27 Yanvar 2023 13:50
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin İrandakı səfirliyinə qarşı terror hücumu barədə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyənatda deyilir:

"Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilən xain terror hücumunu şiddətlə qınayırıq. Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.

İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik. İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.

Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək. Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".


Müəllif: Teleqraf.com