27 Dekabr 2022 14:19
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sərhədimizdən gözlə görünən tarixi torpağımız Qərbi Azərbaycana qayıdacağıq”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan icmasının inzibati binasının açılışında iştirakına diqqət çəkib:

“Prezident İlham Əliyevin vətənə, xalqa sevgisi üzərində formalaşmış siyasi kursu Azərbaycanı yeni uğurlara aparır. Bu uzaqgörən siyasət sayəsində son 200 ildə itirə-itirə gəldiyimiz torpaqlar yavaş-yavaş geri qaytarılır. Ölkə başçısı çıxışlarında hər zaman qeyd edir ki, erməni işğalı ilə heç vaxt barışmayacağıq. Hələ 2010-cu ildə Qarabağ icmasının inzibati binasının açılışı zamanı cənab Prezident bu binanın onlar üçün müvəqqəti yer olduğunu qeyd etmişdi.

Artıq bu müvəqqətililik aradan qalxıb və 30 ildən sonra 44 günlük Vətən müharibəsi ilə ölkəmizin ərazi bütövlüyü təmin olunaraq Böyük Qayıdışa başlanılıb.

Əvvəllər məcburi köçkün həyatı yaşayan və Bakıda icma binasında cəmləşərək fikirlərini bölüşən qarabağlılar indi artıq işğaldan azad olunmuş yurdlarına qayıdırlar və orada həyata keçirilən yenidənqurma və bərpa işləri görüb, qalib ölkənin vətəndaşları olduqlarına görə çox qürurludurlar”.

Azər Badamov əslində azərbaycanlıların tarixi torpaqlarının daha böyük olduğunu vurğulayıb:

“Azərbaycanlılar zaman-zaman öz doğma yurdlarından məcburi köçürülərək etnik təmizlənməyə məruz qalıblar. Bu gün isə öz tarixi torpaqlarımıza qayıtmaq üçün çalışmağın zamanı çatıb.

Dekabrın 24-də Qərbi Azərbaycan icmasının inzibati binasının açılışında ziyalılarla görüşən ölkə başçısı xalqımız qarşısında yeni hədəflər müəyyənləşdirdi. Hesab edirəm ki, bu inzibati bina Qərbi Azərbaycanın mənzil qərargahı olaraq ölkə başçısının müəyyənləşdirdiyi hədəflərə nail olunması üçün koordinasiyalı iş aparmalı və xalqımızın öz məqsədinə çatmasında lokomotiv rolunu oynamalıdır.

Bu gün sərhədimizdən gözlə görünən Qərbi Azərbaycanın yaşayış yerlərinə qayıdacağıq. Qərbi azərbaycanlılar da bu gün qarabağlıların qovuşduğu sevincli günlərini yaşayacaqlar. Bakıda açılışı olmuş Qərbi Azərbaycan icmasının inzibati binasında ziyalılarla görüşdə ölkə başçımızın səsləndirdiyi mesajlar düşmən ölkədə böyük narahatlıq yaradıb və demək olar ki, bu gün ən çox müzakirə olunan mövzuya çevrilib.

Çünki onlar bilirlər ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər həmişə reallaşır. Həm də ona görə narahatdırlar ki, onların bu gün özlərinə dövlət quraraq yaşadıqları torpaqlar özlərinə məxsus deyil”.


Müəllif: Yeganə Oqtayqızı