“Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Moskvada danışıqların üçüncü raundu keçirilməli idi: "Ermənistan bir gün əvvəl sülh müqaviləsi ilə bağlı öz təkliflərini açıqladı. Bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. Bu, ictimaiyyətə mesaj vermək xətrinə verilən açıqlamadır".
C.Bayramov deyib ki, bir çox hallarda Ermənistan rəhbərliyi daxili auditoriyaya hesablanmış açıqlamalar verir.
“Ermənistanın öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirməsi ilk növbədə onun özünə faydalı olar. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsinə səy göstərməyə davam edəcəyik”, - nazir vurğulayıb.