10 Yanvar 2023 19:59
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, bu günlərdə yenə də Qarabağ erməniləri ilə Ermənistanda yaşayan ermənilər arasında yerli-yersiz müqayisələr aparılır. Bu cür yanaşmalara münasibətiniz necədir?

- Qarabağda yaşayan ermənilərlə Ermənistanda yaşayan ermənilər arasında bəzən yersiz müqayisələr aparılır. İddia edilir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər Ermənistan ermənilərinə nisbətən daha “yaxşı xüsusiyyətlər”ə malikdirlər. Bu fikirlərlə qəti şəkildə razı olmaq olmaz. Faktiki ermənilərin harada yaşaması, hara ermənisi olmasından asılı olmayaraq onların bizə qarşı olan siyasi baxışları olduqca önəmlidir. Onların nə dərəcədə satqın, separatçı, cinayətkar olması bizim üçün əsasdır. Azərbaycanda doğulub böyümüş, çörəyini yemiş, təhsil almış ölkəmizin bütün imkanlarından ən yüksək səviyyədə bəhrələnmiş ermənilər xalqımıza qarşı ən qəddar mövqedə olub. Bu yanaşma indi də belədir.

- Azərbaycanın Qarabağ bölgəsində qalıb yaşayan erməniləri necə səciyyələndirmək olar?

- Sözsüz ki, onların da içərisində hərbçilər, cinayətkarlar, terrorçular bir qrup şəklində mövcuddur. İmkansız, heç bir məsələyə qarışmayan, ancaq dolanışığı ilə məşğul olan mülki, dinc erməni təbəqəsi isə tamam başqa bir qrupdur. Məhz bu təbəqə 1988-ci ildə məlum hadisələr başlayanda da heç bir rola, əhəmiyyətə malik olmayıblar. Sadəcə olaraq idarə edənlər tərəfindən istiqamətləndirilib, idarə olunublar. Bu günlərdə aclıqdan, ehtiyacdan, soyuqdan Şuşa-Xankəndi istiqamətində Azərbaycan əsgərlərinə yaxınlaşan erməninin aqibəti buna bariz nümunədir. Çünki o yaxınlaşdı və öz ehtiyaclarını dilə gətirdi. Azərbaycanın oradakı müvafiq qrumları da ona hərtərəfli kömək etdilər. Fakt odur ki, bu gün Qarabağda məhz bu kateqoriyadan olan ermənilərin sayı həddindən artıq çoxdur. Sadəcə olaraq onlar cinayət quldurların hələ də əsarətindən xilas ola bilmirlər. Amma təəssüfedici fakt odur ki, həmin erməni bu hərəkətindən sonra Xankəndiyə qayıdan kimi cinayətkar dəstə onu ailəsi ilə birlikdə məhv edəcək.

- Artıq Qarabağda mövcud olan qondarma rejimin təmsilçiləri arasında qarşıdurma var. Cinayətkar Vitali Balasanyanın “vəzifəsindən” uzaqlaşdırılması bu prosesin görünən tərəfidir. Konfiliktin getdikcə dərinləşməsi ehtimallarını necə dəyərləndirirsiniz?

- Sözsüz ki, orada olan cinayətkar qrup arasında münasibətlər hələ getdikcə kəskinləşəcək. Şuşa-Xankəndi yolunda eko-fəalların keçirdiyi aksiyanın istiqaməti bir qədər dəyişsə, proseslərin axarı tamamilə dəyişəcək. Xankəndidəki qondarma rejimin və Ermənistan rəhbərliyinin iddialarının əksinə olaraq burada yol humanitar məqsədlər üçün açıqdır. Gün ərzində rus sülhməramlılarına məxsus humanitar maşın kalonlarının keçidi baş verir. Humanitar keçid üçün orada heç bir problem yoxdur. Eyni zamanda burada yoxlanış məsələsi də öz əksini tapmalıdır.

Çünki arxası çadırlı maşınlarda Xankəndidə humanitar yardım adı altında nələrin aparılıb-gətirildiyi aydınlaşmalıdır. Burada da yoxlama məsələləri sərtləşsə və bununla da mümkün qədər təminat çətinləşə, eyni zamanda həmin yolda Azərbaycanın öz postları olsa, Qarabağda o qondarma rejimi idarə edən cinayətkarlar insanların hiddəti ilə üzləşəcək. Beləliklə də onlar bizim tələblərimizi icra etməyə məcbur olacaq. Ona görə də, aksiyaların davamı olaraq məhz bu cür tədbirlərin də görülməsinə ehtiyac var.


Müəllif: Tapdıq Qurbanlı