5 Yanvar 2023 17:04
2 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni keşişin çağırışlarına ən yaxşı cavabı müqəddəs kitabın özü verir. Müqəddəs kitabda İsa peyğəmbərin bir kəlamında qeyd olunur ki, əgər kimsə sizə qarşı nəsə etsə, sizin yanağınıza toxunsa, siz o biri yanağınızı da uzadın ki, ona da toxunsun. Yəni, bu o deməkdir ki, sizlər heç zaman insanlara qarşı kin bəsləməyin, müharibə aparmayın. Hörmət və ehtiramla davranın. Zoru, gücü təbliğ etməyin. Ümumilikdə isə bütün səmavi dinlərdə bu məsələ öz əksini tapıb. Amma yeni il ərəfəsində erməni katolikos II Qaragenin etdiyi çağırışlar bir daha sübut edir ki, onlar heç də din adamı deyillər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O hesab edir ki, bu cür adamlar din adından dəllalıq edənlərdir: “Məqsədləri din adından şəxsi məqsədləri, milli maraqlarını reallaşdırmaqdır. Azərbaycan II Qarabağ müharibəsindən sonra Ermənistana sülh əlini uzadıb, ölkəmiz bu istiqamətdə özünün imkanlarını ortaya qoyub. Əslində 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan, barbarlıq edən, maddi-mədəniyyət, dini abidələri dağıdan, xalqımıza qarşı soyqırımı həyata keçirən ermənilər olub. Amma bütün bunlara baxmayaraq Azərbaycan özünün süverenliyini, ərazi bütövlüyünu təmin etdikdən sonra sülh təklifi ilə çıxış edir”.

Deputatın fikrincə, erməni keşişin yenidən “qanlı qarşıdurmaya, mübarizəyə başlamalıyıq” kimi təşəbbüslərlə çıxış etməsi dini dəyərlərlə tamamilə ziddir:

“Nəticədə bilə-bilə bu cür çağırışların edilməsi din adı altında özlərinin məkirli planlarını reallaşdırmağa çalışanların bəd niyyətidir. Onlar qətiyyən erməni xalqının gələcəyini düşünmür”.

Ceyhun Məmmədova görə, erməni keşiş və onların havadarları Azərbaycanla yeni bir qarşıdurmanın hansı fəlakətlərə səbəb olacağını dərk etməlidir:

“Erməni xalqı da bu məsələlərə nəhayət ki, reaksiya verməlidir. Din adamının insanları ölümə, fəlakətə səsləməsi heç bir məntiqlə uzlaşmır. Bakıda olmuş həmin o Qaregin Azərbaycanın necə bir tolerant ölkə olduğunu dərk etməmiş deyil. Sadəcə olaraq Ermənistan və İran nümunəsindən görünən odur ki, bu adamların din adından danışmağa mənəvi haqqı çatmır. Çünki bütün müqəddəs kitablarda deyilir ki, sülh mümkündürsə, sülhə gedin”.


Müəllif: Tapdıq Qurbanlı