12 Yanvar 2023 12:29
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi məsələlər olduqca böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı vurğuladı ki, Ermənistan nələrəsə ümid edərək yekun sülh sazişinin imzalanmasından yayınır. Fakt da odur ki, erməni tərəfi Azərbaycanla sülh müqaviləsinin imzalanmasından hər vasitə ilə yayınmağa çalışır. Çünki Ermənistan ağır məğlubiyyətə uğramış tərəf kimi bu müqaviləyə imza atacaq. Bu da Ermənistanda mövcud rejim və dövlət üçün hansı nəticələrin formalaşacağı haqqında aydın təsəvvürlər yaradır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O hesab edir ki, Ermənistan əslində bu cür davranışları ilə işğalçılıq siyasətinin mahiyyətindən çox asanlıqla qurtula bilməyəcək: “Yekun sülh sazişinin imzalanması əslində Ermənistan üçün ən böyük cəza tədbiri olacaq. Bunu dərk edən Ermənistan rəhbərliyi kənardan özünə dəstəkçi elementlər axtarışındadır. Ölkə başçısı həmçinin bu istiqamətdə Fransanın “canfəşanlığına” da diqqət çəkdi. Vətən müharibəsi və ondan sonrakı zamanlarda Fransanın aşkar qərəzli mövqeyi Ermənistana manevr imkanları təqdim etmək məqsədi güdür. Sonuncu Praqa görüşündə Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisinə göndərilməsi ilə bağlı qərar qəbul edildi. Əslində bu qərarın qəbul olunması yekun sülh sazişini əngəlləməyə hesablanıb”.

Deputatın fikrincə, Brüssel görüşlərinin müsbət elementləri vurğulansa da Praqa görüşü bu prosesin mahiyyətinin nədən ibarət olduğunu ortaya qoydu: “Ona görə də, Brüssel görüşləri mahiyyət etibarı ilə Ermənistana yekun sülh sazişini imzalamaqdan yayınmaq üçün bir dəstək rolunda çıxış edirdi. Burada real imitasiyalar mövcud idi. Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun proseslərin inkişaf etdiriləcəyi fonu formalaşdırılırdı. Amma Avropanın siyasi, iqtisadi mənada aparıcı dövlətinin Fransa olduğunu nəzərə alsaq bu mənzərənin nədən ibarət olduğunu açıq görmək mümkün olur. Eyni zamanda Praqa görüşündə Fransa prezidentinin öz iştirakını təmin edə bilməsi də bir daha ona dəlalət etdi ki, bütövlükdə Avropanın ümumi mövqeyinə Fransanın təsiri mövcuddur. Bu təsir də aşkar şəkildə Azərbaycana münasibətdə qərəz xarakteri daşıyıb. 2022-ci ilin 19 dekabr tarixində Avropa İttifaqının müşahidə missiyasının müddəti başa çatdı. Bu missiya nəticəsində 2 aylıq bir hesabat hazılanmalı idi. Amma fakt odur ki, ortada bir hesabat yoxdur. Sonradan bu missiyanın müddəti heç bir səbəb olmadan uzadılıb. Burada məqsəd odur ki, missiya davam etdiyi müddətdə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayacaq. Missiyanın isə nə vaxta qədər davam edəcəyi ilə bağlı təsəvvürlər yoxdur”.

Elşad Mirbəşiroğluna görə, Ermənistanın, bütövlükdə Avropanın ortaq mövqeyi odur ki, yükun sülh sazişi imzalanmasın: “Bu həqiqətləri Avropanın siyasi dairələrinə də çatdırmaq lazımdır. Çünki yekun sülh sazişinin mətninin hazırlanması ilə bağlı sonuncu Brüssel görüşündə bir razılıq əldə edilmişdi. Amma fakt odur ki, bu istiqamətdə heç bir real addımlar atılmayıb. Eyni zamanda yekun sülh sazişinin mətninin hazırlanması üzərində iş getdiyi müddətdə Avropa İttifaqı missiyasının Ermənistana göndərilməsinin heç bir məntiqi əsası yox idi”.


Müəllif: Tapdıq Qurbanlı