Bütün bu məsələlər göstərir ki, müstəqilliyi qazanmaq asan, amma onu müdafiə etmək olduqca mürəkkəbdir. Amma bununla belə bu vacib bir məsələdir. Azərbaycan həmişə beynəlxalq öhdəliklərə sadiq olub. Ölkəmiz 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə sadiqliyini nümayiş etdirib. Bu sadiqlik ilk növbədə ərazi bütövlüyümüzün təmini üçündür. Çünki biz heç kəsdən hansısa bir torpaq istəmirik, nə də ki, onun hansısa bir madiyyatına, tarixinə, mədəniyyətinə iddiamız yoxdur. Bizim öhdəliyimiz, fəaliyyətimiz ancaq müstəqilliymizi, suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaqdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O hesab edir ki, iki il ərzində bu istiqamətdə çox mübarizə aparılıb: “Görünən isə odur ki, dünyanın bir hissəsi hələ də Ermənistanın Azərbaycan torpaqlarının işğalına göz yumduğu kimi, ölkəmizin rastlaşdığı çətinliklərə də biganə yanaşır. Çox təəssüf ki, rus sülhməramlıları öz öhdəliklərini yerinə yetirmir. Əslində onların vəzifələri iki tərəf arasında atəşkəsə əməl edilməsini qorumaq və Azərbaycanın suverenliyinə hörmətlə yanaşmaqdır. Bununla belə Azərbaycanın müəyyən bir ərazisinə istədikləri şəxslər, yüklər buraxılır. Orada qeyri-qanuni hərbi dəstələr fəaliyyət göstərir. Azərbaycanın təbii sərvətləri istismar olunur. Bütün bu məsələlərlə bağlı Azərbaycan öz suveren hüquqlarını yerinə yetirmək istədikdə isə bir ovuc erməninin “mövqeyi” önə çıxır. Rus sülhməramlıları isə bu məsələdə kənarda qalır”.
Deputatın fikrincə, bu kimi məsələlərə Azərbaycan hakimiyyəti ilə cəmiyyətin mövqeyi eynidir: “Ona görə də burada vətəndaş cəmiyyəti öz sözünü dedi. Sivil qaydada rus sülhməramlılarından öz vəzifələrini yerinə yetirmək tələb olunur. Aksiyaçılar sivil şəkildə Azərbaycanın sərvətinə göz dikənlərə “yox” şüarını deyir. Bu müddət göstərir ki, Azərbaycan özünün hüquqlarını qorumaqda bütün vasitələrdən istifadə edir. Dünya məhz bu amili nəzərə almalıdır”.
Aydın Mirzəzadəyə görə, təəssüflər ki, bu gün kor-koranə Ermənistanı və erməni millətçilərini müdafiə edənlər var: “Məsələnin mahiyyətinə varmadan, ölkələrinin Azərbaycandakı səfirliklərindən obyektiv informasiya almadan dövlətimiz əleyhinə bəyanat verən Xarici İşlər Nazirlikləri var. Amma bütün bunlar heç bir halda Azərbaycanı və xalqımızı qorxuda bilməz. Qətiyyətimiz ortadadır. Vətəndaş cəmiyyətinin nümayəndləri vətənpərvərliklərini göstərdilər. Mən fəxr edirəm ki, o gənclərin içərisində universitetdə dərs dediyim qrupdan iki tələbəm var. Onların vətənpərvərliyini, dövlətə, müstəqilliyə bağlılığını ilk gündən hiss edirdim. Təbii ki, biz millət vəkilləri də həmin o aksiyaya qatılmağa hazırıq. Amma burada ilk növbədə vətəndaş cəmiyyətinin fəalları iştirak etdiyinə görə, onları dəstəkləyirik. Ürəyimiz onlarladır. Tək deputatlar deyil hər kəs bu gün soyuqda, qarda, ayaq üstə, çətin şəraitdə Azərbaycan üçün mabarizə aparan gənclərimizlə birlikdədir”.