13 Yanvar 09:05
2 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan separatçıları Azərbaycan əleyhinə açıqlama verməkdən çəkinməyə çağırdı. Sizcə, Ermənistan rəhbərinin bu mesajını hansı kontekstdə şərh etmək olar?

- Paşinyanın bu açıqlamasını bir neçə istiqamətdə yozmaq olar. Burada ilk hədəf kimi Rusiyanın vassalı və layihəsi olan Ruben Vardanyan götürülür. Çünki Qarabağın separatçılar yaşayan hissəsinə gəldiyi andan Azərbaycana qarşı “müharibə ritorikası”na əl atan Vardanyan təxribatçı fəaliyyətlərini genişləndirir.

Paşinyanın Moskva əleyhinə son açıqlamalarını nəzərə aldıqda, buna Rusiya və sülhməramlılar əleyhinə mesaj kimi də baxmaq olar. Paşinyanın açıqlamalarında Rusiya sülhməramlılarının öz funksiyalarını doğru yerinə yetirmədikləri və Laçın yolu ilə bağlı problemlərin də bundan qaynaqlandığı tezisi önə çıxır. Onun separatçılara çağırışı həm də Xankəndi və ətrafı ilə bağlı Paşinyanın “konstruktivliyinin” artmasına işarədir.

Paşinyan bildirib ki, Azərbaycana ərazi iddiaları yoxdur, sadəcə Qarabağ erməniləri ilə bağlı insan hüquqları çərçivəsində tələbləri var, Azərbaycanın ərazi bütövlüyünü kölgə salmaq niyyətləri yoxdur. Ermənistan baş nazir həm də onu deyib ki, Qarabağ məsələsi Azərbaycan konstitusiyası çərçivəsində həll edilməlidir.

Bundan başqa, Qarabağ erməniləri barədə yalnız təhlükəsizlik təminatı və digər bu kimi məsələləri gündəmə gətirən digər sözləri göstərir ki, Qarabağla bağlı məsələlərdə çox ehtiyatlı davranır, Azərbaycana qarşı eksterimist, radikal çağırışlardan əl çəkib. Bu məsələlərdə Rusiyanın projesi olan Vardanyan daha çox önə çıxır.

Görünən budur ki, Qarabağın ermənilər yaşayan hissəsində baş verən prosesləri Rusiyanın təlimatı ilə hərəkət edən Vardanydan tənzimləyir. Bu baxımdan, Paşinyanın Qarabağ ermənilərinə son çağırışı reallıqları əks etdirir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın səbri sonsuz deyil. Prezidentin son açıqlamalarından çıxan mesaj budur ki, 2023-cü ili onlar üçün son şans kimi tanıyırıq və onları Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konstruktiv olmağa çağırırıq. Bu, ciddi xəbərdarlıqdır. Paşinyan da düzgün hesab edir ki, Xankəndi və ətrafındakı bir ovuc ermənini qızışdırıb, radikal əhval-ruhiyyəyə kökləmək onları Azərbaycanın görə biləcəyi sərt tədbirlərlə üz-üzə qoya bilər.

Paşinyanın bu çağırışını normal hesab edirəm. Qarabağın dağlıq hissəsi və Ermənistan ordusunun orada hələ də qalmaqda davam edən tör-töküntüləri ilə bağlı mövqeyimiz bəllidir. Bu məsələ hələlik diplomatik masadadır, amma lazım gələcəyi təqdirdə lokal xarakterli antiterror əməliyyatlarının keçiriləcəyi istisna deyil.

Paşinyan bu məsələləri də hesaba almaqla orada yaşayan erməniləri Vardanyan və digərlərinin təxribatçı çağırışlarına uymmamağa çağırır. Məncə, bu, ermənilərin hamısına olmasa da, müəyyən hissəsinə təsir edə və situasiyada müəyyən dəyişiklik yarada bilər.

- Əgər Paşinyan ərazi bütövlüyümüzü tanıyırsa, onda özündə iradə tapıb Azərbaycanla sülh müqaviləsini imzalaya bilərmi? İl ərzində bu ehtimalın reallaşması nə qədər mümkündür?

- Məncə, Azərbaycan prezidentinin yerli televiziyalara müsahibəsində Qarabağ erməniləri və sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistana son xəbərdarlıqdır. Paşinyanın bundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanmasının və qarşılıqlı etimadın formalaşdırılmasının vacibliyindən danışması sülhyaratma prosesində hərəkətlilik yarada bilər.

Düzdür, Paşinyan yenə də manevr edərək, Rusiya variantını qəbul etdiklərini söyləyir, digər yandan da ABŞ və Avropa Birliyi ilə sıx təmaslara gedərək, vasitəçi qismində Brüssel tanımaq istədiyi mesajını da verir. Bütün bunları nəzərə aldıqda, bir sıra mənasız açıqlamalarını çıxmaq şərtilə Paşinyanın sülh müqaviləsini imzalamağa meylli olduğunu deyə bilərik. Özü də bunu sürətləndirmək fikrindədir.

Paşinyan yaxşı başa düşür ki, Azərbaycanla sülh müqaviləsini imzalamaqla tarixə düşə bilər. Bununla həm də Rusiyanın onu Vardanyan vasitəsilə devirmək planının üstündən xətt çəkəcək. Zənnimcə, Paşinyanın indiyi səyləri əsasən sülh müqaviləsinin imzalanmasına və Vardanyanın zərərsizləşdirilməsinə yönəlib. Ermənistan baş naziri bu adamın bölgə üçün hansı təhlükələr yarada biləcəyini görür, bu səbəbdən də Vardanyana və onun qəyyumlarına qarşı öz imkanları daxilində müəyyən addımlar atır.

- Paşinyan növbəti dəfə KTMT və Rusiya əleyhinə sərt danışdı. KTMT-nin bundan sonra Ermənistanda təlim keçirə bilməyəcəyini deyən baş nazir Rusiyanın ölkəsindəki hərbi bazasını “təhdid” adlandırdı. Maraqlıdır ki, Moskvaya qarşı ritorikası getdikcə sərtləşən Paşinyan Rusiya bazasını ölkəsindən, Ermənistanı isə KTMT-dən çıxarmaq üçün praktiki addımlar ata bilərmi?

- Paşinyan bundan əvvəl KTMT-nin İrəvanda keçirilən son toplantısında qəbul edilən yekun bəyanatı imzalamaqdan da imtina etmişdi. Ermənistan baş naziri bu iki addımı ilə həm KTMT, həm də Rusiya ilə aralarındakı körpüləri yandırdı və üzünü birmənalı şəkildə Qərbə doğru çevirdi. Bu durumu düzəltmək o qədər də asan olmayacaq, bəlkə də mümkünsüzdür.

ABŞ və Böyük Britaniyanın xarici kəşfiyyat rəhbərlərinin İrəvana səfəri və Paşinyanla görüşləri öz nəticəsini verir.

Qərb dövlətləri son addımları və açıqlamalarından sonra Paşinyanı daha ciddi şəkildə qorumaq və bölgədə Rusiyanın təsirini minumuma endirmək üçün lazım olan addımları atmağa başlayıb. Əgər Paşinyan Rusiyaya meydan oxuyan bir mövqe sərgiləyirsə, demək, nəyəsə və ya kimlərəsə arxayındır. Bu çərçivədə Rusiyanın Ermənistandakı hərbi bazalarının və digər istiqamətlərdəki fəaliyyətlərinə son qoyulması üçün müəyyən təşkilati tədbirlər görülür. Rusiyanın Paşinyanı devirmək planı ilə bağlı yayılan fikirlər fonunda bunun sürətləndiriləcəyi istisna deyil.


Müəllif: Mənsur Rəğbətoğlu