11 Yanvar 2023 16:40
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın indiki mərhələdə əsas məqsədi "xilas naminə ayrılmaq" prinsipini irəli sürməkdən ibarətdir. Halbuki, beynəlxalq hüquqda belə bir prinsip yoxdur. Xalqların öz müqəddəratı hüququ var. Artıq II Qarabağ müharibəsindən sonra bu, ermənilər üçün qeyri-münasibdir. Çünki onlar artıq bunu başa düşürlər. Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan da açıqlama verdi ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun fikrincə, sadəcə olaraq indi onlar göstərməyə çalışırlar ki, guya Qarabağdakı erməniləri hansısa bir “soyqırımı” gözləyir:

“Şuşa-Xankəndi yolunda olan aksiyanı da ermənilər özləri üçün az qala dünyaya humanitar blokada kimi qələmə verir. Sözsüz ki, bu cür yanaşmalar sülh prosesinə zərbə vurur. Sadəcə olaraq erməni tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onlar Qarabağla bağlı iddialarını davam etdirmək niyyətindədirlər. Paşinyanın da açıqlamaları bu yöndədir”.

Fərdi Şəfiyev bildirib ki, erməni diplomatlar, Ermənistanın Xarici İşlər naziri qondarma rejim haqqında danışır və beynəlxalq ictimaiyyətə bəyanatlar verirlər:

“Bu reallıq mövcuddur. Belə olan halda isə sülh sazişinin imzalanacağı sual altına düşür. Amma ötən gün ölkə televiziyalarına müsahibə verən Prezident İlham Əliyev də vurğulayıb ki, sülh sazişi tək bizə deyil eyni zamanda Ermənistana da lazımdır. Çünki sülh sazişi olmadan iki vacib faktor Ermənistan ətrafında cərəyan etməkdə davam edəcək. Bu ilk növbədə Ermənistanın təhlükəsizliyi ilə bağlıdır. Digər bir məsələ isə Ermənistanın iqtisadi cəhətdən təcrid olaraq qalmasıdır”.


Müəllif: Tapdıq Qurbanlı