11 Yanvar 2023 13:12
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Azərbaycanla Ermənistan arasında ötən il sülh prosesi daha aktiv müstəvidə keçdi. Nəticə olmasa da prosesdə dinamika var idi. Bu il sülh müstəvisində danışıqların daha çox hansı rakursda və kimin tərəfindən başlanacağı gözlənilir?

- Bu il Azərbaycanla Ermənistan arasında sülhün olma ehtimalı var. Çünki Ermənistanın iradəsi ortada yoxdur. Bu ölkə öz iradəsini və ixtiyarını Fransaya verib. Fransa isə bundan necə lazımdır o cür də istifadə edir. Amma bu da uğursuz alınır. Azərbaycan Ermənistanın mövqeyinin ifadəçisi kimi Fransa ilə hər hansı bir dialoqa maraq göstərmədi. Azərbaycanın ərazi bütövlüyünə qarşı Emmanuel Makron, Fransa senatı, parlamenti tərəfindən uğursuz bir kampaniya başladıldı. Azərbaycan da bu prosesləri Fransaya bağışlaya bilməzdi. Ona görə də, Fransanın bütün proseslərdə arxa planda qalmasına çalışan Azərbaycan buna nail oldu. Bundan sonra Fransanın hər hansı bir şəkildə prosesdə yer alması artıq mümkün görünmür. Bunu Ermənistanın himayədarı olan digər qüvvələr də anladılar. Nəticədə problemin həlli istiqamətində təşəbbüskarlığını artırdılar.

- İl başlayandan ABŞ-dan mümkün təşəbbüslərlə bağlı təkliflər var. Amerika prosesdə nə dərəcədə aktiv yer ala bilər?

- Hazırda proseslərin başında ABŞ durur. Birləşmiş Ştatlar erməni maraqlarını müdafiə edən dövlət kimi bu məsələdə aktiv yer almağa başladı. Amma burada Azərbaycanın da maraqlarını nəzərə almağın vacib olduğunu dərk edirlər. Reallığı hər halda anlayırlar. Ona görə də, ABŞ-dan indiki şəraitdə təşəbbüskarlığın artması məhz bununla bağlıdır. Çünki onlar da Fransa kimi Azərbaycana qarşı açıq-aşkar mövqe tutsalar, o zaman prosesə qatılmaq imkanı əldə edə bilməyəcəklər.

- Azərbaycanın prosesdə vasitəçilik, moderatorluq etmək niyyətində olan dövlətlərə və qüvvələrə münasibəti necədir? Sizcə, bir neçə vasitəçinin olması prosesə necə təsir göstərəcək?

- Azərbaycanın bütün böyük güclərlə münasibətləri pozmaq niyyəti yoxdur. Amma bölgədə bizə aid olan maraqlarımızı qorumaqda iddialı olduğumuzu göstərmişik. Bizim xarakterimiz artıq onlara bəllidir. Biz həmçinin Rusiyanın vasitəçiliyi ilə də danışıqlardan imtina etmirik. Halbuki, Ermənistan bu prosesi də pozur. Sadəcə olaraq Ermənistanın indiki halda nə istədiyini anlamaq çox çətindir. Ortada üçtərəfli bəyanat var. Bunun şərtlərinə əməl olunmalıdır. Əgər qarşı tərəf buna əməl etməkdən imtina edirsə, demək ki, o nə istədiyini bilmir. Ya da onu nə istədiyini ifadə etməyə imkan vermirlər.

- Artıq 30 gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların aksiyası davam edir. Bu istiqamətdə atılan davamlı addımlar bundan sonrakı proseslərin istiqamətlənməsinə nə dərəcədə faydalı olacaq?

- Bizim məqsədimiz daxildə məsələni həll etməkdir. Şuşa-Xankəndi yolunda eko-fəalların başlatdığı fəaliyyət də bu istiqamətdə dövlətin siyasətinin gələcəkdə istiqamətlənməsi baxımından faydalı oldu. Bu kurs davam edəcək. Ermənistanın hər hansı bir şəkildə Qarabağla bağlı təzyiqlər etməsinə imkan verilməyəcək. Bunlar artıq prosesin görünən reallığıdır. Azərbaycan da bu reallığı qiymətləndirməkdədir. Ölkəmizin bütövlükdə bu kursu davam etdirməsi vacibdir.

- Xarici dəstək və kənar təsirlər burada nə dərəcədə öz aktuallığını qoruyur?

- Biz BMT Təhlükəsizlik Şurasının iclasında Fransanın çıxardığı məsələyə dəstək almadığını gördük. Burada xüsusilə Böyük Britaniya və Rusiyanın açıq şəkildə ortaya mövqe qoyması sadə məsələ deyil. Bundan sonra da bu xəttin davam edəcəyini proqnozlaşdırmaq mümkündür.

- Ermənistanda anti-Rusiya ab-havası davam edir. Rusiyanın bu ölkədəki hərbi bazasının önündə aksiya keçirən erməni fəallar Rusiya əleyhinə kəskin şüarlar səsləndirib. Bunu Ermənistanın Rusiyadan uzaqlaşması prosesinin növbəti mərhələsi kimi izah etmək olarmı?

- Rusiyanın Ermənistanın üzərindən əlini çəkməsi onların ziyanınadır. Bu, Ermənistanın Azərbaycanla daha çox üz-üzə qalması deməkdir. Sadəcə olaraq onların bunu nə dərəcədə istədiklərini bilmək maraqlı olardı. Ermənilər Rusiya olmadan bölgədə hansısa bir formada öz varlıqlarını göstərə bilməzlər. ABŞ paraşütdən gəlib onlara dəstək verəsi deyil. Bunu Türkiyə və Azərbaycanın başı üzərindən heç kəs edə bilməyəcək. Ona görə də, Ermənistanın Rusiyanın təbəəçiliyindən çıxması bu ölkənin özü üçün yaxşı heç nə vəd etmir. Bu gün Rusiyanın Ermənistanda qalması da əslində onlara faydalı deyil. Amma getməsi bundan da betər ola bilər. Ermənistan ona görə də, bölgəyə baxış siyasətini dəyişməlidir. Başqa dövlətlərin ərazisini işğal etmək, mənimsəmək kimi yanlış fəlsəfə dəyişməlidir. Bu dəyişmədikcə, onlar eyni problemi yaşayacaqlar.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı