30 Yanvar 2023 17:40
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, birmənalı şəkildə İran molla rejimi tərəfindən hazırlanmış bir akt idi. Çünki bir neçə gün öncə Xamaneyi tərəfindən Azərbaycana hədə dolu “mesaj” verilmişdi. Daha sonra İranın Xarici İşlər naziri Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlama vermişdi. Bütün bunlar onu deməyə əsas verir ki, İranın məqsədi 44 günlük müharibədən sonra Azərbaycana mümkün qədər təzyiq göstərməkdir.

Bunu Teleqraf.com-a ölkəmizin İrandakı səfirliyinə qanlı terror hücumunun mahiyyətini şərh edən politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, bu gün Azərbaycan dövlətinin və mediasının İranla bağlı mövqeyi hər kəsə bəllidir:

“Eyni zamanda Azərbaycan-Türkiyə münasibətləri İran tərəfindən qısqanclıqla qarşılanıb. Farsların da məkirli siyasət yürütdüyünü nəzərə alaraq bu cür qanlı olayların olacağı mümkün idi. Əslində onların haylardan heç bir fərqi yoxdur. İrandakı Azərbaycan səfirliyinə hücumla bağlı gün də təsadüfən seçilməyib. İlk dəfə türk diplomatlarına ermənilərin etmiş olduğu hücumlarla eyni gündə bu qanlı terror həyata keçirilib”.

Politoloq bildirib, səfirliyimizə hücum peşəkarlıqla hazırlanmış qanlı ssenaridir:

“Zaman-zaman İranda bu cür aktlar icra edilib. Həmişə də İran tərəfi həqiqəti yalanla bürüyüb təqdim etməyə çalışıb. Bununla İran 1961-ci ilin Vyana Konvensiyasını açıq şəkildə pozmuş olub. Azərbaycanın bu ölkədə olan diplomatik toxunulmazlığına təhdid var. Səfirlik Azərbaycan ərazisidir. Bu əslində bir mesaj idi ki, biz istənilən vaxt sərhəddi poza bilərik”.

Cümşüd Nuriyev deyib ki, həmin terrorçu mütləq Azərbaycana təhvil verilməlidir:

“Eyni zamanda burada beynəlxalq hüquq və normalar pozulub. Bununla bağlı BMT yanında beynəlxalq məhkəməyə müraciət olunmalıdır. Parlament və digər icra strukturları da bu məsələdə fəallıq göstərməlidir. Siyasi partiyalar da bu məsələ ilə bağlı ümumi bəyanat verməlidir. Çünki bu gün İran Azərbaycana açıq “hücum” edib. Ölkə mətbuatı da bu dəqiqə öz mövqeyi ilə İranın bütün bütlərini sındırıb. Hətta İranda deyirlər ki, Azərbaycan mediasına cavab verə bilmirsiniz”.


Müəllif: Tapdıq Qurbanlı