23 Yanvar 2023 22:34
308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Davos Dünya İqtisadi Forumunda Azərbaycanın iştirakı ölkəmizin üçün vacib platformalardan biri hesab edilir. Forum çərçivəsində dövlət başçısı bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək əlaqələrinin genişlənməsi və möhkəmlənməsi üzrə qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb. Bu mənada Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasda çıxışı olduqca mühüm önəm kəsb edir. Dövlətimizin başçısı çıxışında Orta Dəhlizin üstünlüklərindən bu nəhəng layihədə iştirak edən ölkələr arasındakı münasibətlərdən bəhs edib. Vurğulanıb ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir kimi qəbul edilir. Azərbaycanın strateji coğrafi mövqedə yerləşməsi, Qərbdə Gürcüstan və Türkiyə, Şərqdə isə Mərkəzi Asiya ilə yaxşı münasibətlərinin olması Qərblə Şərq arasındakı əlaqələrin formalaşmasında vacib amil kimi qəbul edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə, mövcud əlaqələrin yaranması müstəvisində zəruri infrastruktur obyektlərinə sahibdir: “Artıq ölkəmizdə yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanının bu həcmi 25 milyon tona qədər artırılması üçün zəruri addımlar artılır. Çünki son dövrlər Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur ki, bu da nəticədə məhz dəniz limanlarının daha çox yük aşırma qabiliyyətə malik olmasını zəruri edir. Atılan bu addımlar nəqliyyat sahəsindəki ixracı şaxələndirməyə imkan verir. Məhz Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanlarının yaranmasına töhfə verəcək. Qısa müddətdən sonra Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı bu istiqamətdə daha əlverişli şəraitin yaranmasına səbəb olacaq. Eyni zamanda Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına malik olması da prosesə öz müsbət təsiri göstərəcək. Bununla yanaşı dəmir yol şəbəkəsi istiqamətində inkişafın təmin olunmasına ehtiyac var. Çünki Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında əlverişli dəmir yolu şəbəkəsi mövcud deyil”.

Deputat Azərbaycanın Avropanın enerji təchizatından xüsusi önəmidən bəhs edib: “Yaxın dövrdə Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır. Bununla yanaşı Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan tərəfindən də vacib işlər görülür. TANAP, TAP kimi qlobal miqyaslı layihələr bu istiqamətdə təsirli rola malikdir. Bütün bunlarla yanaşı Azərbaycanın yaşıl enerji ilə bağlı da çox böyük potensialı mövcuddur. Xəzər dənizinin külək potensialı, Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə alternativ enerji mənbələrinin formalaşmarılması üçün təbii şərait var. Azərbaycan həmçinin elektrik enerjisinin də ixraçatçısı olduğunu təsdiqləyib. Ötən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə imzalanan müqavilə məhz bu qəbildəndir. Eyni zamanda Birləşmiş Ərəb Əmirliklərininin “Masdar” Şirkəti ilə imzalanmış razılaşma ilə külək və günəş enerjisi hasilatının artırılması nəzərdə tutulub”.

Millət vəkili Davosda ölkə başçısı tərəfindən Azərbaycanın yalnız iqtisadi strategiyasının deyil siyasi maraqlarının da gündəmdə saxlanıldığını söyləyib: “II Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistana beynəlxalq prinsiplərə əsaslanan sülh paketi təklif edib. Amma Ermənistan sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı Azərbaycanın təklifinə adekvat addım atmayıb. Eyni zamanda Ermənistanın Cənubi Qafqazda formalaşacaq yeni konfiqurasiyanı pozmaq istəyi və üçtərəfli və digər konsepsiyalarda təklif edilən əməkdaşlıqla bağlı təkliflərdən boyun qaçırması müşahidə edilir”.

Eldar Quliyev Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində səsləndirdiyi məsələlərin də olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Sözsüz ki, Azərbaycanla Çin arasında çox yüksək münasibətlər mövcuddur. İki ölkə arasında münasibətlər əlaqələrin daha da inkişafına təkan verir. Heç təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb. Eyni zamanda ölkələr arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq etibarlı tərəfdaşlıq müstəvisində inkişaf edir. Təbii ki, iki dövlət arasında iqtisadi əməkdaşlıq əlaqələri artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərinə öz dəstəyini ifadə edib. Qarşıdakı dövrdə də Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində Çinlə əməkdaşlığın yeni bir mərhələdə inkişafına nail olacaq”.


Müəllif: Tapdıq Qurbanlı