaycan onun və digərlərinin qızıl yataqlarımızı qanunsuz istismar etmələrinə imkan və icazə verməyəcək. Vardanyanın öz pulları ilə kimlərisə şirnikləndirməsi də əbəsdir.
Vardanyan cinayətkardır, bizim ərazilərimizə də qanunsuz şəkildə soxulub. Buna görə də Azərbaycan qanunları qarşısında məsuliyyət daşıyır. Hər halda bizim Vardanyanla heç bir ünsiyyətimiz yoxdur və olmayacaq da! Ərazilərimizdə bu şəkildə qanunsuz fəaliyyət göstərən ünsürlər ölkəmizdən rədd olunmalıdır. Bu, bizim qəti və prinsipial mövqeyimizdir. Dövlət başçısı da öz çıxışında bildirdi ki, oradakı etnik ermənilərlə əlaqələrimiz var. Bu ünsiyyət bundan sonra da davam edəcək, amma Vardanyanla yox.
- Bölgədə maraqları olan hər bir gücün, o cümlədən Azərbaycanın nə istədiyi bəllidir. Ermənistan isə ziddiyyətlər içindədir. Bu nədən irəli gəlir, İrəvan nə etməyə çalışır?
- Ermənistanın indiki hakim komandası hakimiyyətə gələndə elan etdi ki, separatçılara bundan sonra da kömək edəcəklər, Qarabağ onlar üçün strateji məsələ olacaq və sair. Amma bu baş tutmadı. Onların Qarabağ ermənilərini müdafiə etmələrinə ehtiyac yoxdur. Çünki Azərbaycan tərəfdən onlara heç bir təhlükə yaranmır. Biz bunu dəfələrlə demişik və əməllərimizlə təsdiq edirik.
Görünən budur ki, Ermənistanda bu məsələdən istifadə etmək istəyən müəyyən dairələr Paşinyanı devirmək istəyirlər. Ermənistan parlamentinin sonuncu iclasında baş verənlər və oradakı çıxışlar da bunu təsdiq edir. Radikal müxalifətin Paşinyana qarşı sərtləşməsi də sübut edir ki, təşviş içindədirlər. Başa düşürlər ki, öz məqsədlərinə nail ola bilməyəcəklər. Buna imkan verməyəcəyik.
Hələlik məsələlərin həllini dinc aksiyalarla tələb edirik. İstisna etmirəm ki, dinc aksiyalardan sonra digər vasitələrdən də istifadə edə bilərik.