11 Yanvar 2023 19:43
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev ötən gün televiziyalara müsahibə verərkən etdiyi çıxışı Azərbaycan vətəndaşları qarşısında onun liderinin növbəti hesabatı kimi xarakterizə olunur. Bu hesabat həm tarixi, həm bugünkü, həm də gələcəyə dair kifayət qədər ciddi məlumatlarla zəngin idi. Bunların içərisində II Qarabağ müharibəsindən sonra Azərbaycanın atdığı addımlar məsələsi həmişə diqqəti cəlb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O hesab edir ki, Vətən müharibəsində çox ciddi strateji hazırlıq nəticəsində qələbə əldə edilib: “Digər mühüm məsələ isə bu qələbənin siyasi müstəvidə təsdiqləmək və bundan sonra Azərbaycanın milli maraqlarının təmin edilməsi üçün ciddi addımların atılması vacib idi. Dövlət başçısı bunu edə bildi. Azərbaycan xalqının etimadını qazanmış, dünya siyasətindən yaxşı məlumatlı olan Azərbaycan Prezidenti ilk növbədə dünyaya ölkəmizlə bağlı həqiqlətləri çatdıra bildi. Eyni zamanda təkcə qələbə əldə edilmədi. Qələbənin real nəticələri üçün ciddi addımlar atıldı. Həmin ərazilərin hərbi nəzarətə götürülməsi, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması, əhalinin köçürülməsi üçün hazırlığın aparılması bu qəbildən olan məsələlərdir”.

Deputat qeyd edib ki, Ermənistanla artıq sülh müqaviləsi bağlanması üçün də ciddi addımlar atılıb: “Sadəcə olaraq Ermənistan bu ciddi münasibətə qarşı qeyri-ciddi mövqe göstərdi. Amma dövlət başçısının qeyd etdiyi kimi bundan daha çox Ermənistan itirəcək. Azərbaycan isə öz həyatını qurur və qurmaqda davam edir. Azərbaycan-Ermənistan sərhəddi tamamilə nəzarətə götürülüb. Eyni zamanda rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin taleyi məsələsi də Azərbaycan dövləti tərəfindən ciddi şəkildə həll edilməkdədir. Ölkə başçısı xüsusi olaraq vurğuladı ki, rus sülhməramlılarının oradan getməsinə 3 il qalıb. Ona görə də, Ermənistan bunu nəzərə almalıdır”.

Aydın Mirzəzadə deyib ki, Azərbaycan dünya səviyyəsində siyasi müstəvidə özünün milli maraqlarını təsdiq edə bildi: “Bundan irəli gələrək qüdrətli, güclü Azərbaycan dövləti qurulmaqdadır. Həyatımızın heç bir sahəsi bu gün diqqətdən kənar qalmayıb. Bundan sonra baş verə biləcək hər hansı təhdidlərin qarşısını almaq üçün ciddi mexanizmlər qurulur. Dövlət başçısının vurğuladığı kimi Azərbaycana ola biləcək hər hansı bir təhdid bizim ərazimizdə və kənarda olmasına baxmayaraq onun qarşısı qətiyyətlə alınacaq. Bu, Ermənistan və onu müdafiə edənlər üçün də çox ciddi bir mesajdır. Həmçinin ölkə başçısı faktlarla, xronoloji ardıcıllıqla göstərdi ki, məsələnin sona kimi həll edilməsi üçün Azərbaycan bütün müvafiq addımlar atır. Ermənistan isə hər hansı bir möcüzə gözləyir. Bu ölkə hələ də özünün uydurduğu mifdən ayrıla bilmir. Atdığı addımlar onu gücləndirmək əvəzinə daha da zəiflədir. Ona görə də, Prezident İlham Əliyevin dünənki səmimi çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı güclü dövlət yaratmağa, tarix səhnəsinə qüdrətli lider çıxarmağa və dünya birliyində layiqli yer tutmağa layiqdir. Bunu hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında görür”.


Müəllif: Tapdıq Qurbanlı