18 Yanvar 2023 09:14
1 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Separatçı Ruben Vardanyanın son fəaliyyətləri separatçı rejim arasında narazılıq, gərginlik və parçalanmaya səbəb olub. Artıq baş separatçı Araik Arutyunyanla Vardanyan arasındakı gərginlik açıq müstəviyə keçir. Sizcə, qondarma rejimin Vardanyandan narazılığı nədən irəli gəlir və bu gərginlik necə bitə bilər?

- Gərginlik davam edəcək. Bəli, gərginlik var və artıq gizlədə bilmirlər. Ruben Vardanyan Moskva tərəfindən Xankəndiyə o məqsədlə göndərilmişdi ki, burada möhkəmlənsin, guya bundan sonra rəsmi Bakı onunla dialoqa başlayacaq, mövqeləri güclənəcək, növbəti mərhələdə də Paşinyana rəqib kimi Ermənistana göndərəcəklər və beləliklə, hakimiyyəti ələ keçirəcək. Amma biz ilk gündən “Vardanyan kartı”nı vurduq. Prezident İlham Əliyev də dedi ki, bu şəxslə heç bir dialoq olmayacaq. Çünki onun Qarabağa aidiyyəti yoxdur. Digər yandan, separatçılıqla məşğuldur və qondarma rejimdən “vəzifə” alıb.

Vardanyanın ermənilər arasında da nüfuzu aşağı düşməyə başlayıb. Çünki ermənilər düşünürdülər ki, bu milyarder gəlibsə, həyatları normallaşacaq. Amma vəziyyət daha da qəlizləşdi. Bir neçə günə talon sisteminə də keçirlər.

Separatçılar arasında ixtilaf dərinləşir. Əvvəlcə “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı uzaqlaşdırdılar, sonra hansısa “nazir”ləri dəyişdirdilər. Vardanyan öz komandasını qurmaq istəyirdi. Ötən günlərdə qondarma rejimin “spiker”i Tovmasyan dedi ki, “erkən seçki”yə ehtiyac var. Bu o deməkdir ki, həmin adamın özü də Vardanyanın fəaliyyətindən narazıdır. Yəni aralarındakı ixtilaf dərinləşir. Bizim Xankəndi-Şuşa yolundakı aksiyamız da buna təsir göstərir.

Alətlər bizim əlimizdədir. Növbəti hədəfimiz bu olmalıdır ki, Vardanyan gəldiyi yerə geri qayıtsın. Bununla erməni separatizminə növbəti zərbəmiz o olacaq ki, yapışdıqları saman çöpünün də faydasız olduğunu görəcəklər. Separatçılar arasındakı bu ixtilafı diqqətdə saxlamalıyıq. Bu il qarşımızda böyük hədəflər var: Laçın yoluna nəzarəti gücləndirmək, separatçıların tərksilahı, ordumuzun bir az da irəliləməsi və s. Danışıqlar zəminində də elə etməliyik ki, Rusiya hərbi kontingenti yaxın iki ildə bölgəni tərk etsin.

- Ermənistan mətbuatı iddia edir ki, Baş nazir Nikol Paşinyan Araikə Vardanyana qarşı hərəkətə keçmək, onu komandadan uzaqlaşdırmaq göstərişi verib. Bu fonda isə ard-arda Vardanyanın “istefa”sı xəbərləri gəlir. Necə düşünürsünüz: onu separatçı komadadan, ümumən Xankəndidən qovmaq mümkün olacaqmı?

- Vardanyan və Paşinyan arasında da ixtilaf var. Bunu gizlətmək mümkün deyil. Vardanyan bölgəyə ötən ilin sentyabrında gəlib. Biz yola nəzarəti dekabrda götürmüşük. Amma Vardanyan ötən aylarda İrəvana gedib Paşinyanla görüşə bilərdi, ancaq bu olmadı. Bundan başqa, nə Vardanyan, nə də Paşinyan bir-birinin adını çəkir. Məsələn, Paşinyanın adını çəkmədən Vardanyana son mesajı bu oldu ki, vəziyyəti daha da qəlizləşdirməyin.

Moskva da Vardanyanı Xankəndiyə ona görə göndərmişdi ki, əvvəlcə Arutyunyanın, sonra da Paşinyanın yerinə keçsin. Əslində, Araik Arutyunyan da bezib, bölgədən getmək istəyir. Ona görə də, “vəzifə”sini Ruben Vardanyana verə bilər. Vardanyan-Arutyunyan münasibətlərinin hansı səviyyədə olduğunu bilmirəm, amma hiss olunur ki, artıq Araik kölgədə qalıb. Hər yerə Vardanyan gedir, danışır, açıqlamalar verir, sanki separatçıların başçısı Arutyunyan yox, odur. Bu mənada da aralarında ixtilaf ola bilər.

Baxmayaraq ki, Araik Arutyunyan keçmişdə Paşinyanın adamı olub, amma indi Rusiyanın hərbi kontingenti oradadır. Araik ruslardan da asılı vəziyyətdədir. Ola bilsin ki, rusların dediklərini edir. Amma mənə elə gəlir, ruslar da anlayıb ki, onların Vardanyanla bağlı planları alınmadı.

- Əgər plan alınmayıbsa, bəs Vardanyanı orada saxlamağa nə lüzum var? Belə olan halda Moskva hansı qərarı verə bilər?

- Əlbəttə, orada saxlamağın hansısa bir faydası olmayacaq – nə separatçılara, nə də Rusiyanın hərbi kontingentinə. Amma geri çağırmaq məsələsi də Kreml baxımından bir qədər çətin ola bilər. Kreml düşünə bilər ki, geri çağırsalar, Azərbaycan ordusu bir az da irəliləyəcək. Çünki hələ də Moskvada bəzi mərkəzlər istəmirlər ki, bütün Qarabağda Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Amma bu, onların biləcəyi işdir. Bizim konkret hədəflərimiz var və bu istiqamətdə irəliləməliyik, təzyiqi artırmalıyıq. Üstəgəl, kommunikasiya xətləri də bizim nəzarətimizdədir. Bunlar vaxtilə Ermənistandan Qarabağa qanunsuz çəkilmiş qaz, elektrik və internet xətləridir. Düzdür, humanitar səbəblərdən qaz xəttini kəsmirik, amma bu, qanunsuzdur. Azərbaycanın bütün ərazilərinə qaz mərkəzləşdirilmiş şəkildə verilməlidir.

Biz öz fəaliyyətimizi artırsaq, erməni separatçılarına mesajımız o olacaq ki, bütün bunlar da qanunsuzdur, bir gün bu xətlər də kəsilə bilər. Yəni siz bizim qanunlarımızla yaşamalısınız. Vardanyan da guya bizimlə danışmaq istəyirdi, amma hər yerdə bizi “düşmən” adlandırır. Bəllidir ki, bu adamla heç bir təmas olmayacaq.

Ola bilsin ki, bizim separatçılarla müəyyən kanallar vasitəsilə təmaslarımız vardı. Məsələn, bəzən Balasanyanın adı çəkilirdi. Amma Vardanyan gəldikdən sonra bu kanallar da kəsildi. Vardanyan bu prosesə də zərbə vurdu.

- Sizcə, bu nöqtədən sonra proseslər hansı istiqamətə gedəcək?

- Azərbaycan üçün tarixi fürsət və şans yaranıb. Rusiya 200 il əvvəl bizim üçün bu problemi yaratdı, İrandan erməniləri Qarabağa köçürdü. İki əsrdir, bu problemlə məşğuluq. Bu illər ərzində bizə qarşı qətliamlar, soyqırımılar törədilib, ərazilərimiz işğal edilib və s. Amma nəhayət, bizim üçün tarixi şans yaranıb ki, bu məsələyə nöqtə qoyaq. Geosiyasi şərtlər də bizim üçün uyğundur. Amma Rusiya yenə də bizə mane olmağa çalışır. Rusiya 44 günlük müharibədə bizə mane olmasaydı, indi bu məsələləri müzakirə etməyəcəkdik, Xankəndidə bayrağımız dalğalanacaqdı, qanunlarımız işləyəcəkdi. Amma bu dəfə Rusiya ilə müəyyən işə də gedir. Digər yandan, Rusiya-Türkiyə tərəfdaşlığı var, bu da bizim lehimizədir. Türkiyə də Rusiyanı başa salmağa çalışır ki, Azərbaycana mane olmasın.

Üstəgəl, Ermənistan hakimiyyətinin Kremllə münasibətləri pisləşib. Paşinyan açıq şəkildə bildirir ki, Rusiya hərbi bazaları Ermənistan üçün təhdiddir. Bu, çox ciddi iddiadır. Eyni zamanda, Ermənistan KTMT-ni tərk edə bilər. Bütün bunların fonunda bizim üçün tarixi fürsət yaranıb ki, nəhayət, istəyimizə nail olaq: separatçıları tərksilah edək, orada qanunlarımız işləsin, ən əsası da iki il sonra Rusiya hərbi kontingenti qarşılıqlı anlaşma şəraitində Qarabağdan getsin. Məncə, bu istiqamətdə bizim uğurlarımız olacaq, yetər ki, Rusiya hansısa təxribatçı planını həyata keçirməyə cəhd göstərməsin.


Müəllif: Mənsur Rəğbətoğlu