29 Dekabr 2022 19:13
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Xankəndidə Kremlin “təxribat emissarı” var. O hazırda Azərbaycana qarşı təxribatçı bəyanatlar verir, müharibə ritorikasından bəhs edir. Belə olduğu halda Azərbaycan üçtərəfli bəyanatı əsas tutaraq hansı adekvat addımlar ata bilər, mümkün antiterror əməliyyatları ehtimallarını necə dəyərləndirirsiniz?

- Onların məqsədi Azərbaycanı mümkün təxribatlarla, hansısa sərt adekvat addımlara çəkməkdir. Əslində bu cür təxribatlar silsiləsi davam edə bilər. Buna heç kəsin də şübhəsi yoxdur. Düşünürlər ki, mümkün təxribatlara Azərbaycan daha sərt reaksiya verəcək. Onlar da bundan çıxış edib hay-küy salacaqlar. Məqsədləri prosesi öz xeyirlərinə dəyişməkdir. Burada onların hazırlıq vəziyyəti tək Rusiya ilə bağlı deyil. Bu ilk növbədə Fransa ilə bağlıdır. Çünki burada hansısa bir təxribat müqabilində Azərbaycanın atacağı addımlara görə, ölkəmizi beynəlxalq təşkilatlarda ittiham etməyi də planlaşdırırlar. Görünən odur ki, onlar bu taktikanı davam etdirəcəklər.

- Xankəndidə Vardanyanın ətrafında və ona qarşı əks-qütbdə dayananların olduğu artıq açıq şəkildə sezilir. Bu parçalanma ehtimallarının daha da dərinləşməsini nəzərə alsaq, bizə qarşı hansı davranışlar sərgilənə bilər?

- Xankəndi-Laçın yolunda baş verənləri analiz edərkən görürük ki, Azərbaycan taktiki siyasət aparır. Ona görə də burada qalan ermənilərin də içərisində artıq fikir ayrlıqları yaranır. Vardanyan da onu açıqlayıb. Deyib ki, üç çıxış yolu var. Bunlar Azərbaycana inteqrasiya, bölgədən çıxıb getmək və mübarizə aparmaqdan ibarətdir. Sonuncu seçim onlar üçün Azərbaycana qarşı terror siyasətinin həyata keçirilməsidir. Hazırda bu üç seçim üzrə addım atmaq istəyən tərəfdarlar da mövcuddur. Xankəndidə separatçıların təşkil etdiyi sonuncu mitinqdə aparılan hesablamalara görə 17 mindən aşağı insan iştirak etməyib. Bu günə qədər bizim tərəfimizdən də 25 minə yaxın insanın orada yaşamasından bəhs edilirdi. Bu də təxminin Bakı Olimpiya Stadionunun tutumunun yarısı qədər bir əhali deməkdir. Belə olan halda Azərbaycan hazırda sülh təzyiqlərini davam etdirmək niyyətindədir.

- Bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağına dair fikirlər var idi. Amma il bitir. Gələn il üçün sülhün əldə edilməsinə ümidlər qalırmı?

- Aydın başa düşmək lazımdır ki, II Qarabağ müharibəsindən sonra Ermənistanda keçirilən seçkilərdə indiki iqtidar partiyası qalib gəldi. Onların da Qarabağa dair şüari öz proqramlarında açıq şəkildə yazılıb. Məhz bu şüarla da onlar iqtidar olublar. Burada qeyd edilib ki, Ermənistanın problemdən xilası üçün Qarabağdan ayrılması labüddür. Qarabağa dair onların siyasəti məhz bu cürdür. İndiki erməni iqtidarı da bu siyasəti davam etdirəcək. Ammam onlar indi də rəsmi şəkildə Qarabağı maliyyələşdirirlər. Belə olan halda isə hansısa sülhdən danışmaq qeyri-mümkündür.

- Bu cür ziddiyyətli bəyanatlar prosesə necə təsir göstərir?

- Ziddiyyətli bəyanatlar ermənilərin köhnə siyasətidir. Məqsəd vaxtı uzadıb onların özlərinə uyğun olan siyasəti həyata keçirib hansısa məqam gözləməkdən ibarətdir. Burada ayrı bir yanaşma axtarmağa ehtiyac da yoxdur.

- Ermənistanın Rusiyanın vasitəçiliyindən kənar Qərbin moderatorluğu ilə sülh müqaviləsi imzalamağa meyilli olduğunu bütün müşahidələr təsdiq edir. Belə olan halda şimal qonşumuzun davranışları necə olacaq?

- Ermənistan rəhbərliyinin bəyanatları da bunu təsdiq edir. Hətta erməni tərəfinin çərçivə sazişi ilə bağlı təklifləri də buna hesablanıb. Burada mənasız tezislərə və prinsiplərə uyğunlaşmanın olması iddia edilir. Ola bilər ki, BMT Nizamnaməsinin hansısa prinsiplərinə uyğun bir sazişin imzalanması mümkün ola bilsin. Amma onun konkret icrasını təmin edən real sənədlərə onlar qol çəkməyəcəklər.

- Amma qarşı tərəf iddia edir ki, biz Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanımışq. Bu paradoksu necə başa düşmək olar?

- Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildən tanıyıbsa, bizim ərazilərimizi 30 ilə yaxın işğalda kim saxlayıb? Bu suala onlar cavab verməlidir. Görünür onlara bu cür bəyanatları vermək heç bir narahatlıq yaratmır. Bu onların marağına olan bir haldır. İndi bu siyasəti davam etdirmək niyyətindədirlər.

- Real nəticələr üçün Azərbaycan hansı addımları ata bilər?

- Nəticələr əldə olunana qədər Azərbaycan tərəfi təzyiqi davam etdirməlidir. Burada Laçın yolunun Azərbaycanın tam nəzarətinə keçməsi məsələsi ilkin addım olmalıdır. Yola nəzarət bizdən olmalıdır. Bunun ardınca orada Azərbaycan öz nüfuzunu və imkanlarını sözsüz ki, genişləndirəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər