Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, Azərbaycan kimi güclü regional liderlə düşmənçiliyə bir də Rusiya ilə qarşıdurma mühitinin əlavə olunması Ermənistan üçün nə vəd edir?
- Ermənistanın siyasi elitasında türkəfobiya, azərbaycanafobiya elə bir epidemiya halı alıb ki, onları sadəcə olaraq sağaltmaq mümkün deyil. Bu gün ermənilərin bütün qonşularla münasibəti yoxdur. Arxalandıqları Rusiya idi, onunla da münasibətləri hər gün daha çox gərginləşdirirlər. Çünki erməni toplumu elə hesab edir ki, Rusiya gəlib onların əvəzinə vuraşacaq. Bu günlərdə Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında bildirdi ki, Ermənistan bizdən çox şey gözləyir. Amma bizim haqqımızda yalan sözlər deyir. Onlar unutmasınlar ki, bizim Azərbaycanla dost, müttəfiq münasibətlərimiz var.
- Bu cür davranışlarda məqsəd nədir? Bu addımlar nəyə hesablanıb?
- Bu o deməkdir ki, Rusiya Ermənistana görə, Azərbaycanla düşmən olası deyil. Ermənilər həmişə hamıdan yardım istəyirlər. Hesab edirlər ki, hamının onlara kömək etməyə borcu var. Çünki onlarda Azərbaycana, Türkiyəyə qarşı olan fobiya o qədər böyük vüsət alıb ki, artıq başlarını itiriblər. Amma unudurlar ki, yeganə çıxış yolları Azərbaycanla və Türkiyə ilə münasibətləri düzgün qurmaqdan asılıdır. Əgər bu siyasət düzgün aparılacaqsa, onlar özləri də sülh müqaviləsi, nəqliyyat dəhlizlərinin açılmasından mənfəət götürəcəklər. Çünki indi Ermənistan iqtisadi-siyasi cəhətdən dalana dirənmiş bir ölkədir. Ermənistanın coğrafi mövqeyi də tam qapanmasına imkan verir. İranla dostluq edirlər. Onun da vəziyyəti heç də Ermənistandan yaxşı deyil.
- Sizcə, Kremlə qarşı bütün "qırmızı xətləri" aşan rəsmi İrəvana mümkün cavab necə ola bilər?
- Erməni tərəfi artıq bütün kriteriyaları aşıb. Nəyə arxayındılar, bunu bilmək olmur. Bunu sadəcə olaraq erməni xəstəliyinin əlaməti kimi izah etmək olar. Çünki bu cür yanaşmalara başqa ad atpmaq olmur.
- Geri dönüşü olmayan "geopolitik cığır"la irəliləmək Ermənistana nə verir?
- Bu yol Ermənistana heç bir müsbət nəticə vəd etmir. Azərbaycan onsuz da öz məqsədinə nail olub. Ölkəmizin mübarizəsi haqqa əsaslanır. Ərazimiz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı təmin olunub. Azərbaycanın təklifi odur ki, sülh müstəvisində prosesləri davam etdirsin. Qalib ölkə olsaq da, biz Ermənistana sülhlə bağlı təkliflər edirik. Amma buna baxmayaraq Ermənistan tərəfi hələ də sülh prosesində öz pozucu mövqeyini ortaya qoyur.
- Ermənistanın əsas himayədarı olan Kremlə qarşı sərt ittihamlarla nəyə nail olmaq istəyir?
- Əslində erməni tərəfinin şantaj siyasətinin heç bir perspektivi yoxdur. Onlar Rusiyanın hesabına dövlət olub. Ermənistanı yaradan, onu dövlət edən Rusiyadır. Bu üzü çar Rusiyası dövründən bəri belədir. Burada tarixi Azərbaycan, Zəngəzur ərazisi hesabına Ermənistan dövləti yaradılıb. II Qarabağ müharibəsindən sonra Ermənistan öhdəlik götürmüşdü ki, Azərbaycanın işğalda saxladığı 8 kəndini azad edəcək. Amma hələ də bu məsələ öz həllini tapmayıb.
- İrəvan-Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyəti fəallarının aksiyasının davam etməsi fonunda ermənistan Rusiyanı üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. Eyni zamanda Azərbaycanı üçtərəfli Bəyanatın 6-cı bəndini kobud şəkildə pozmaqda günahlandırıb. Öz üzərinə götürdüyü öhdəlikləri icra etməyən dövlətin bu cür ittihamlara çıxış etməsinə reaksiyalar necə ola bilər?
- Bu gün ermənilər bütün dünyaya car çəkirlər ki, guya Azərbaycan yolu bağlayıb. Amma Azərbaycan tərəfindən dəfələrlə açıqlama verilib ki, yolu biz kəsməmişik. Həmin yol hümanitar məqsədlər üçün açıqdır. Amma 30 ildən artıqdır ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan faktiki olaraq blokada şəraitində yaşayır. Onlar Naxçıvana gedən yeganə quru yolu bağlayıblar. Nədənsə, dünya birliyi bundan danışmır. Azərbaycan dəfələrlə bununla bağlı bəyanat verib ki, Naxçıvana yol açılmalıdır. Sadəcə olaraq dünyada ədalət məhz bu “cürdür”.
- Rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəz olunması ilə bağlı məsələlərə nə dərəcədə ciddi yanaşmaq olar?
- Bu Ermənistanın ortaya atdığı növbəti cəfəng yanaşmadır. Azərbaycanın razılığı olmadan onun ərazisinə bir nəfər də olsa beynəlxalq missiya üçün gələ bilməz. Ermənistan öz sərhəddində istədiyi missiyanı çağıra bilər. Amma Şuşa-Xankəndi-Laçın yoluna hansısa bir beynəlxalq missiya gələ bilməz. Bu bizim beynəlxalq hüquqla tanınmış ərazimizdir. Erməni tərəfi də bu reallığı artıq başa düşməlidir. Sadəcə olaraq biz yeni ildə arzu edək ki, erməni təərfini bu xəstəlikdən müalicə edən tapılacaq.