Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, Ermənistan tərəfinin Qarabağın hüquqi mənsubluğuna dair məsələyə razılaşmadan boyun qaçırması hansı amillərlə bağlıdır?
- Ermənistanın Baş naziri Nikol Paşinyan məqsədi hakimiyyətini qoruyub saxlamaqdır. Bunun üçün Paşinyana lazım olan əsas prinsip Ermənistanın Qarabağ müharibəsində məğlub olmasının hansısa bir hüquqi sənədləşməsinin ortaya qoyulmamasıdır. Əgər bu ortaya qoyulsa, bütün ümidlərinin puça çıxdığını anlayan erməni xalqı Paşinyanın devrilməsinə müsbət yanaşa bilər. Ona görə də, Nikol məhz bu məsələdən mümkün qədər yayınmağa çalışır.
- Bu sənəd ortaya nə zaman qoyula bilər?
- Azərbaycanla Rusiya ümumi təşəbbüslərini birləşdirərək, mövqelərini yaxınlaşdırıraq Ermənistanı məhz belə bir sənədi imzalamağa məcbur edə bilərlər. Rusiyanın məqsədi isə burada Qarabağ məsələsini nəzarətdə saxlamaqdır. Eyni zamanda Zəngəzur dəhlizini nəzarətə götürmək kimi bir niyyət də var.
- Ermənistanın sona kimi israr etdiyi məsələ nədən ibarətdir?
- Ermənistan Zəngəzur dəhlizini Rusiyanın nəzarətinə vermək istəmir. Çünki Ermənistanın iqtisadiyyatı, sərhəd toxunulmazlığı Rusiyanın nəzarətindədir. Ölkəsində rus hərbi bazası var. Ona görə də Ermənistan maksimum dərəcədə çalışır ki, heç olmasa Zəngəzur dəhlizi məsələsində suverenliyini qoruyub saxlasın. Amma Rusiya Ermənistandan bu məsələdə güzəştə getməyi tələb edir.
- Azərbaycanın bu prosesdə mövqeyi necədir?
- Azərbaycan əslində bu məsələdə Rusiyaya kömək edir. Çünki vaxtilə Ermənistan Rusiya ilə müttəfiq olub Azərbaycan ərazilərini işğal etmişdi. Erməni tərəfi düşünürdü ki, Rusiya ilə müttəfiqlikdən fayda götürüb. Əslində bu onların ziyanına olan bir məsələ idi. Azərbaycan bu baxımdan öz maraqlarını reallaşdırır. Qarabağ və digər məsələləri də Azərbaycan öz istədiyi kimi həll edə biləcək.
- Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasına qarşı Xankəndidə olan separatçıların təşkilatçılığı ilə aksiya keçirilib. Belə olan halda iki qrup arasında mümkün qarşıdurma ehtimalını necə dəyərləndirmək olar?
- Görünən odur ki, indiki halda onlar öz oyunlarını oynayırlar. Bu mənasız, səmərəsiz bir oyundur. Sadəcə olaraq mövqe nümayiş etdirirlər. Real iş görməyə isə imkanları yoxdur. Rus sülhməramlılar da onlara icazə veməyəcək ki, gəlib azərbaycanlılarla təmasa girsinlər. Bu ancaq sivil danışıqlar, mövqelərin aydınlaşması, uzlaşması, ortaq mövqeyin tapılması ilə mümkündür. Sözsüz ki, rus sülhməramlılarına ümumilikdə Rusiyaya bu hal sərf etmir. Çünki onlar istəmirlər ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında hansısa bir bağlantı olsun. Məqsədləri mümkün qədər ayrılıq salmaq, nifrət və qəzəb yaratmaqdan ibarətdir. Bu onların mövqeyidir. Digər bir məsələ erməni toplumun azərbaycanlı fəallar arasında olan insidentlə bağlıdır. Belə olan halda sülhməramlıların mövcudluğu ilə bağlı ortaya suallar çıxa bilər. Əgər təhlükəsizliyi təmin edə bilmirlərsə, rus sülhməramlıları nəyə lazımdır? Ona görə də bu hal ruslara sərf etmir. Hər iki ehtimal onlara sərf etmədiyinə görə, onlar maksimum dərəcədə çalışırlar ki, Azərbaycan Qarabağ erməniləri ilə görüşməsin, danışmasın.
- Beynəlxalq təşkilatların Şuşa-Xankəndi yolundakı aksiyaya birmənalı baxışı nədən qaynaqlanır?
- 80-ci illərin sonunda Qarabağda münaqişə başlayanda Moskvada özlərini demokrat adlandıranlardan soruşurduq ki, bu münaqişə başlayıb. Amma hüquqi cəhətdən, qanuni baxımdan Azərbaycan haqlıdır. Sual verirdik ki, nə üçün erməniləri müdafiə edirsiniz? Onlar gülüb deyirdilər ki, ermənilərin dostu olmaq xeyirli peşədir. İndiki şəraitdə Qərb dünyası üçün bu keçərli bir məsələdir. Görünən odur ki, indi onlar haqq ədalətə baxmırlar.