28 Dekabr 2022 09:05
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Bir sıra rusiyalı ekspertlər, o cümlədən, məşhur Yevgeni Satanovski iddia edir ki, Cənubi Qafqazda bir neçə ölkənin iştirakı ilə müharibə başlaya bilər. Belə bir tezis Rusiya ilə yanaşı, Ermənistan mediasında da işlənir. KTMT baş katibi Stanislav Zasın da buna bənzər fikri var. Sizcə, bunun üçün əsas varmı və ya Rusiyanın bu təhlükəli tezisinin arxasında hansı məqamlar var?

- “Rusiyanın tezisi” və buna istinadən “təhlükəli” sözləri ilə qətiyyən razı deyiləm. Burada heç bir təhlükə yoxdur. Yevgeni Satanovski siyasi təlxəkdir və özünü “məşhur siyasət mütəxəssisi” kimi təqdim edir. Digərlərinin də dedikləri sadəcə bir məqsədə qulluq edir: Rusiyanın mümkün qədər bölgədə uzun müddət qalmasına, rus sülhməramlılarının Azərbaycan ərazilərində - Qarabağdakı mövcudluğunun uzunmüddətli perspektivə hesablanan planın hazırlanmasına və bununla bağlı rəsmi Bakıya aşkar şəkildə təzyiq göstərməyə. Bütün bu fikirlərin arxasında ancaq bunlar dayanır.

Təbii ki, bunlar bir mərkəzdən idarə olunur, eyni tezisdir və bu çərçivədə də müxtəlif kanallar vasitəsilə icrac edilir. Ona görə də, bunu ciddi qəbul etməyə dəyməz.

- Rusiya mediası və rəsmiləri əminliklə deyirlər ki, Moskvanın bölgədən çıxarılması prosesinə start verilib. Bu planın başında da ABŞ, Böyük Britaniya və Avropa Birliyinin dayandığını deyirlər. Siz bu haqda necə düşünürsünüz?

- Bu proses indi başlamayıb, SSRİ dağılandan bəri gedir. SSRİ dağılandan sonra Rusiya təbii sərvətləri, xüsusilə enerji daşıyıcıları və ya karbohidrogenlərinin icracı hesabına böyük həcmdə əldə etdiyi maliyyə vəsaiti, həmçinin siyasi güc, Ermənistanda hakimiyyətdə olmuş Robert Köçəryan və Serj Sərkisyan hesabına bölgədə qalmağı bacarmışdı.

Mixail Saakaşvilinin Gürcüstanda hakimiyyət dəyişikliyi, Azərbaycanda baş verən hadisələr və digər gəlişmələrdən sonra Rusiya bölgədəki mövqelərini tam itirmək üzrədir.

Əlbəttə, ABŞ, Britaniya və Avropa Birliyi Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir. Çünki Rusiyanın bölgədə uzun müddət qalması həm onlar, həm də regional ölkələr üçün təhlükədir.

- Baş nazir Nikol Paşinyana müxalif media və siyasi çevrələr onun Azərbaycanla danışıqlardan imtinasını Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun İrəvana səfəri ilə əlaqələndirir. Sizcə, Ermənistanın danışıqlardan yayınmasının Britaniya ilə nə qədər əlaqəsi var?

- Daha məntiqli o olardı ki, erməni mediası Paşinyanın bu “inadkar mövqe”yini Çində COVID-in yayılması, Madaqaskar və Papua Yeni Qvineyada avakado yığımı ilə əlaqələndirsin. Bu, daha ağlabatan görünür.

Ermənistanın danışıqlardan yayınması qətiyyən Riçard Murun İrəvana səfəri ilə bağlı deyil. Paşinyan mümkün qədər geniş əhatə dairəsi yaratmağa çalışır. Paşinyan Ermənistanda özünü anti-Rusiya, Rusiyada isə anti-Qərb mövqeli göstərir. Yəni bu adamın bir neçə maskası var və bunlardan məharətlə istifadə edir.

Yekun sülh müqaviləsinə gəldikdə, Paşinyan istəsə də, istəməsə də, bu labüddür və imzalanacaq. Çünki daha böyük güclər bu sülh müqaviləsinin bağlanmasında maraqlıdırlar. Maraqlı olduqlarına görə də, bu sənədi Paşinyana mütləq şəkildə imzaladacaqlar. Paşinyan sadəcə “marionet aktyor”dur, müddəti bitəndə tarixin zibilliyinə atılacaq.

- Xankəndidə fəallığını artıran separatçı Ruben Vardanyan isə Azərbaycana qarşı “qırmızı xətt”i keçən açıqlamalar verir, təhlükəli gəlişmələrə yol aça biləcək addımlar atır. Vardanyanın bu separatçı fəallığı necə nəticlənə bilər?

- Demişəm: bir gün Vardanyan ölsə, Azərbaycanın üstünə atacaqlar. Bunu Vardanyan da bilir. Vardanyan onu da bilir ki, Rusiyanın bir neçə məşhur iş adamı çox müəmmalı şəkildə həyatı ilə vidalaşıb. Çünki istifadə müddətləri bitib.

“Qırmızı xətt” məsələsinə gəldikdə, o, bura məhz “qırmızı xətt”i keçməyə, Azərbaycanı təhrik etməyə, ona qarşı qeyri-adekvat və radikal davranmağa gəlib. Öz oyununu məharətlə oynayır. Vardanyana nə Qarabağ erməniləri, nə də Ermənistan lazımdır, ona puldan başqa heç nə lazım deyil.

Həm pul qazanır, həm də Kremldən aldığı təlimatları yerinə yetirir. Ona görə də, Vardanyan vəziyyəti mümkün qədər, maksimal dərəcədə qızışdırmağa çalışacaq. Bundan sonra daha radikal açıqlamalar verəcək.

- Rusiya Abxaziya, Cənubi Osetiya və Donbasda olduğu kimi, Xankəndiyə göndərdiyi Vardanyana da açıq dəstək verə bilərmi?

- Buna inanmıram. Abxaziya və Osetiyadakı ssenari Qarabağda təkrarlanmayacaq. Nə geosiyasi mühiti, nə də bölgədəki durum buna imkan verir. Rusiya heç bir halda Azərbaycanla münasibətlərinin o səviyyədə gərginləşməsinə razı olmayacaq. Çünki Azərbaycanla Türkiyə arasında anlaşma var. Rusiya Türkiyə kimi müttəfiqini itirmək istəməz. Xüsusən də indiki şəraitdə bu, Rusiyanın intiharı olardı.

Dediyim kimi, sadəcə Vardanyan qarşıya qoyulan tapşırıqları yerinə yetirir və vəziyyəti daha da gərginləşdirməyə çalışacaq. Aşkar dəstəkdən söhbət gedə bilməz. Çünki Vardanyan Kremlin kreaturasıdır. Kreml də boynundan atır ki, Vardanyanla hansısa formada əlaqəsi yoxdur.

- Proses niyə belə gərginləşdi? Halbuki bura qədər Azərbaycan və Ermənistan anlaşmaya daha yaxın görünürdü.

- Əslində, bunu təxmin edirdim, belə də olmalıdır. Bu, axşamlar BBC-də göstərilən “nağıllar aləmi” deyil ki, hər yer yaşıllıqdır, bülbül gülə mahnı oxuyur, qurd quzuyla oynayır. Bu siyasətdir. Böyük güclər heç bir vəchlə imkan verməyəcəklər ki, sülh müqaviləsi asanlıqla imzalansın. Çünki bu halda Azərbaycan və Ermənistana təzyiq rıçaqları əldən çıxacaq.

Prosesi mümkün qədər uzatmağa çalışacaqlar. Bunun təşəbbüskarları arasında birinci yerdə Rusiya durur. Rusiya çalışır ki, Qarabağ ermənilərinin “status”u məsələsi sonraya qalsın, sülh müqaviləsi və bunun ardınca başqa bir sənəd imzalansın. Rusiyanın istəyi budur. Britaniya və ABŞ isə buna yol verməməyə çalışır.

Bölgədə böyük güclərin toqquşması gedir. Böyük güclər kiçik arealda toqquşanda orada “siyasi tozanaq” olur. Biz bu “tozanağı” hələ də çox müşahidə edəcəyik.

- Bəs Britaniya niyə BMT Təhlükəsizlik Şurasının son iclasında Azərbaycan əleyhinə çıxış etdi? Bu, cəmiyyətimiz üçün bir qədər gözlənilməz oldu.

- Qətiyyən, gözlənilən qərar idi. Sadəcə Britaniya təklif və tələb etdi ki, Laçın yolu açılmalıdır və bu humanitar məsələdir, Azərbaycan bu istiqamətdə addımlar atmalıdır. Bundan sonra da bəyan etdi ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etməlidir.

Britaniya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və başqa cür danışa da bilməzdi. Bu diplomatiyadır. Diplomatiya hər şey heç vaxt öz adıyla çağırılmır, sağ göstərib sol, sol göstərib arxada olan planı reallaşdırmağa başlayırlar. “İngilis siyasəti” ifadəsi boş yerə işlədilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər