Həmrəy, bir olmaq, birlik göstərmək - bunlar olmadan heç bir sahədə uğur qazanmaq, qələbə çalmaq mümkün deyil. Azərbaycan öz şanlı tarixi ilə fəxr edə bilər. Onun ən çətin dövründə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətən, dövlət üçün mübarizəyə qoşulub. Ötən əsrin 80-ci illərindən başlayan milli-azadlıq hərəkatı buna əyani sübutdur. Müstəqil dövlət qurmaq, torpaqlarımızı Ermənistanın təcavüzündən qorumaqla başlanan yol 1989-cu ilin dekabrında Naxçıvan əhalisinin mübariz səyi nəticəsində İranla sərhəddin aradan qaldırılması nəticəsində yarım əsrdən çox davam edən ayrılığa son qoyuldu. Həm Azərbaycan vətəndaşları, həm də İrandakı həmyerlilərimiz bir-birilə ünsiyyət yaratmağa nail oldu. O dövrün sovet kommunist partiya nümayəndələri bu hərəkətlərə qarşı qarayaxma kampaniyası aparıb, dünyaya onu bir qrup ekstremistin hərəkəti kimi təqdim etməyə cəhd göstərsələr də, onların bu cəhdləri uğursuzluğa duçar oldu.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, 1990-cı ilin 20 yanvar faciəsi zamanı, bütün çətinliklərə, təhlükələrə baxmayaraq, şəhidlərimizi dəfn edərkən bir daha xalqımızın birliyini gördük: “Səssiz və sükutlu etirazının şahidi olduq. O zaman ulu öndər Heydər Əliyevin verdiyi bəyanatlar xalqda xüsusi hisslər yaratdı. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara inam verdi. Vətənə qayıdan ümummilli lider 1991-ci ilin 16 dekabrında Naxçıvan Ali Məclisinin sədri kimi dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir”.
Professor hesab edir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür: “Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olub. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb. Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bütün bunlar diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, güclənməsinə təkan verdi. Məhz bunun nəticəsi idi ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Cəbhədən gələn xoş qələbə xəbərləri, ərazilərimizin erməni işğalından azad olunması həmvətənlərimizi daha da ruhlandırdı. Prezident İlham Əliyevin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi”.
Millət vəkilinə görə, bu gün qarşımızda çox mühüm vəzifələr dayanır, bu istiqamətlər haqqında Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayında, eləcə də digər rəsmi tədbirlərdə mühüm mesajlar verilib: “Qələbədən sonra Azərbaycana, dövlətimizə, xalqımıza qarşı haqsız iddialar, böhtanlar hələ də davam edir. Buna görə də mübarizə davam etməli, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti daha da gücləndirilməlidir. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı, öz ölkəsi, vətəni ilə qürur duyur. Bu əzəmətlə, hisslə yaşayan həmvətənlərimiz, soydaşlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara və nailiyyətlərə doğru inamla addımlayacağına tam əmindir”.