21 Yanvar 2023 19:42
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev bütün təsirli platformalardan ölkəmizin milli maraqlarının müdafiəsi, ümumiyyətlə dövlətimizin gələcək hədəflərinə çatdırılması üçün hər zaman uğurla istifadə edir. Bu mənada Davos Dünya İqtisadi Forumunu da xüsusi qeyd etmək lazımdır. Davos Forumu hər il dünya dövlətlərinin liderlərinin, böyük şirkətlərinin rəhbərləri və təmsilçilərinin toplaşdığı, müzakirələr apardığı geniş platformadır. Son illər diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Davos Dünya İqtisadi Forumu praktiki olaraq özünün iqtisadi mahiyyətindən uzaqlaşıb. Artıq dünyanı düşündürən siyasi proseslər də Davos İqtisadi Forumu çərçivəsində müzakirə olunur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev Davos Platformasından milli maraqlarımıza uyğun istifadə edib: “Dünya ictimaiyyətində Azərbaycan haqqında təsəvvürlərin formalaşması, ölkəmizin gələcək addımları ilə bağlı məlumatların çatdırılması olduqca faydalı idi. Keçmiş münaqişə haqqında ölkəmizin haqlı mövqeləri çox ciddi arqumentlərə söykənərək dövlət başçısı tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Dövlətimizin haqlı olduğu səmərəli şəkildə əsaslandırılırdı. Bu da təbii ki, dünya ictimaiyyətində təsəvvürlər formalaşdırdı”.

Deputatın sözlərinə görə, məhz ölkəmizin hərbi qələbəsinin siyasi elementləri artıq bir neçə il idi ki, Prezident tərəfindən formalaşdırılmışdı: “Bu platformalardan bir də elə Davos Forumu idi. Bu baxımdan ölkə başçısı Cənubi Qafqaz regionundakı vəziyyət, hazırda müzakirə predmeti olan, bir çox hallarda isə təhrif edilən reallıqlar haqqında keçirdiyi görüşlər zamanı aydın təsəvvürlər formalaşdırmağa nail oldu. Bu mənada Laçın yolu ətrafında aparılan müzakirələri xüsusi qeyd etmək lazımdır”.

Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycanın iqtisadi əməkdaşlıqda prioritetlərinin nədən ibarət olması barədə dövlət başçısı tərəfindən keçirdiyi görüşlərdə ölkəmizin mövqeyi təqdim edildi: “Azərbaycan Prezidenti bir daha xatırlatdı ki, ölkəmiz çox etibarlı bir tərəfdaşdır. Davos Forumunda dövlətimizin başçısı həmçinin bir sıra dövlətlərin rəhbərləri ilə görüşlər keçirdi. Eyni zamanda böyük şirkətlərin rəhbərləri və təmsilçiləri ilə müzakirələr aparıldı. Bütün bunlar isə Azərbaycanın siyasi mövqelərinin möhkəmlənməsi ilə yanaşı həmçinin gələcək iqtisadi əməkdaşlığın güclənməsində təsirli rol oynayacaq”.

Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos forumunda iştirak edir, paneldə birgə müzakirələrə qatılırlar: "Ermənistanın baş naziri Nikol Paşinyan da foruma qatılsaydı, Cənubi Qafqaz ölkəsinin 3 lideri arasında görüş keçirilə bilərdi. Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyir. İlham Əliyev Qaribaşvilinin bu təklifinə müsbət yanaşır və liderlərin Tiflisdə görüşməsinə tərəfdardır. Qaribaşvili bu təklifi Paşinyana da bildirib".

Nikol Paşinyan Gürcüstanda görüş təklifinə niyə müsbət cavab vermir?

Politoloqun fikrincə, Paşinyan bölgəyə dəxli olmayan Fransanın vasitəçi olmasını istəyir, bölgə ölkəsi, o cümlədən Azərbaycan və Ermənistanla tərəfdaşlıq münasibəti olan Gürcüstanın vasitəçiliyini isə qəbul etmir: "Bunun iki səbəbi var. Birincisi, Gürcüstan da Azərbaycan kimi münaqişələrin həllinə ərazi bütövlüyü prinsipindən yanaşır, çünki özünün oxşar problemi mövcuddur. İkincisi, Gürcüstanla Azərbaycanı gəlir gətirən müxtəlif regional layihələr birləşdirir, Ermənistanla isə ortaq layihəsi yoxdur. Belə olan halda Paşinyan düşünür ki, o Gürcüstanın vasitəçiliyinə razılaşsa, Tiflis istər-istəməz Azərbaycanın mövqeyini dəstəkləyəcək. Ancaq Paşinyan sülhdən danışırsa, bunun yollarından biri ümumi Cənubi Qafqaz evinin yaradılmasından keçir, yox əgər erməni separatçılığına dəstək davam edəcəksə, nə ümumi ev olacaq, nə də Ermənistanı rahat həyat gözləyəcək".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı