II Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi yolla qazandığı qələbəsini qəbul edə bilməyən Fransa qərəzli, selektiv siyasətini davam etdirir. Fransanın tutduğu mövqe Cənubi Qafqazda sülh təşəbbüslərinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşma prosesinə zərbə vurur. “Demokratiya” örtüyünə bürünən, dünyaya “humanizm”, “haqq-ədalət” dərsi keçməyə çalışan Fransa Korsikada törətdiyi qanlı əməllərinə görə cavab verməlidir. Eyni zamanda Fransa höküməti Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı bir iddia irəli sürməmişdən öncə Korsika məsələsinəə baxmalı və “xalqların öz müqqədəratını təyin etmək” ideyasını ilk öncə orada reallaşdırmalıdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Fransanın Korsikada guya antiterror əməliyyatı adı altında törətdiyi vəhşiliklər təəccüb doğurmur:
“Çünki Fransa bu gün Korsikada XVIII əsrdə törətdiyi bəşəri cinayətləri təkrarlamaqla məşğuldur. 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən Korsika Fransanın tabeliyinə keçib. 1796 ildə isə Korsika tamamilə Fransaya birləşdirilib. Fakt isə odur ki, XXI əsrdə Fransa Korsikaya qarşı xüsusi amansızlıqla müstəmləkə siyasəti yürüdür. Ötən yüzilliklərdə Əlcəzairdə, Korsikada törətdiyi cinayətlərə görə cəzalandırılmayan Fransa görünür müasir dövrdə qanlı keçmişindən cəsarətlənib. Korsikalıları seperatçılıqla günahlandıran Emmanuel Makron Fransası guya antiterror əməliyyatı adı altında adanı tam informasiya blokadasında saxlayaraq, repressiv tədbirlər görməyə davam edir. Azad Korsika Partiyasının onlarla üzvü isə terrorçu ittihamı ilə həbs olunub. Bütün bunların fonunda Fransa Araik Arutyunyan kimi terrorçunun “səfərinə” evsahibliyi edir, onun Fransa mətbuatında təbliğinə hərtərəfli şərait yaradır. Ona görə də, bu cür selektiv yanaşmalar qəbuloedilməzdir. Bu açıq özünü humanizm, demokratiya kimi bəşəri dəyərlərin “simvolu” hesab edən Fransa üçün qara ləkədir”.
Millət vəkilinə görə, korsikalıları ölkəni bölməkdə, parçalamaqda ittiham edən Fransa hakimiyyəti dünyanın bir sıra bölgələrində separatizmə dəstək verir:
“44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı qələbəni qəbul etməkdə çətinlik çəkən rəsmi Paris artıq iki ildir ki, vaxtaşırı Qarabağdakı separatçılara dəstək xarakterli bəyanatlarla çıxış edir. Hələ ötən ay Fransa senatında və parlamentin aşağı palatasında (Milli Assambleya) ölkəmizə qarşı yalan və iftira dolu, qərəzli qətnamələr qəbul olunub. Sözsüz ki, bütün bu “qərarlar” siyasi təsir gücünə və hüquqi qüvvəyə malik olmayan adi kağız parçasıdır. Bu eyni zamanda Fransa tərəfindən separatizmin açıq şəkildə dəstəklənməsidir. Amma dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, separatizm qəbuledilməz və yolverilməzdir. Fransada hakimiyyət yer alan yüksək ranqlı siyasi qüvvələr nə vaxtsa “status” məsələsindən danışaraq ərazi bütövlüyünə zidd mövqe tutacaqlarsa. Korsika məsələsinə diqqət yetirib burada “xalqların öz müqəddəratını təyin etməsi” ideyasını reallaşdırmalıdır. Əlcəzairdə, Mərakeşdə, Ruandada, Afrika ölkələrində kütləvi qətliamlar törətmiş müstəmləkəçi Fransanı “humanizm”də danışmaq hüququ yoxdur”.
Tamam Cəfərovaya görə, Fransanın Korsikada törətdiyi vəhşiliklərə qarşı beynəlxalq təşkilatların hüquqi qiymət verməlidir: “Bu qanlı cinayətlərə beynəlxalq təsisatlar çərçivəsində baxılmalıdır. Çünki Fransanın Korsikada törətdikləri beynəlxalq hüququn və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktıdır. Bu mənada BMT Təhlükəsizlik Şurasının Korsika ilə bağlı xüsusi sessiyası çağrılmalıdır. Eyni zamanda Avropa Şurası Parlament Assambleyası Korsikaya faktaraşdırıcı missiya göndərməlidir. Missiya oradakı vəziyyəti dəqiq öyrənməli, yekun hesabat hazırlamalıdır. Fransanın Korsikadakı qanlı fəaliyyəti beynəlxalq ictimaiyyətin gündəminə çıxarılmalıdır”.