27 Yanvar 2023 15:50
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu qəbuledilməzdir. Hadisənin səbəbləri obyektiv şəkildə araşdırılmalı və bu cinayəti törədən, onun sifarişçiləri layiqli cəzalarını almalıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Prezident İlham Əliyevin də artıq hadisəyə münasibət bildirdiyini xatırladan Sevinc Fətəliyeva bildirib ki, dövlət başçısının dediyi kimi, bu hadisə terror aktıdır: “Diplomatik nümayəndəliklərə qarşı terror hücumu isə qəbulolunmazdır. Beynəlxalq hüquqa və konvensiyalara əsasən diplomatik korpuslar toxunulmazdır. Hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. Amma görünən odur ki, rəsmi Tehran Azərbaycan səfirliyinin mühafizəsinin təşkil olunmasına laqeyd yanaşıb. Buna görə də, baş verən terror aktına İran dövləti məsuliyyət daşıyır”.

Millət vəkili qeyd edib ki, son zamanlar İranın ölkəmizə qarşı mövqeyi ortadadır: “Çünki öz ərazilərini erməni işğalından azad edən Azərbaycanın həm regionda, həm də dünyada mövqelərini güclənib. Eyni zamanda, dövlətimiz regionda sülh və əməkdaşlıq müstəvisində önəmli təşəbbüslərlə çıxış edir. Bütün bunlar rəsmi Tehranı narahat edir. İran hakimiyyətinin bir müddətdir ki, ölkəmizə qarşı qərəzli, təhdid dolu münasibəti də buradan qaynaqlanır. Bütün bunların fonunda Tehrandakı səfirliyimizə terror hücumu ciddi suallar doğurur”.

Sevinc Fətəliyevanın fikrincə, Tehran polisinin cinayətin məişət zəminində baş verməsinə dair açıqlaması tamamilə əsassızdır: “Bu açıqlama cinayətin dəqiq səbəblərini gizlətməyə xidmət edir. Artıq terror hücumunun videogörüntüləri də yayılıb. Hadisə obyektiv araşdırılmalı və bütün cinayətkarlar layiqli cəzalarını almalıdır. Terror hücumu zamanı həlak olmuş şəhidimizin ailəsinə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirəm”.


Müəllif: Tapdıq Qurbanlı