3 Yanvar 2023 09:27
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox təəssüf ki, Viktor Hüqonun, Şarl de Qolun, Jorj Pompidunun, Fransua Mitteranın, Jak Şirakın, Nikola Sarkozinin Fransası bu gün aciz bir duruma düşüb. Fransa təxribatçı, dilənçi kimi digər ölkələrin qapısını döyən Ermənistanın maraqlarının müdafiəçisinə, siyasi əsirinə çevrilib. Bu mənada Fransanın BMT Təhlükəsizlik Şurasında sədrlik müddətindən sui-istifadə edərək Azərbaycanla bağlı məsələni gündəmə çıxarması, onun çox aciz duruma düşdüyünü göstərir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O hesab edir ki, iqtisadi cəhətdə qüdrətli beynəlxalq aləmdə tanınan güclü ölkələrdən biri sayılan Fransa heç də ədalətli dövlət ola bilmir:

“Amma güclü dövlət beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır. Digər dövlətlərin hüquqlarını tapdalamamalıdır. Amma Fransa bunu edir. Fransanın bütün cəhdlərinə baxmayaraq BMT TŞ-da diplomatik məğlubiyyətə uğradı. Sözsüz ki, bu məsələ gündəliyə çıxarılana qədər Fransa BMT TŞ-nın digər üzvlərinin nümayəndələri ilə şübhəsiz ki, görüş keçirib. Onları maksimum dərəcədə öz tərəfinə çəkməyə çalışıb. Amma BMT TŞ-nın üzvlərinin əhəmiyyətli bir hissəsi Azərbaycanı, onun ərazi bütövlüyünü, haqqını müdafiə etdilər. Beləliklə, Fransa məsələnin yekunlaşmasını gözləmədən onu gündəlikdən çıxardı. Bu, Fransanın müasir dövrdə uğursuz siyasi cəhdlərindən biri hesab edilə bilər”.

Millət vəkilinə görə, ilk növbədə burada Azərbaycanın həqiqəti qalib gəldi:

“Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi qalib oldu. Çünki Azərbaycan heç bir ölkənin ərazisinə, tarixinə, maddi-mənəvi dəyərlərinə iddia etmir. Azərbaycan özünün haqqı olanı müdafiə edir. Bu da müdafiə olundu. Dünya Azərbaycanın siyasi gücünü gördü. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın bütün nöqtələrində nüfuza malikdir. Azərbaycanla əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır. Ölkəmiz həmişə istənilən dövlətlə qarşılıqlı maraqlara uyğun əlaqələr qurmağı bacarıb. Pandemiya dövründə dünyanın 80 ölkəsinə koronavirusla mübarizdə Azərbaycan yardım etdi. Kiçik, yeni müstəqillik qazanmış, müharibədən yeni çıxmış bir ölkə özünün qüdrətini göstərdi”.

Aydın Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı müraciəti özünün energetikası ilə güclü idi: “Ölkə başçısı ilk növbədə növbəti dəfə cəmiyyətə hesabat verdi. Ərazi bütövlüyümüzün bərpası, koronavirusla mübarizə, iqtisadi problemlərimizin həlli, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq birlikdəki fəaliyyətimiz bütün bunların hamısı ilə bağlı dəyərli çıxış etdi. Bu çıxış gələcəkdə tarix kitablarımızda özünün əksini tapacaq. Azərbaycan qarşısına hər zaman real məqsədlər qoyub. Onun ədalətli maraqları, beynəlxalq hüquqa uyğun olan məqsədlərinə həmişə çatır. Sözsüz ki, qarşımızda çox işlər durur. İşğaldan azad edilən torpaqların bərpa edilib, əhalimizin ora qayıtması, regionların sosial-iqtisadi inkişafı, insanların sosial vəziyyətinin yaxşılaşdırılması, Ermənistanla münasibətlərin normal qonşuluq səviyyəsinə çatması və s qarşıda duran məsələlərdir. Bu siyasətlə, ən əsası isə xalqın etimadını qazanmış, dəstəyini görən Liderlə Azərbaycan bütün bunların hamısına mütləq çatacaq”.


Müəllif: Tapdıq Qurbanlı