27 Yanvar 2023 09:36
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Teleqraf.com-un suallarını cavablandıb.

Onunla müsahibəni təqdim edirik:

- Ceyhun müəllim, son günlər qərb ölkələrində Qurani-Kərimin yandırılması hallarının şahidi oluruq. Bu, Qərbdəki siyasətçilər, ictimai-siyasi xadimlər üçün hansı “üstünlüklər” qazandırır? İslamafobiyanın kökündə hansı amillər dayanır?

- Bu günə qədər heç bir müsəlman ölkəsində qeyri-dinlərə, onların müqəddəs dəyərlərinə qarşı belə bir hal baş verməyib. Bu ola bilməz və olmayacaq. Çünki müsəlmanlar heç vaxt belə bir addım atmayacaqlar. Onlar öz dəyərlərinə hörmət etdikləri üçün qeyri-islami dinlərin müqəddəs nümunələrinə eyni yanaşmadan çıxış edirlər. Qərbdə isə son zamanlar müsəlmanlara qarşı bu cür halların artması islamafobiya ilə bağlıdır. Eyni zamanda burada ciddi məqam Qərbdən bu məsələlərə reaksiyanın olmamasıdır. Çünki Qərb bu məsələləri sükutla qarşılayır. Bundan ilhamlanan ayrı-ayrı Qərb təşkilatları, siyasi partiyalar bu cür fəaliyyətlər sərgiləyirlər. Ona görə də burada Qərb dövlətlərinin üzərinə böyük bir məsuliyyət düşür. Bu məsələlərə Qərbin özündən reaksiya olmadıqca belə hallar da artacaq. Bununla da sanki belə bir fikir yaranır ki. Qərbdəki müəyyən partiyalar, siyasət adamları bu məsələdə maraqlı olduqları faktı ortaya çıxır.

- Dövlətləri, siyasi liderləri dinə bağlamaq, bundan təzyiq və yaxud alət kimi istifadə etmək nə dərəcədə doğru yanaşmadır?

- Hazırda Qərbdə islamafobiya artır. Çünki onlar Qərbdə İslamın daha geniş yayılmasından çox narahatdırlar. Müşahidələr zaman-zaman o ölkələrdə İslamın sürətlə yayıldığını göstərir. Bəzən kilsələrə heç kəs getməsə də məscidlərə insanların axını baş verir. Bu amillər isə İslama meylin sürətlə artmasının açıq göstəricisidir. Məhz bu konteksdə Qərbdəki dairələr İslamın daha geniş yayılmasından olduqca böyük narahatlıq keçirir. Bu da prosesə öz əksini göstərir.

- İslama qarşı bu cür radikal, barbar yanaşma hansı adekvat addımlarla müşahidə oluna bilər?

- Müsəlmanlar hansısa bir dinin kitabına, onun müqəddəs bildiyi dəyərlərə, ibadət ocağına hörmətsiz yanaşmanı qəbul etmir. İslamın bu məsələlərə yanaşması birmənalıdır. Amma bütün hallarda heç bir müsəlman gedib kilsəni, xristianların və digər dinlərin müqəddəs kitablarını təhqir etmir. Çox təəssüf ki, İslama qarşı bu cür yanaşmaların Qərbdə getdikcə çoxalması radikal meyillərin daha da güclənməsinə yol aça bilər. Sözsüz ki. İslam dini adı altında bir çox radikal qruplar, təşkilatlar mövcuddur. Məhz bu cür yanaşmalar radikal qruplaşmalara hansısa bir ölkələrdə terror və digər aktların həyata keçirilməsinə əsas yaradar. Çünki İşveçdə, Niderlandda polisin, dövlət təmsilçilərinin gözü qarşısında bu cür proseslər həyata keçirilir, amma buna qarşı heç bir addım atılmır. Ona görə də radikal meyillərin güclənməsi kimi hallar yaşana bilər. Bu cür halların baş verməməsi üçün bütün dövlətləriun daha diqqətli olmasına hetiyac var. Çünki tarixdə faciəvi hadisələrin əksəriyyəti məhz dini zəmində baş verib.

- "Yandırılan Quranın nüsxəsidir, əsli deyil ki..." - kimi uyğunsuz fikirlər irəli sürürlər. Eyni zamanda bunu insan azadlıqları ilə izah etməyə çalışırlar. Sizcə bu yanaşmaları nə dərəcədə məntiqli hesab etmək olar?

- İndiki halda belə Qərb təşkilatları bunu insan hüquq və azadlıqları ilə bağlamağa çalışır. Əslində Quranın yandırılmasının insan hüquq və azadlıqları ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu əsaslandırma da qəbuledilməzdir. Çünki hansısa bir xristian istəməz ki, onun müqəddəs kitabı yandırılsın. Müsəlmanlar da istəmir ki, onların müqəddəs dəyərlərinə toxunulsun. Ona görə də Qərbdə mövcud olan təşkilatlar və dairələr bunu nəzərə almalıdır. Onlar bu cür hallardan mümkün qədər çəkinməlidirlər ki, prosesin davamında hansısa ixtilaflar baş verməsin.

- Quranın yandıranların ateist olduğu, onların heç bir dinə inanmadığı ilə bağlı da fikirlər var. Eyni zamanda müqəddəs kitaba qarşı bu hərəkətin olması digər dinlərin dəyərlərinə qarşı da analoji yanaşma kimi qəbul edilə bilərmi?

- Burada daha çox siyasi məsələlər özünü qabarıq şəkildə göstərir. Son dövrlər Qərbdə bəzi siyasi radikal partiyalar belə addımlarları çox atırlar. Əslində onlar bu addımları ilə gündəmdə qalmaq, islamafob meyillərin, İslama qarşı olan insanların diqqəti çəkmək istəyilər. Çünki hazırda Qərbdə islamafobiya geniş vüsət alıb. Bəzi siyasi partiyalar da bu cür “gedişlərlə” ətraflarındakı adamların sayını çoxaltmağa çalışırlar. Fakt isə odur ki, Qurani-Kərimdə digər dinlər və onların peyğəmbərləri ilə bağlı vacib fikirlər yer alıb. Ona görə də belə addımlar onların özünün yanaşmalarına, dinlərinə xələl gətirən məsələlərdir.


Müəllif: Tapdıq Qurbanlı