5 Yanvar 2023 13:19
2 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi proseslərin gedişi ilə bağlı hər hansı proqnoz vermək çox çətindir. Çünki burada bir proqress yoxdur. Azərbaycan tərəfinin tələbləri yerinə yetirilməyincə, bu proseslər davam edəcək. Eyni zamanda erməni tərəfindən də hər hansı konstruktiv bir addım atılmır. Ola bilsin ki, bunun üçün müəyyən bir zaman tələb olunsun.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O hesab edir ki, bu prosesdə Ruben Vardanyanın rolu mənfidir: “Artıq Qarabağ erməniləri arasında fikir ayrılığı mövcuddur. Onların bəzilərinin istəyi Azərbaycanın mərkəzi hakimiyyəti ilə dialoqa başlamaq və müəyyən məsələləri müzakirə etməkdir. O cümlədən, qızıl və mineral yataqlarla bağlı məsələləri də müzakirə etmək niyyətləri var. Amma Ruben Vardanyan hələki buna imkan vermir. Ola bilsin ki, bu vəziyyət müəyyən bir nəticə verəcək. Bu ayın ortalarına və sonuna yaxın belə bir gözlənti var. Amma hələki bir proqress müşahidə edilmir”.

Fərid Şəfiyevə görə, Azərbaycan nəticə etibarı ilə öz məqsədlərinə nail olacaq: “Bunu Qərbdə də dərk edirlər. Ermənilər Azərbaycana qarşı müəyyən bir kampaniyaya başlasalar da, bəzi dövlətlər istisna olmaqla Azərbaycanın tələblərini normal qəbul edirlər. Çünki burada Azərbaycanın təbii sərvətləri talan edilir, qeyri-qanuni şəkildə istismar olunur və ölkədən çıxarılır. Ölkəmiz də haqlı olaraq buna etiraz edir”.

Mərkəz sədrinin fikrincə, burada Laçın yolunun suverenliyi də hər hansı bir sual yaratmır: “Sözsüz ki, hansısa humanitar məsələləri əsas tutaraq Azərbaycana müəyyən bir təsir göstərmək niyyətləri var. Nəticə olaraq proses bizim xeyrimizədir. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əldə etdiyi nəticə bizim haqlı mövqeyimizə uyğundur. Bütün bunlar onu göstərdi ki, beynəlxalq səviyyədə ermənilərin səyləri ümumən uğursuzdur. Amma onlar anti-Azərbaycan kanpaniyalarını sözsüz ki, davam edəcək. Ümumən isə ölkəmizə qarşı hansısa bir təzyiqin olması gözlənilmir. Ola bilsin ki, Fransa öz ətrafına kimlərisə toplayıb nəsə bir addım atmağa cəhd etsin. Bunlar da təsirsiz olacaq. Nəticədə, Azərbaycan öz məqsədlərinə çatacaq”.


Müəllif: Tapdıq Qurbanlı