17 Yanvar 2023 09:05
1 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Separatçı Ruben Vardanyanın “istefa” verəcəyi barədə məlumat yayıb. Düzdür, özü bunu təkzib edib, amma xəbər müzakirə mövzusuna çevrilib. İddia ermənilər arasında “bomba effekti” yaradıb. Sizcə, belə bir məlumatın dövriyyəyə buraxılması təsadüfidirmi?

- Vardanyanın özü təsadüf olmadığı kimi, onunla bağlı yayılan məlumatlar və xəbərlər də istisnasız olaraq təsadüfi sayıla bilməz, sayılmamalıdır. Ona görə ki, bizə qarşı günbəgün şiddətlənən hibrid savaşda məğlub olmayaq.

Məsələ budur ki, Ruben Vardanyan Kremldə bir neçə düşərgəni özündə birləşdirən “novatorlar” qruplaşmasının təmsilçisidir. “Novatorlar” birbaşa Rusiya Prezidenti Vladimir Putinə tabedir, onun itaətindədirlər. Onlar Rusiyanın indiki hakimiyyət sistemini dəyişmək və ya yenidən formalaşdırmaq niyyətindədirlər. Həmin klanlardan biri də Rusiyanın Cənubi Qafqaz siyasətinin təftiş edilməsini istəyir. Təbii ki, onları opportunist hesab edirlər, amma onlar fikirlərində qətidirlər.

İlk məqsəd Xankəndi, Xocalı, Əsgəran, Ağdərə rayonlarında məskunlaşmış ermənilərdən həm Azərbaycan, həm də Ermənistana qarşı sərt təzyiq forması kimi istifadə etməkdir. İkincisi məqsəd, perspektivdə Vardanyanı İrəvana aparmaq və Paşinyanı onunla əvəzləməkdir. Üçüncü məqsəd, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllini mümkün qədər uzatmaq, yaxın vaxlarda yekun sülh müqaviləsinin imzalanmasına yol verməmək, ən başlıcası isə tərəflər arasında moderator olaraq Rusiyanı saxlamaq, bununla Qərbin prosesdə hansısa formada iştirakına mane olmaq və bunun perspektivini minimuma endirməkdir. Biz Vardanyan fiquruna məhz bu aspektdən baxmalıyıq.

Vardanyanla bağlı çoxlu şayiələr, yalan məlumatlar, açıqlamalar olub, var və olacaq. “İstefa” məsələsinə gəldikdə isə bunu Vardanyanın özü əlinin altında olan blogerlər, influnserlər və media qurumları vasitəsilə ortaya atıb. Xankəndidəki terrorçu xunta öz arasında iclas keçirib, guya orada deyilib ki, Araik Arutyunyan Vardanyandan “istefa”sını tələb edib və sair. Bunların hamısı Vardanyanın mətbəxində hazırlanmış və tirajlanmış xəbərlərdir.

Təsadüfi deyil ki, bu xəbər yayıldıqdan sonra Vardanyan açıqlama verərək, heç yana getmədiyini, “istefa” vermədiyini və sair dedi.

Taktika nədən ibarətdir? Vardanyan “istefa” xəbərini yayır, bununla Qarabağ erməniləri arasında “təqib olunan siyasətçi” adını qazanaraq, “imic”inə “imic” qatır. Yəni tərəfdarlarının sayını artırır, özünü həm Ermənistanın sabiq rəhbərləri Robert Köçəryan və Serj Sərkisyana, həm də Xankəndidəki terrorçu xuntanın keçmiş başçısı Bako Saakyana qarşı “mübarizə aparan adam” kimi təqdim edir. Bir neçə gün əvvəl separatçı komandadan uzaqlaşdırılmış Vitali Balasanyan da Saakyanın əhatə dairəsində olan şəxsdir.

Bir sözlə, Vardanyan “istefa” xəbərlərindən “udmağa” çalışır. Bu da çox təhlükəli tendensiyadan xəbər verir.

Görünən budur ki, Xankəndidəki terrorçu xunta ilə İrəvan arasındakı bağların əksəriyyəti qopub, Paşinyanla Vardanyan arasındakı fikir ayrılığı aşkar qarşıdurmaya keçib. Artıq Paşinyanın nəzarətində olan media Vardanyanı “xalq düşməni” elan edib. Həmin qurumlar aşkar şəkildə yazırlar ki, “Vardanyan Britaniyanın agentidir, məqsədi Qarabağı satmaqdır” və sair. Yəni gözümüzün qabağında yeni intriqa oynanılır.

- Vardanyanla əlaqəli projelərin reallaşması ehtimalı nə qədərdir?

- Bu ehtimal sıfıra bərabərdir. Çünki Rusiya yeni format və çağırışları qəbul edərək, yeni oyun göstərməliydi. Amma keçmiş KQB-nin arxivindən çıxardığı tozlanmış planları işə saldı. Təbii ki, bu planların nədən ibarət olduğunu təxmin etmək və vaxtında bunlara qarşı zəruri tədbirlər görmək o qədər də çətin məsələ deyil.

Vardanyan olmasaydı, onun yerinə başqa bir erməni gətiriləcəkdi və Rusiya bununla həm İrəvan, həm də Xankəndi ilə bağlı planlarını həyata keçirməyə çalışacaqdı. Amma indi Rusiya zahirən nə Ermənistan, nə də Vardanyanı dəstəkləyir.

Rusiyanın məqsədi Qərbə yönələn Ermənistanı dayandırmaq, öz təsir-təzyiq dairəsinə qaytarmaq və Cənubi Qafqazdakı münaqişəni mümkün qədər həll olunmamış saxlamaqdır.

- Bəs Rusiya Qərbə yaxınlaşan Ermənistanı dayandıra biləcəkmi?

- Mümkün deyil. Çünki artıq ox yaydan çıxıb, proses idarəolunmaz hal alıb. Rusiya həmişə KQB-nin “idarəolunan xaos nəzəriyyəsi”nə əsaslanaraq Cənubi Qafqazdakı prosesləri idarə edirdi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndidə Arkadi Volskinin rəhbərliyi ilə “Volski Komitəsi” adlı bir struktur yaradılmışdı. Bu komitə “Azərbaycan kəndlərini qorumaq” adı ilə Rusiya desantçılarını həmin kəndlərə göndərirdi, ermənilərin yaşadıqları kəndlərdən ermənilərin çıxarılması prosesini həyata keçirirdi, soydaşlarımızı daimi yaşayış yerlərindən didərgin salırdı.

Bu proseslər 366-cı alay vasitəsilə həyata keçirilirdi. Həmin alayın zabit, gizir və çavuş heyətinin əksəriyyəti ermənilərdən ibarət idi. Bu da sonda Xocalı soyqırımı ilə nəticələndi. Həmin dövr geridə qalsa da, o dönəmdə həyata keçirilən taktika bu gün də davam edir.

Ermənistana gəldikdə, Rusiya onu saxlaya bilməyəcək. Çünki Ermənistan anlayır ki, Rusiya üçün heç nə kəsb etmir. Nə təbii ehtiyatlar, nə geostrateji, nə geosiyasi, nə də “müttəfiqlik” baxımından. Paşinyan bilərəkdən Ermənistanda anti-Rusiya əhvalını körükləyir. Eyni zamanda, bu əhval-ruhiyyə pik həddə çatanda guya bunun qarşısını alır.

Məsələn, “Sasna Çrer” qruplaşması guya gah Gümrüdəki rus hərbi bazasını “blokada”ya alır, gah da İrəvandakı Rusiya səfirliyi önündə aksiya keçirir. Bu prosesin arxasında dayanan dövlət Fransadır. Bu, Fransa xüsusi xidmət orqanlarının Mali, Çad, MAR, Liberiya kimi Afrika ölkələrində zaman-zaman həyata keçirdiyi ssenaridir. İndi bu ssenari Ermənistanda reallaşdırılır.

Rusiya Fransanın bu addımlarını görür. Gözümüzün qabağında köhnəlmiş, nimdaş iki ssenari toqquşur: biri Paris, digəri Moskvanındır.

- Ermənistanın Rusiyadan uzaqlaşması bölgədə real sülhə zəmin yaradacaqmı?

- Qətiyyən! Əksinə, vəziyyət daha da gərginləşəcək. Çünki Qərb heç vaxt Ermənistanı tam şəkildə ələ ala bilməyəcək, bu faktdır. Eyni zamanda, Rusiya heç vaxt Ermənistanı tam buraxmayacaq. Amma Ermənistan nə Qərbə, nə də Rusiyaya lazımdır. Söhbət Qərbdəki erməni diasporu və Rusiyadakı müəyyən siyasi dairələrin Ermənistan uğrunda toqquşmasından və mübarizəsindən gedir. Hər iki qüvvə yekun sülh müqaviləsinin imzalanmasının bir qədər təxirə salmaqda, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi prosesini və Zəngəzur dəhlizinin açılmasını mümkün qədər uzatmaqda, bu minvalla, özlərinə rəqib bildikləri gücləri, yəni Çini, ABŞ-ı, Türkiyəni bölgəyə buraxmamaqda maraqlıdırlar.

Ona görə də gərginliyin yaxın vaxtlarda aşağı düşəcəyini gözləmirəm.


Müəllif: Mənsur Rəğbətoğlu