“Ermənistan ictimai rəylə manipulyasiya etməyə çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz Moskvada keçirilməli olan danışıqların üçüncü raundunun baş tutmayacağı barədə bir gün əvvəl xəbər tutduq. Mən Ermənistanın həyata keçirdiyi manipulyasiya kampaniyasına diqqət çəkmək istərdim. Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi təqdim etdi. Demək olar ki, eyni vaxtda Ermənistan nümayəndələri bu barədə geniş ictimaiyyətə məlumat verdilər. Bununla paralel olaraq, Azərbaycanın guya danışıqlardan imtina etdiyi barədə şaiyələr yaydılar. Bu açıq şəkildə göstərir ki, Ermənistan səylərini prosesin özünə deyil, onun imitasiyasına yönəldir. İctimai rəylə manipulyasiya etməyə çalışırlar. Zaman və şərait dəyişsə də, vərdişlər dəyişməyib. Amma bunun Ermənistan tərəfinə nə verdiyi bəlli deyil”, - o bildirib.
Laçın yolu ətrafında yaranmış vəziyyətə münasibət bildirən nazir onun blokadaya alınması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb. "Mövcud faktlarla bunu təkzib etmək asandır".