23 Dekabr 2022 09:05
4 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ səfərindən gözləntiniz necədir? Rusiya ilə müharibənin gedişatına necə təsir göstərə bilər və bu çərçivədə savaşın taleyini həll edə biləcək anlaşmaların əldə edilməsi mümkündürmü?

- Əsas məsələ budur ki, işğalçı müharibə başlayandan bəri Zelenski ölkəni tərk etmirdi. Doğru siyasət idi. Çünki ordusu savaşırsa, itki verirsə, xalq ağır durumdadırsa, dövlət başçısı gərək ordusu və xalqının yanında olsun. Bəs bu məqamda Zelenski niyə Amerikaya getdi? Bu da təbiidir. Çünki bu müharibədə Ukraynaya dəstək verən əsas dövlət ABŞ-dır. Həm hərbi-texniki, həm də maliyyə dəstəyir verir.

Konqres Ukraynaya növbəti maliyyə yardımı ilə bağlı qərar verməlidir. Üstəgəl, “Patriot” raketlərinin Ukraynaya verilməsi ilə bağlı danışlar gedir. Belə bir məqamda ehtiyac duyulurdu ki, Zelenskinin özü Amerikaya gəlsin, Ağ Evdə görüşlər keçirsin, Konqresdə çıxış etsin. Bu, Rusiyaya mesaj idi ki, Amerikanın dəstəyi artacaq. Həm də görünür, Bayden bununla reytinqini düzəltmək istəyir, daxili auditoriyaya mesaj da verir ki, Ukraynanı tək qoymayacaqlar.

Bəli, Amerikadan Ukraynaya dəstək artacaq, milyardlarla dollar yardım ediləcək. Bu, müharibədə dönüş yaratmasa da, Ukraynanın məğlubiyyətinin qarşısını alan əsas amildir. Hələ müharibə təzə başlayanda bir çoxları deyirdi ki, Ukrayna tab gətirməyəcək. Bunun əksi oldu, rus ordusu Kiyevə qədər yaxınlaşdı, amma geri çəkilməyə məcbur oldu, indi də müdafiə xarakterli savaş aparır. İşğal etdiyi əraziləri əlində saxlamağa çalışır, üstəgəl, Xersondan da geri çəkilib.

Hesab edirəm ki, 2023 müharibədə Ukrayna üçün dönüş ili ola bilər. Ukrayna ordusu güclənərsə, lazımi hərbi yardımları alarsa, gələn il növbəti uğurlu əks-həmlələrin şahidi ola bilərik.

- Zelenski Amerikada olarkən Rusiya Prezidenti Vladimir Putin hərbi komandanlığı toplayaraq, məqsədlərinə çatacaqları, hərbi qüvvələrin sayını artıracaqları mesajını verdi. Bəs Rusiya liderinin bu açıqlamasını necə şərh etmək olar?

- Hiss olunur ki, Zelenskinin Amerika səfəri Putinə toxunub. Putin bu səfərin ab-havasını səngitmək üçün iki addım atdı. Birincisi, generalları topladı, onlarla fikir mübadiləsi apardı. Rusiya müdafiə naziri Sergey Şoyqunun da geniş açıqlamaları oldu. İkincisi, dostu və Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi Pekinə göndərdi. Putin çinli dostu Si Cinpinə məktub yolladı. Bu məktubda nələrin olduğu da maraqlıdır. Çünki Rusiya Qərbin sanksiyaları ilə üz-üzədir və bu məhdudiyyətlər getdikcə sərtləşir. Çindən ikiəlli yapşıblar, çünki yeganə ümidləri onadır.

Rusiyanın digər tərəfdaşı Hindistanın özü də Ukraynadakı durumdan narazıdır. Məsələn, Hindistan Baş naziri Narendra Modi bu ilə Putinlə görüşməli idi, amma bunu təxirə saldı. Ona görə də Putin bu iki addımla Zelenskinin ABŞ səfəri ətrafında yaranmış ab-havanı aşağı salmağa çalışdı.

Amma bütün dünya mediası Zelenskinin bu səfərindən, onun Konqresdə necə qarşılanmasından və oradakı çıxışından danışır. Yəni dünyanın dəstəyi Zelenskiyədir. Əlbəttə, Putinin də dəstəkçiləri var. Amma Rusiyanın Ukraynada apardığı işğalçı müharibə tərəfdaşlarını da qorxudur. Çinin özü belə müharibənin dayanmasını istəyir.

Putin bu günlərdə Belarusa səfər etdi. Belarusu da müharibəyə qatmaq istəyir. Amma Belarus prezidenti Putinə nə qədər yaxın olsa da, müharibədən məsafə saxlamaq istəyir. Çünki bu mənasız müharibədə belarusluların ölməsini istəmir. Belaruslu generallar və cəmiyyət də müharibəyə qarşıdır. Yəni atdığı addımları Putinə fayda gətirmir.

- Rusiya-Ukrayna müharibəsindən danışdıqda həmişə yayğın olan bir fikir dilə gətirilir ki, burada keçmiş sovet ölkələrinin də taleyi müəyyən edilir. Sizin bu haqda fikriniz necədir?

- Məntiq var. Ukrayna məğlub olsa, Rusiyanın gücü arta və başqa ölkələri də hədəfə ala bilər. Məsələn, müharibədə qalib gəlsə, növbəti hədəfin Qazaxıstan olması mümkündür. Kremlə yaxın rusiyalı ekspertlər də bunu gizlətmirlər. Həmin ekspertlər son zamanlarda Azərbaycanın da adını çəkməyə başlayıblar. Hətta biri Azərbaycanın neft yataqlarına raket zərbələrinin endirilməsi ilə bağlı fikir söylədi. Bu günlərdə Kremlə yaxın ekspert Satanovskinin bir çıxışını izlədim. O da Azərbaycanı hədələyir.

Bir sözlə, Rusiya Ukraynada qələbə qazanarsa, sözdə “tərəfdaş” adlandırdığı Azərbaycan və Qazaxıstana həmlələr edə bilər. İndi edə bilmirlər. Məsələn, Ermənistanla Qarabağı birləşdirən yolda haqlı aksiyamızı davam etdiririk, Rusiya bizə qarşı güc nümayişi göstərə bilmir, göstərə də bilməz. Çünki bura Azərbaycan ərazisidir.

Eyni zamanda, Rusiya bizə qarşı nəsə etsə, bu, öz siyasətinə zidd olacaq. Çünki bizimlə “strateji müttəfiqlik” haqqında bəyanat imzalayıb. Amma fakt budur ki, Rusiyaya qonşu olan bir çox dövlət aşkar şəkildə Ukraynanın qələbəsini arzulayır, cəmiyyətimiz də bunu istəyir. Ukraynanın qələbəsini ona görə arzu edirik ki, biz də burada öz məsələlərimizi həll edə bilək. Rusiya güclənməsin, güclənərsə, erməni separatizminə dəstəyi artacaq.

- Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Bakıya sülh mesajı verdi. Onun sözlərinə görə, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini çatdırıb və İrəvan bu çərçivədə müqaviləni imzalamağa hazırdır. Baş verənlərin kəskin şəkildə bu yönə dönməsi mümkündürmü?

- Artıq il başa çatır. İl ərzində sülh müqaviləsinin imzalanacağını deyənlər vardı, amma mən optimist deyildim. Bunun real və mümkün olmadığını düşünürdüm. Çünki tərəfər arasındakı fikir ayrılıqları aradan qaldırılmayıb, müqavilənin yekun mətni də hazır deyil, bu yöndə iş getmir. Üstəgəl, sərhəd müəyyənləşməyib, Zəngəzur dəhlizi məsələsi açıq qalır. Bütün bunlar həll edilməsə, sazişi necə imzalana bilər? Ona görə də, bu il baş tutmadı.

Paşinyan deyir ki, bizə nəsə göndərib. O, bizə nəsə diktə edə bilməz, biz öz təkliflərimizi onlara göndərmişik, onlar qəbul etməlidirlər ki, sülh sazişi imzalansın. Amma onların da müxtəlif “irad”ları var. Bu il alınmadı, məsələlərin həlli gələn ilə qaldı.

Mənim şəxsi fikrim budur ki, əsas diqqətimizi Qarabağa yönəltməliyik və bu yöndə olan məsələləri həll etməliyik. Ermənistanla bağlı müəyyən məsələlər var ki, bunlar da həll olunmalıdır. Amma biz ən əsası Qarabağda suverenliyimizi tam bərpa, separatçıları tərksilah etməliyik. İndi Laçın yoluna nəzarət edirik, bunun bir az da gücləndirib gələcəkdə orada sərhəd və gömrük postları qurmalıyıq. Yerdə qalan ərazilərimizi də azad etməliyik. Elə etməliyik ki, üç il sonra Rusiyanın hərbi kontingenti bölgəni tərk etsin. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətimizi artırmalıyıq.

- Laçın yolunda baş verənlərlə bağlı xüsusən də Qərb dövlətlərindən Azərbaycana qarşı sərt ittihamlar və çağırışlar var, haqlı tələblərimiz isə yerinə yetirilmir. Durum kifayət qədər mürəkkəb və qarışıq görünür, Laçın yolunda dinc aksiyamız da davam edir. Sizcə, düyün hansı formada açıla bilər?

- BMT Təhlükəsizlik Şurasında müzakirələr getdi, Azərbaycana çağırış edildi ki, yolu açaq. Yenə də Qərb ölkələri bizi beynəlxalq aləmdə haqlıykən, haqsız duruma sürükləmək istəyirlər. Təəssüf ki, Azərbaycanın tərəfdaşı Britaniyanın təmsilçisi də əleyhimizə danışdı.

Bununla bağlı diplomatiyamızı tənqid etmək istəyərdim. Azərbaycan ordusu öz üzərinə düşəni etdi, edib və edəcək, amma diplomatiyamız geridə qalır. Səfirlər nə işlə məşğuldurlar? Niyə otaqlarından çıxıb müsahibələr vermirlər, brifinq keçirmirlər, izahat işi aparmırlar? Bunlar bizim üçün qüsurlardır.

BMT Təhlükəsizlik Şurasının iclasında bir ölkənin nümayəndəsi durub Azərbaycanın haqlı mövqeyini dəstəkləmədi. Amma bu çağırış varsa, bu o demək deyil ki, biz nədənsə çəkinməliyik. Ona qalsa, 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qaldı, Ermənistan birini də yerinə yetirmədi. Bəs biz niyə dərhal BMT Təhlükəsizlik Şurasının çağırışını yerinə yetirməliyik?

İki variant var. Birincisi, fəallarımızın etirazları o vaxta qədər davam edir ki, yataqlarda monitorinq aparmağımıza şərait yaradılır. Amma onu da nəzərə almalıyıq ki, bu zaman bizə müəyyən təzyiqlər olacaq. İkinci variant da önəmlidir. Buna görə, sivil etirazlara fasilə verilir, hərbçilərimiz yola nəzarəti ələ alırlar. Artıq hərbçilərimiz yoldadır, post da qurulub. Beynəlxalq aləmə də göstəririk ki, yol açıqdır, sadəcə ərazilərimizə girib-çıxın bütün nəqliyyat vasitələri yoxlanılacaq. Sivillər rahat istifadə edə bilərlər, amma silah, narkotik, mina və cinayətkar keçə bilməz.

Önəmli olan budur ki, biz artıq yola enmişik. Bu, bizim üçün çox uğurlu və ciddi nəticədir. Artıq heç kim bizi bu yoldan çıxara bilməz.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər