19 Dekabr 2022 18:00
8 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi torpaqlarımızda, ümumiyyətlə heç bir bölgəmizdə kimsə dövlətimizin razılığı olmadan nəinki aviasiya vasitəsi, heç quş da uçura bilməz. Çünki o, Azərbaycanın Hərbi Hava Qüvvələri tərəfindən dərhal məhv edilər. Bu birmənalıdır. Digər tərəfdən bu gün qanunsuz olaraq Azərbaycan ərazisində məskunlaşmış Ruben Vardanyanın müharibə ritorikasından danışması da ona baha başa gələcək. Azərbaycanın aidiyyatı güc strukturları bu cür açıqlamaların altını-üstünə çevirmək üçün bütün imkan və potensiala malikdir.

Bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

O hesab edir ki, erməni silahlıları tərəfindən Azərbaycana qarşı baş verə biləcək istənilən təxribat mümkündür: “Bu, Vardanyanın açıqlamalarının altını doldura biləcək bir addım kimi ehtimal olunur. Azərbaycan isə bu təxribatların qarşısının alınmasını daha təsirli və adekvat tədbirlərlə davam etdirəcək”.

Hərbi ekspertə görə, bəzən adekvat addım bir çox hallarda təsirli olmaya da bilər: “Amma biz artıq daha təsirli variantlara keçməliyik. Bunun üçün də mülki əhalinin yaşamadığı, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə bir neçə yüksəkliyin də Azərbaycan Ordusunun nəzarətinə keçməsinə daha təsirli variant kimi baxıla bilər”.

Ədalət Verdiyevə görə, sentyabr döyüşləri Azərbaycan-Ermənistan şərti sərhəd xəttində oldu və qarşı tərəfə layiqli dərs verildi:

“İndiki fəaliyyətlər isə rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə olacaq. Xankəndi, Xocalı, Ağdərə, Əsgəran istiqamətində olan yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi erməni tərəfini yeni ildən, yeni surprizlərlə qarşı-qarşıya qoya bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər