19 Yanvar 2023 20:27
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Üzeyir bəy, Şuşa-Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların aksiyası fonunda Xankəndidə hələ də qalmaqda olan separatçı rejim böyük təşviş yaşayır. Qanunsuz olaraq Azərbaycan ərazisinə gəlmiş Ruben Vardanyanla yerli ermənilər və onların rəhbərləri arasında qarşıdurma var. Azərbaycana inteqrasiya məsələsinə mümkün qədər menə olmağa çalışan separatçıların Xankəndidə bu prosesi nə vaxta qədər eyni vəziyyətdə saxlamaq imkanları var?

- Bu gün separatçıların Xankəndidən giriş-çıxış imkanları məhdudlaşıb. Buradan ancaq humanitar və dinc məqsədlər üçün istifadə etmək olur. Amma Xankəndidən çıxış üçün də yollar var. Bu yollar isə təbiətin sakit vaxtında əlverişli olur. Payız-qış fəslində bu yollardan istifadə etmək olduqca çətindir. Buradan ancaq yüksək dağ şəraiti üçün istifadəyə yararlı maşınlarla keçmək mümkündür. Ona görə də, separatçıların bu yollardan istifadəsi çətinləşib. Şuşa-Xankəndi yolundan isə Xankəndidə olan insanlar rahat istifadə edir. Azərbaycanlı fəlların aksiyasına baxmayaraq yol açıqdır. Sadəcə olaraq separatçılar öz çirkin məqsədləri üçün bu yoldan istifadə edə bilmir. Amma ay yarımdır ki, bu yoldan rus sülhməramlıları rahat şəkildə gedib-gəlir. Burada da maraqlı məqamlar çoxdur. Çünki o sayda sülhməramlı kontingentin təminatı üçün bir yük avtomobili ilə zəruri ərzaq və geyim vasitələrinin daşınması kifayət edir. Sadəcə olaraq bu neçə gündə həmin yoldan 200-dən artıq təminat avtomobilinin keçidi qeydə alınıb. Azərbaycanın dövlət rəsmiləri də dəfələrlə qeyd edib ki, Laçın yolu indiyə kimi qeyri-qanuni daşımalar üçün istifadə olunub. Bizim üçün də heç bir şübhə yoxdur ki, həmin təminat maşınlarında yenə də silah-sursat və başqa yüklər daşınır. Eyni zamanda Xankəndidə hələ də öz mövcudluqlarını saxlayan separatçı rejimin rəhbərliyi arasında gərginlik var və bundan sonra da olacaq. İndi baş separatçı Araik Arutyunyan da bilir ki, onu yaxınlarda "qurban" vermək itəyirlər. Vitali Balasanyanla bağlı atılan addımların digərlərinə də şamil olunacağı gün uzaqda deyil. Ümumilikdə isə bütün bu separatçıların hamısı hərbi cinayətkardır və beynəlxalq hüquq qarşısında cavab verməlidir.

- Həmin yoldan keçidin və nəzarətin artırılması üçün daha hansı effektiv addımlar atıla bilər?

- Azərbaycan tərəfi tez və qısa zamanda həmin yolda Dövlət Sərhəd Xidmətinin və Gömrük Komitəsinin postlarının qoyulmasını təmin etməlidir. Bunu əslində heç kəs bizə qadağan edə bilməz. Çünki ərazi Azərbaycana məxsusdur. Ona görə də, tez bir zamanda bu qərar verilməlidir. Separatçılar bu yoldan Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaratmaq üçün istifadə edir. Ruben Vardanyanın pulu çoxdur. Rus sülhməramlılarının komandanı Andrey Volkov da pula həris bir adamdır. O, hazırda separatçılar üçün yanacaq və ərzaq satışı ilə məşğuldur. İndiki halda Xankəndidə ərzaq talonu və digər xüsusi rejimə keçidlə bağlı oyunlar oynanılır. Əslində bunlar növbəti bir hiylədir. Məqsədləri beynəlxalq ictimaiyyətin diqqətini daha çox çəkməkdir.

- Azərbaycan tərəfi açıqlayıb ki, bu il sülh üçün son tarixdir. Amma bununla yanaşı təhdidlərə qarşı daha sərt reaksiyaların olacağı açıqlanıb. Necə düşünürsünüz ötən ildəki kimi bu il də Azərbaycan Ordusunun antiterror əməliyyatları aparmasına ehtiyac yaranacaqmı?

- Bununla bağlı Azərbaycanın Ali Baş Komandanı tərəfindən də bəyanat verilib. Çünki Ermənistan 2022-ci ildə imzalanan üçtərəfli sənədə zidd addımlar atıb. Ona görə də, ölkə başçısı diplomatik səviyyədə qarşı tərəfə eşitdirdi ki, əgər, 2023-cü ildə də, razılaşmalara əməl olunmayacaqsa və sülh müqaviləsi imzalanmayacaqsa bunun nəticələri ağır olacaq. Ona görə də, qarşı tərəfə bir daha bildirildi ki, son qərar verilməlidir. Bu qərar verilməyəcəksə, Azərbaycanın sayı, imkanları və gücü daha da artan Komando Qüvvələri bir həftə ərzində oradakı separatçıların qalıqlarını tamamilə təmizləməli olacaq. Bununla bağlı verilən mesajı qarşı tərəf tam ciddiyyəti ilə nəzərə almalıdır.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Ermənistan arasında ciddi narazılıq var. Paşinyan təşkilatın Ermənistan ərazisində hərbi təlimlərin keçirilməsinə razılıq verməyib. Belə olan halda Ermənistanın təşkilatdan çıxması ehtimalaını necə dəyərləndirmək olar?

- Bu gün hər kəs bilir KTMT əslində formal bir təşkilatdır. İndiyə kimi bu təşkilatın əməli fəaliyyəti gözə dəyməyib. Burada təmsil olunan 6 dövlət arasında belə normal münasibətlər yoxdur. Tacikistanla Qırğızıstan arasındakı vəziyyəti indi hamı bilir. Paşinyan da KTMT-dən bütün ümidlərini faktiki olaraq üzüb. 44 günlük müharibədə və 2022-ci ilin sentyabr döyüşlərində KTMT Ermənistana yardım edə bilmədi. O vaxt KTMT-nin baş katibi Stanislav Zass da Ermənistan gəldi və burada bir az söhbət aparıb çıxıb getdi. Əslində bu il elə KTMT üçün də son tarix olacaq. Vaxtilə Varşava Müqaviləsi Təşkilatı var idi. KTMT-nin də onun taleyini yaşamalı olacağı qaçılmazdır. KTMT-da daha çox üstünlük türk dövlətlərindədir. Onların də gələcəkdə öz yollarını başqa istiqamətdə davam etdirəcəyi gözlənilir.


Müəllif: Tapdıq Qurbanlı